Hadisə Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in nübüvvəti dövründə baş vermişdir; kor bir kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gələrək şəfa almış və gözləri açılmışdı. Bu rəvayət “Səhihi Tirmizi”, “Sünəni İbni Macə”, “Müsnədi Əhməd” və digər kitablarda nəql olumnuşdur.[1]
Beləliklə, bu hədisin sənəd baxımından mühüm mənbələri vardır. Hadisə belə olmuşdu:
Kor bir kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib dedi: – Ya Rəsuləllah! Allahdan istə, mənə şəfa versin, gözlərim açılsın.
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: – İstəyirsənsə, dua edim, istəyirsənsə də səbr et. Bu, (səbir) sənin üçün daha yaxşıdır (bəlkə də sənin məsləhətin bu halda qalmağındadır).”
Lakin qoca kişi öz istəyini israrla təkrarladı.
Peyğəmbər (səlləllahu əleyhi və alih) göstəriş verdi ki, kamil bir dəstəmaz alıb dəstəmazını gözəlləşdirsin, iki rəkət namaz qılsın və namazdan sonra bu duanı oxusun:
اَللّهُمَّ اِنِّى اَسْاَلُکَ وَ اَتَوَجَّهُ اِلَیْکَ بِنَبِیِّکَ مُحَمَّدٍ نَبِیِّ الرَّحْمَةِ یَا مُحَمَّدُ اِنِّی اَتَوَجَّهُ بِکَ اِلىٰ رَبِّى فِى حَاجَتِى لِتَقْضِىَ. اَللّهُمَّ شَفِّعْهُ فِىَّ
“Pərvərdigara, mən Səni çağırır və peyğəmbərin Mühəmməd (səlləllahu əleyhi və alih)-in – rəhmət peyğəmbərinin vasitəsilə Sənə doğru üz gətirirəm. Ey Mühəmməd, mən öz hacətimdə Allah dərgahına diqqət yetirirəm ki, hacətim yerinə yetsin. Pərvərdigara, onu mənim şəfaətçim qərar ver!”
O kişi dəstəmaz aldı, namaz qıldı və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ona öyrətdiyi duanı oxudu. Hədisin ravisi – Osman ibni Ümeyr deyir: “Biz həmin vaxt orada oturmuşduq və söhbət edirdik. Bir müddətdən sonra kor kişinin məclisə daxil olduğunu gördük, amma onda korluqdan əsər-əlamət yox idi: gözləri tam açılmışdı.
Böyük sünnü alimlərindən çoxu demişlər ki, bu hədis səhihdir. Tirmizi onu hədisi səhih bilmiş, İbni Macə də demişdir ki, səhihdir. Rəfaə demişdir ki, bu hədisin səhih və məşhur olmasında heç bir şəkk-şübhhə yoxdur.[2]
[1] «Səhihi Tirmizi», səh.119, hədis: 3878, «Sünəni İbni Macə», 1-ci cild, səh.441, hədis: 1385, «Müsnədi Əhməd», 4-cü cild, səh.138
[2] Əlavə mə’lumat üçün «Məcmuər-rəsail vəl-məsail», 1-ci cild, səh.18-ə (Beyrut çapı) müraciət edə bilərsiniz. İbni Teymiyyənin ibarəsi belədir:
ان النسائی و الترمزی رویا حدیثا صحیحا ان النبی علّم رجلا ان یدعو فیسال الله ثم یخاطب النبی فیوسّل به ثم یسال الله قبول شفاعته