Əhli-beyt (əleyhis-salam) ardıcılları Allah evinin ziyarətinə müşərrəf olduğu zaman Əhli-beyt imamlarının vəhdətin qorunub-saxlanması üçün onlara verdiyi göstərişə əsasən, camaat namazında sünnülərlə birlikdə iştirak edirlər. Məscidül-Həramda və Məscidün-Nəbidə qılınan namazın fəzilətinə nail olmaq istədikləri vaxt onların nəzər-diqqətini cəlb edən ilk şey budur: Camaat namazının pişnamazı «Həmd» surəsinin əvvəlindəki “Bismillahir-Rəhmanir-Rəhim”i ya ümumiyyətlə demir, ya da, hətta məğrib və işa namazı kimi cəhr ilə qılınan namazlarda belə astadan, ixfat ilə deyir.
Halbuki, Qur’anın əsas e’tibarı ilə Məkkədə çap olunan nüsxələrinin hamısında «Həmd» surəsi 7 ayədən ibarətdir ki, onların birincisi də “Bismillahir-Rəhmanir-Rəhim”dir. Bu da hamını təəccübləndirir: nə üçün Qur’anın ən mühüm ayəsi olan “Bismillahir-Rəhmanir-Rəhim” belə bir taleyə düçar olmuşdur?!
Lakin sünnülər “Bismillahir-Rəhmanir-Rəhim” barəsində bizdən soruşduqda və biz də rəvayət ixtilaflarını onlar üçün nəql etmək istədikdə, onların təəccübü daha da artır. Burada əvvəlcə bu məsələ ilə əlaqədar mövcud fətvaları, sonra isə onun barəsində nəql olunan rəvayətləri araşdırırıq. Sünnü fəqihləri ümumi şəkildə üç qrupa bölünür:
1-Onlardan bir qismi deyir ki, «Həmd» surəsinin əvvəlində olan “Bismillahir-Rəhmanir-Rəhim”i oxumaq lazımdır; cəhriyyə namazlarında cəhrlə, ixfaiyyə namazlarında isə ahəstə (ixfatla) oxunmalıdır. Bu, imam Şafei və onun tabeçilərinin nəzəridir.
2-Bə’ziləri deyirlər ki, o, oxunmalıdır, lakin mütləq şəkildə astadan (ixfat ilə) oxunmalıdır. Bu da hənbəlilərin (Əhməd ibni Hənbəl və onun ardıcıllarının) nəzəridir.
3-Digər bir qrup isə “Bismillahir-Rəhmanir-Rəhim”i oxumağı mütləq şəkildə qadağan edirlər, bu da imam Malikin ardıcıllarıdır. Əbu Hənifənin ardıcıllarının da nəzəri Malikin nəzərinə oxşar və ona yaxındır.
Sünnülərin məşhur fəqihi İbni Qudamənin «Muğni»dəki ibarələri belədir:
اِنَّ قِرائَةَ بسم الله الرحمن الرحیم مشروعة فی اول الفاتحة و اول کل سورة فی قول اکثر اهل العلم و قال مالک والاوضاعی لا یقرؤها فی اول الفاتحة... و لا تختلف الروایة عن احمد ان الجهر بها غیر مسنون...
«Həmd surəsinin və digər surələrin əvvəlində olan “Bismillahir-Rəhmanir-Rəhim”i (namazda) qiraət etmək elm əhlinin əksəriyyətinin nəzərində şər’i bir qanundur, lakin Malik və Ovzai (sünnü fəqihlərindən biridir) demişlər ki, «Həmd» surəsinin əvvəlində oxunmasın və “Bismillah”ı aşkardan və uca səslə oxumaq barəsində) Əhməd ibni Hənbəldən nəql olunan rəvayətlərin hamısında deyilir ki, “Bismillahı ucadan demək müstəhəb deyildir: Əta, Tavus, Mücahid, Sə’d ibni Cübeyrdən rəvayət olunmuşur ki, “Bismillahir-Rəhmanir-Rəhim” gərək ucadan deyilsin. Şafeinin də məzhəbi belədir.»[1] (Bu ibarədə onların hər üçünün nəzəriyyəsi nəql olunmuşdur.)
«Əl-munir» təfsirində Vəhbə Zuheylidən belə nəql olunur:
قال المالکیة والحنفیة لیست البسملة بآیة من الفاتحة وغیرها الا من سورة النمل... الا ان الحنفیة قالوا یقرء المنفرد بسم الله الرحمن الرحیم مع الفاتحة فی کل رکعة سرا... و قال الشافعیة والحنابلة البسملة آیة من الفاتحة یجب قرائتها فی الصلوة الا ان الحنابلة قالوا کالحنفیة یقر بها سرا و لا یجهر بها وقال الشافعیة یسر بها فی الصلوة السریة ویجهر بها فی الصلوة الجهریة
«Malikin və Əbu Hənifənin ardıcılları deyirlər ki, “Bismillahir-Rəhmanir-Rəhim” «Həmd» surəsinin və digər surələrin bir hissəsi deyildir. Yalnız «Nəml» surəsinin daxilində olan bir ayədir... Lakin Əbu Hənifənin ardıcılları deyirlər: namazı furada şəkildə qılan şəxs Bismillahir-Rəhmanir-Rəhimi hər rəkətdə ahəstə (ixfatla) və «Həmd» surəsilə birlikdə oxusun. Lakin Şafeinin və Əhməd ibni Hənbəlin ardıcılları deyirlər ki, “Bismillahir-Rəhmanir-Rəhim” «Fatihə» surəsinin bir ayəsidir və namazda onun oxunması vacibdir. Bu fərqlə ki, hənbəlilər də hənəfilər kimi deyirlər ki, o, astadan oxunmalıdır, onda cəhr etmək caiz deyildir. Şafeilər isə deyirlər ki, ixfaiyyə namazlarında (zöhr, əsr) ixfat ilə, cəhriyyə namazlarda (məğrib, işa və sübh) isə ucadan oxunur.» [2]
Deməli, şafeilərin nəzəri, şiə fəqihlərinin nəzərinə onların hamısından artıq yaxındır. Amma bizim alimlərimiz bütün namazlarda “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan oxumağı müstəhəb hesab edirlər. Həmçinin «Həmd» surəsində “Bismillahir-Rəhmanir-Rəhim” oxumaq bütün alimlərin nəzərinə görə, vacibdir, sair surələrdə isə, məşhur nəzərə görə surənin bir hissəsidir.
***
Doğrusu, təəssüb sahibi olmayan, bitərəf bir mühəqqiq bu kimi hallarda heyrətdə donub qalır. Çünki Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in 23 il ərzində öz namazlarının əksəriyyətini camaatla, hamının hüzurunda qılmış, hamı o həzrətin namazını görmüşdü. Amma bu qədər qısa bir müddətdən sonra bu qədər dəhşətli ixtilaflar yaranmış, bə’ziləri “Bismillahir-Rəhmanir-Rəhim”i oxumağı qadağan etmiş, bə’ziləri onun oxunmasını vacib bilmişlər; bə’ziləri isə deyirlər ki, o, astadan oxunmalıdır, digər bir qrup da deyir ki, təkcə cəhriyyə namazlarında ucadan (cəhrilə) deyilməlidir!
Görəsən, bir qrup tərəfindən tərtib verilən və bu qədər bir-birinə zidd olan hədislərin qondarılıb o həzrətə aid edilməsi bu işin adi bir iş olmadığına, siyasi bir qrup tərəfindən törədilməsinə ehtimal verilmirmi?! (Bu sözü sonra şərh edəcəyik.)
Buxari öz «Səhih» kitabında (və müəyyən sirləri aşkar edə biləcək bir rəvayətdə) İmran ibni Həsindən belə nəql edir: Əli (əleyhis-salam)-la Bəsrədə namaz qıldıq, dedim: «Bu kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə qıldığımız namazı mənim yadıma saldı!»[3]
Bəli, mə’lum olur ki, hər bir şey, hətta namaz da dəyişdirilmişdir!
Şafei özünün ən məşhur kitabı olan «Əl-ümm»də Vəhəb ibn Keysandan belə nəql edir:
کل سنن رسول الله- قد غیرت حتی الصلوة
«Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bütün sünnələrini, hətta namazı belə (təhrif edib), dəyişdirdilər.»[4]
[1] «Əl-muğni», (İbni Qudamə), 1-ci cild, səh. 521
[2] «Təfsiri munir», 1-ci cild, səh. 46
[3] «Səhihi Buxari», 1-ci cild, səh.190
[4] «Əl-ümm», 1-ci cild, səh.69