Qəribədir ki, hətta müvəqqəti nikahı inkar edənlər (yə’ni sünnü qardaşlarımızın əksəriyyəti) belə cavanların və digər məhrum siniflərin tə’siri altında olduqları zaman, tədrici olaraq müvəqqəti nikaha oxşar olan bir nikaha razılıq verir və onu «misyar nikahı» adlandırırlar. Onun adını «müvəqqəti nikah» qoymasalar da, əməldə bu ikisi arasında heç bir fərq yoxdur. O da belədir ki, nikaha ehtiyacı olan bir şəxsin müəyyən bir qadınla daimi əqd bağlamasına icazə verir, halbuki məqsədi qısa müddətdən sonra ona təlaq verməkdir. Əvvəlcədən də şərtləşirlər ki, qadının nə nəfəqə haqqı olsun, nə gecə bir yerdə yatmaq haqqı (daimi əqddə bu, vacib bir haqdır), nə də irs aparmaq haqqı! Yə’ni dəqiq şəkildə müvəqqəti nikah kimidir, yalnız bir fərqlə ki, burada bir-birindən təlaqla ayrılırlar, müvəqqəti nikahda isə müddətin bağışlanması və ya sona çatması ilə. Hər ikisində də əvvəlcədən məhdud və müəyyən müddət ərzində nikah bağlayacaqlarını nəzərdə tutmuş olurlar.
Daha qəribəsi budur ki, son zamanlar nikah məsələsində çətinliyə düşən və ruhi gərginlikdə olan sünnü cavanlarından bə’ziləri internet vasitəsi ilə bizimlə əlaqə yaradıb demişlər ki, «biz müvəqqəti nikah məsələsində şiə alimlərinin fətvasına tabe olmaq istəyirik. Bunun eybi varmı?» Biz dedik: «Heç bir eybi yoxdur!»
Onlar müvəqqəti nikahı inkar edir, lakin misyar nikahına üz gətirirlər; müt’ənin adını gətirmədən özünə əməl edirlər!
Bəli, zərurətlər nə vaxtsa insanı, adını dilə gətirməsə belə, həqiqətləri qəbul etməyə vadar edəcəkdir.
Buradan belə nəticə alırıq ki, müvəqqəti nikahla müxalifətə israr edənlər ya bilərəkdən, ya da bilməyə-bilməyə fahişəlik üçün yol açırlar. Amma əgər ona oxşar olan misyar nikahına təşviq eləsələr, onda ayrı məsələ.
Məhz həmin səbəbə görə Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində qeyd olunur ki, “əgər islamdakı müvəqqəti nikah ilə müxalifət etməsəydilər, heç kəs zinaya aludə olmazdı.”[1] Sünnülərin hədis kitablarında da qeyd olunur ki, Əli (əleyhis-salam) buyurur: “Əgər Ömər müt’əni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi.”[2]
Məhrumların gerçək ehtiyaclarını tə’min etmək kimi zərurətlər üçün nəzərdə tutulmuş olan müvəqqəti nikahdan sui-istifadə edən, onu nəzərlərdə çirkin cilvələndirən, onları şəhvətpərəstlik vasitəsi hesab edənlər də islam cəmiyyətinin zinaya qurşanması üçün yol açmışlar. Onlar bu günaha aludə olanların günahında şərikdirlər, çünki əməldə müvəqqəti nikahdan düzgün istifadə olunmasına mane olurlar.
Hər bir halda, insanın fitrəti ilə tam müvafiq olan, insanların həqiqi ehtiyaclarının hamısını nəzərdə tutan İslam dininin müvəqqəti nikahı öz həyati proqramlarında yerləşdirməməsi mümkün deyildir. Sonradan görəcəyimiz kimi, müvəqqəti nikahın hökmü həm Qur’ani-kərimdə, həm də Peyğəmbər rəvayətlərində gəlmiş, səhabələrin bir qrupu da ona əməl etmişlər. Bə’ziləri bu islam hökmünün nəsx olunmasını (qüvvədən salınmasını) iddia etmişlər ki, onların bu barədəki dəlillərinin qənaətbəxş olmadığını görürük.
[1] İmam Sadiq (əleyhis-salam) buyurur: “Lov la ma nəha ənha Öməru ma zina illa şəqiyyun – Əgər Ömər müt’əni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi.” «Vəsailuş-şiə», 14-cü cild, səh.440, hədis: 24.
[2] «Təfsiri Təbəri», 5-ci cild, səh.119; «Ən-Durrul-Mənsur», təfsiri, 2-ci cild, səh.140; «Təfsiri Qurtəbi», 5-ci cild, səh.130