8-Allah dərgahında böyük sayılan günahlardan biri də başqalarını, heç nə demədiyi, yerinə yetirmədiyi işlərdə müttəhim etməkdir.
Biz hər yerdə demişik və indi də deyirik: şiənin böyük alim və mühəqqiqlərindən heç bir kəs Qur’anın təhrif edilməsinə inanmamış və indi də inanmırlar, lakin bə’zi inadkar və təəssübkeş qruplar yenə də bu töhməti təkrarlayırlar. Onların Qiyamət günündə Allah qarşısında nə cavab hazırladıqları mə’lum deyildir, çünki həm belə töhmətlər vurur, həm də Qur’anı e’tibardan salırlar. Əgər sizin bəhanələriniz zəif rəvayətlərdən bə’ziləridirsə, onda öz kitablarınızda, hədis və təfsir mənbələrinizdə də bu kimi rəvayətlər qeyd olunmuşdur ki, yuxarıda ona işarə etdik.
Heç bir məzhəb zəif rəvayətlər əsasında qurulmur: biz heç vaxt İbni Xətib Misrinin «Əl-Furqan fi təhrifil-Qur’an» kitabına, eləcə də təhrifi göstərən zəif rəvayətlərə istinad edərək sizi Qur’anın təhrif olunmasına e’tiqadda müttəhim və Qur’ani-məcidi təxribatçı təəssüblərə fəda etmirik.
İnsaflı olun və Qur’anın təhrif olunması barəsində bu qədər danışmayın, İslama, müsəlmanlara zülm etməyin, məzhəb təəssübləri xatirinə dünya müsəlmanlarının əsl sərmayəsi olan Qur’ani-məcidin e’tibarını təhrif kəlmələrini təkrar etməklə azaltmayın, düşmənin əlinə bəhanə verməyin! Siz əgər bu yolla şiə və Əhli-beyt məktəbinin ardıcıllarından intiqam almaq istəyirsinizsə, onu bilin ki, özünüzdən asılı olmayaraq, İslamın əsaslarını sarsıtmısınız; çünki müxaliflər deyirlər ki, müsəlmanlardan böyük bir qrupu Qur’anın təhrif olunmasına e’tiqad bəsləyir, bu da Qur’an barəsində böyük bir zülmdür!
Sonda bir daha və aşkar şəkildə deyirik: şiə və sünnü mühəqqiqlərindən heç bir şəxs Qur’anın təhrif olunmasına inanmır, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-ə nazil olan Qur’an hal-hazırda müsəlmanların əlində olan Qur’anlarla tamamilə eynidir. Qur’anın özünün aşkar buyurduğuna əsasən, onlar inanırlar ki, Allah-Taala Qur’anın hər növ dəyişiklikdən, təhrifdən və zavaldan hifz olunmasına zəmanət vermişdir. Lakin hər iki tərəfdən bu elmlərdən mə’lumatı olmayan təəssübkeşlər Qur’anın təhrif olunması ilə əlaqədar biri digərinə yersiz ittihamlar vurur və təəssüflər olsun ki, bir-birinin başına çırpırlar.
Allah-taala onların hamısını hidayət etsin!