Yuxarıda işarə etdiymiz kimi, dəstəmazda ayaqlara məsh çəkməyi inkar edib, onun yuyulmasını vacib bilənlər, eyni halda dəstəmaz alarkən ayaqqabıların üstünə məsh çəkilməyə də icazə verir və bu barədə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan bə’zi hədislərə istinad edirlər!
Halbuki, Əhli-beyt hədisləri ümumi şəkildə onu inkar etmiş, sünnü təriqi ilə nəql olunan bir çox mö’təbər hədis də onun əksini bəyan etmişdir.
İzah: İmamiyyə fəqihləri yekdil fikirlə Əhli-beyt hədislərinə tabe olaraq ayaqqabının üstünə məsh çəkilməsini mütləq şəkildə caiz bilmirlər, lakin sünnü fəqihlərinin çoxu onu mütləq şəkildə – istər səfərdə, istərsə də qeyri-səfərdə – caiz bilmişlər, onlardan bə’ziləri isə ayaqqabıya məsh çəkilməsini yalnız zərurət halına aid etmişlər.
Burada müəyyən suallar irəli gəlir, o cümlədən:
1-Necə ola bilər ki, ayaqların özünə məsh çəkmək caiz olmasın, amma ayaqqabıların üstünə caiz olsun?! Halbuki, ayaqların yuyulmasından söhbət açılan zaman deyirlər ki, ayaqda aludəlik, çirk, toz-torpaq vardır, məsh etmək əvəzinə, onu yusanız daha yaxşı olar.
Aludə, toz-torpaqlı ayaqqabılara məsh çəkmək yumağın əvəzi ola bilərmi?! Onların bə’ziləri inanırlar ki, şəxs ayaqları yumaqla ayaqqabının üstünə məsh çəkməyin hansı birini seçməkdə ixtiyar sahibidir.
2-Nə üçün «başınıza və ayaqlarınıza məsh çəkin» - deyə buyurduğu halda, Qur’anın zahiri mə’nasını tərk edib, ayaqqabıların üstünə məsh çəkməyi seçirsiniz?
3-Nə üçün ayaqqaqbının üstünə məsh çəkilməsini mütləq şəkildə rədd edən, Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən Allahın Kitabı ilə bir səviyyədə qərar verilən və insanların nicat vasitəsi olan Əhli-beytin sözlərini nəzərə almırsınız?!
4-Düzdür ki, Peyğəmbərdən nəql olunan rəvayətlərdə deyilir ki, o həzrət ayaqqabının üstünə məsh çəkirdi; lakin onun müqabilində nəql olunan mö’təbər rəvayətlərdə də deyilir ki, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) ayaqlarına məsh çəkmişdir. Nə üçün rəvayətlər bir-biri ilə ziddiyyət təşkil etdiyi zaman bu Qur’an ayəsinin me’yar qərar vermir və rəvayətlərin ixtilaflarında onu hakim seçərək onu müraciət yeri qərar vermirik?!
Bu məsələ ilə əlaqədar nə qədər tədqiqat aparsaq, bir o qədər də qəribəliklərlə qarşılaşacağıq.
«Əl-fiqhu ələl-məzahibil-ərbəə» kitabında oxuyuruq: ayaqların yuyulmasının daha fəzilətli olmasına baxmayaraq, zərurət və iztirar halında ayaqqabıya məsh çəkmək vacib, zərurət olmadıqda isə caizdir:
Sonra hənbəlilərdən nəql edir ki, ayaqqabının üstünə məsh çəkmək onları çıxardıb ayağı yumaqdan daha fəzilətlidir, bu da Allahın verdiyi rüxsəti əxz və ne’mətinə şükür etməkdir. Əbu Hənifənin tabeçilərindən bə’ziləri də onunla razılaşmışdır.[1]
Sonra iddia edilir ki, ayaqqabıların üstünə məsh çəkmək çoxlu rəvayətlərlə sübuta yetmişdir ki, təqribən təvatür həddindədir.[2]
Hamısından da maraqlısı budur ki, belə ayaqqabıların şərtləri, məshin miqdarı və onun neəs gün davam etməsi barədə (bunun bir neçə gün davam etməsi caizdir) geniş bəhs aparmışlar, ayaqqabılara məsh çəkməyin müstəhəb və məkruh əməlləri, onu batil edən şeylər, üzərindən başqa bir ayaqqabı geyilən ayaqqabının hökmləri, ayaqqabının hazırlandığı material, eləcə də hökmən dəri olmalıdırmı, yoxsa qeyrisi də kafidir, yarıqlı və yarıqsız olan ayaqqabıların hökmü və s. bu kitabın bəhslərinin mühüm hissələrini əhatə edir.[3]
5-Nə üçün ayaqqabılara məsh çəkilməsini deyən rəvayətləri zərurət, səfər, müharibə və ayaqqabıların çıxarılmasının mümkün olmadığı, yaxud çox çətin olduğu hallara yozmursunuz?!
Bunlar cavabı olmayan suallardır və sadə bir məsələdə dəlilsiz mühakimələr bu qədər ixtilafın yaranmasına səbəb olmuşdur.
Mən özüm Cəddə aeroportunda olarkən gördüm ki, sünnü qardaşlardan biri dəstəmaz üçün gəlib məsh əvəzinə ayaqlarını diqqətlə yudu, digəri isə gəlib üzünü və əllərini yudu, əlini ayaqqabısının üstünə çəkib namaza getdi. Mən heyrətdə donub qaldım və öz-özümə fikiləşdim ki, hikmətli Peyğəmbər (səlləllahu əleyhi və alih) kimi bir şəxs elə bir göstəriş vermiş olarmı ki, onun üçün bir izah yolu tapmaq olmasın?!
Bu suallardan sonra gərək bu məsələnin əsl mənbələrini tədqiq edək, rəvayətlərin arasında bu fətvanın əslini tapaq, eləcə də onun üçün əqli həll yolunu araşdıraq.
Rəvayətlər bir neçə qrupdur:
a) Əhli-beyt mənbələrində nəql olunan rəvayətlər ayaqqabının üzərinə məsh çəkməyi ümumi və yekdil şəkildə inkar edir, o cümlədən:
1-Şeyx Tusi, Əbil-Vərdin belə dediyini nəql edir: İmam Əbu Cə’fər Baqir (əleyhis-salam)-a ərz etdim: «Əbu Zəbyan nəql edir ki, Əli (əleyhis-salam)-ın suyu tökdüyünü və öz ayaqqabılarına məsh etdiyini gördüm.» Həzrət buyurdu: «Əbu Zəbyan yalan deyir:
اَمَا بَلَغَکَ قَوْلُ عَلِیٍّ فِیکُمْ: سَبَقَ الْکِتَابُ الْخُفَّیْنِ؟ فَقُلْتُ هَلْ فِیهِمَا رُخْصَةٌ؟ فَقَالَ: لاَ اِلَّا مِنْ عَدُوٍّ تَقِیَّةً اَوْ ثَلْجٍ یُخَافُ عَلَی رِجْلَیْهِ
Əli (əleyhis-salam)-ın Qur’ani-məciddə («Maidə» surəsinin dəstəmazda ayaqlara məsh çəkilməsini göstərən ayəsində) ayaqqabılara deyil, ayaqlara məsh çəkilməsini buyurmasını göstərən xəbər sənə çatmayıbmı?!» Ərz etdim ki, ayaqqabıların üzərinə məsh çəkməyə icazə verilmişdirmi?! Buyurdu: «Xeyr! Amma əgər düşmən qarşısında olsan və təqiyyə etmək istəsən, yaxud qar yeri örtmüş olsa və öz ayaqlarına soyuq dəyəcəyindən qorxsan (bu hallarda eybi yoxdur).»[4]
Bu hədisdən bir neçə məsələ aydın olur:
Əvvəla: Əhli-sünnə rəvayətləri arasında Əli (əleyhis-salam)-ın ayaqqabılara məsh çəkməyi caiz bilməsinin məşhur bir məsələ olmasına baxmayaraq, necə olur ki, Əbu Zəbyan və onun kimilər özünə icazə verir ki, o həzrətin adından yalan desinlər?! Görəsən, bu işdə bir hiylə, məkr işdədilibmi? Bu sualın cavabını sonralar başa düşəcəyik.
İkincisi: Əli (əleyhis-salam) düz yolu göstərir və buyurur ki, Qur’ani-Məcid hər şeydən öncə, bütün şeylərin hökmünü bəyan etmiş və bu işdə heç nə Qur’andan qabağa keçməmişdir. Əgər Qur’anın əksinə olan bir rəvayət də görünsə, mütləq izah edilməli, başqa mə’naya yozulmalıdır. O da dəstəmaz ayəsinin yerləşdiyi «Maidə» surəsindədir və o ayələr heç vaxt nəsx olunmamışdır.
Üçüncüsü: İmam Baqir (əleyhis-salam) da düz yol göstərib buyurur ki, ayaqqabılara məsh çəkilməsi barəsində varid olan rəvayəti zəruri hallara, o cümlədən şiddətli soyuğa – ayaqların soyuqdan donma qorxusu olan hallara yozmaq lazımdır.
2-Mərhum Səduqun «Mən la yəhzuruhul-fəqih» kitabında Əmirəl-mö’minin Əli (əleyhis-salam)-dan nəql etdiyi bir hədisdə deyilir:
نَحْنُ اَهْلُ بَیْتٍ... لاَ نَمْسَحُ عَلَی الْخُفَّیْنِ فَمَنْ کَانَ مِنْ شِیعَتِنَا فَلْیَقْتَدِ بِنَا وَلْیَسْتَنَّ بِسُنَّتِنَا
“Biz elə bir xanədanıq ki, ayaqqabının üzərinə məsh çəkmirik. Hər kəs bizə tabedirsə, bizə iqtida və bizim sünnəmizi qəbul etsin.”[5]
3-İmam Sadiq (əleyhis-salam)-dan nəql edilən hədisdə çox qəribə tə’birlə buyurulur:
مَنْ مَسَحَ عَلَی الْخُفَّیْنِ فَقَدْ خَالَفَ اللهَ وَ رَسُولَهُ وَکِتَابَهُ وَ وُضُوئُهُ لَمْ یَتُمَّ وَ صَلاتُهُ غَیْرُ مُجْزِیَةٍ
«Hər kəs ayaqqabının üstünə məsh çəksə, Allah, Onun Rəsulu (səlləllahu əleyhi və alih) və Qur’ani-Məcidlə müxalifət etmişdir. Belə bir şəxsin dəstəmazı natamam, namazı isə kifayət deyildir (vacib fərizəni əda etməmişdir).»[6]
Ayaqqabının üzərinə məsh çəkməyin caiz olmaması barəsində Əli (əleyhis-salam)-dan nəql olunan rəvayətə diqqət yetirməklə Fəxr Razinin; «Bismillah»ın astadan, yoxsa ucadan oxunması ilə əlaqədar dediyi sözü xatırladırıq. Çünki bə’ziləri «Bismillahir-Rəhmanir-rəhim»i astadan oxumağı vacib bilirdi, Əli (əleyhis-salam) isə ucadan (cəhrlə) oxumağı lazım hesab edirdi. O (Fəxr Razi) belə deyir:
مَنِ اتَّخَذَ عَلِیًّا اِمَامًا لِدِینِهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَةِ الْوُثْقَی فِی دِینِهِ وَنَفْسِهِ
«Hər kəs Əlini özünün din rəhbəri qərar versə, öz dinində və nəfsində möhkəm bir sığınacağa sarılmış olar.»[7]
İndi isə digər rəvayətləri araşdırırıq.
b) Ayaqqabıların üzərinə məsh çəkməyə icazə verən rəvayətlər; və onlar da iki qrupdur:
Birincisi o rəvayətlərdir ki, buna mütləq şəkildə icazə verir, o cümlədən, Sə’d ibni Əbi Vəqqasın Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-dən mərfu şəkildə nəql etdiyi hədisdir ki, ayaqqabıların üzərinə məsh çəkməyə icazə verir:[8]
انه لا باس بالوضوء علی الخفین
Beyhəqinin «Səhihi Buxari»dən, «Səhihi Müslüm»dən, onların da Hüzeyfədən nəql etdikləri digər hədisdə:
مشی رسول الله- الی سباط قوم فبال قائما ثم دعا بماء فجئته بماء فتوضا ومسح علی خفیه
[Üzrxahlıq istəyir, tam xəcalətlə və icbarın hökmü ilə hədisi tərcümə edirik:] Hüzeyfə deyir ki, «Peyğəmbər (səlləllahu əleyhi və alih) bir qövmün zibil tökdükləri yerə getdi və ayaq üstə bövl etdi. Sonra su istədi, mən ona su gətirdim, o dəstəmaz alaraq ayaqqabılarının üstünə məsh çəkdi.»[9]
Biz əminik ki, bu hədis yüz faiz saxtadır, onu bə’zi münaqfiqlər Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in müqəddəs məqamına zərbə vurmaq üçün düzəltmişlər. Bundan sonra da müəlliflərin sadəliyi üzündən «Səhihi Buxari» və «Səhihi Müslüm» kimi kitablara varid edilmişdir.
Görəsən, azacıq şəxsiyyət sahibi olan adi bir şəxs elə bir iş görərmi ki, öz ardınca qələmin yazmaqdan həya etdiyi çoxlu xoşagəlməz hallar gətirsin?!
Çox təəccüblü haldır ki, bu qəbildən olan rəvayətlər «Sihah» kitablarında gəlmişdir, sünnü alimləri hal-hazırda da ona istinad edirlər.
Bu və bu kimi rəvayətlər ayaqqabıların üzərinə məsh çəkilməsini heç bir şeylə şərtləndirmir.
İkinci dəstə: Bu rəvayətlərdən aydın olur ki, ayaqqabıların üzərinə məsh çəkmək caiz olsa da, zərurət və çıxılmaz hallara aiddir. O cümlədən:
Miqdam ibni Şüreyhin Ayişədən nəql etdiyi hədisdə deyilir ki, ondan ayaqqabıların üzərinə məsh çəkmək barədə soruşduqda, dedi: «Əlinin yanına get. O, Peyğəmbərlə birlikdə səfərə gedirdi. Mən onun yanına gəldim və bu sualı soruşduqda, buyurdu:
کنا اذا سافرنا مع رسول الله- یامرنا بالمسح علی خفافنا
«Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə səfərə gedəndə, bizə göstəriş verirdi ki, ayaqqabıların üzərindən məsh çəkək.»[10]
Bu tə’bir göstərir ki, ayaqqabıların üzərinə məsh çəkilməsi zərurət hallarına məxsus olmuşdur. Buna görə də deyilir ki, «Peyğəmbər səfərdə bizə belə buyururdu.» Sünnülərin mənbələrində olan rəvayətlərin məcmusuna diqqət yetirməklə və bitərəf mövqe seçməklə aşağıdakı nəticələri almaq olar:
Əvvəla: Üsul elmində məşhur olan «mütləq (qeydsiz) və «müqəyyəd» (qeydli) rəvayətlər arasında, mütləqlərə qeyd vurma qəbilindən olaraq cəm etmə» qaydasına əsasən ayaqqabılara məsh çəkilməsinə mütləq şəkildə icazə verən rəvayətləri zərurət hallarına, o cümlədən, səfər, müharibə meydanı, yaxud buna oxşar olan digər hallara yozmalıyıq. Maraqlıdır ki, Beyhəqi öz «Sünən» kitabında ayaqqabıların üzərinə məsh çəkilməsinin caiz olduğu zamanın nə qədər olması barədə müfəssəl bir bab açmış və bir neçə rəvayətlə onun səfərdə üç gün, evdə olan zaman isə bir günlə məhdud olmasını bəyan etmişdir.[11]
Görəsən, bu qədər rəvayət bu həqiqətə dair aydın bir dəlil deyildirmi ki, ayaqqabıların üzərinə məsh çəkilməsini göstərən rəvayətlər zərurət hallarına məxsusdur və adi hallarda ayaqqabıları çıxarmadan onun üzərinə məsh çəkilməsinin heç bir mə’nası yoxdur?!
Bə’zilərinin dediyi «bu, ümmətin düçar olacağı məşəqqəti aradan qaldırmaq üçündür» sözləri qəbul olunası deyildir; çünki adi ayaqqabıların çıxarılmasının azacıq belə, zəhməti, məşəqqəti yoxdur.
İkincisi: Əhli-sünnənin mənbələrində Əli (əleyhis-salam)-dan nəql olunmuş çoxlu rəvayətlərə diqqət yetirməklə, o həzrətdən nəql etdikləri «bu məsh «Maidə» surəsinin altıncı ayəsinin nazil olmasından qabaq dəstəmaz barəsində idi» - sözü göstərir ki, buna icazə verilmişsə də, o, bu ayənin nazil olmasından əvvəl imiş. Bu ayə nazil olduqdan sonra isə, hətta müharibə və səfərlərdə belə ayaqqabıların üstünə məsh çəkmək caiz olmamışdır. Rna görə ki, ayaqqabının çıxarılması cəhətindən çətinlik olduqda dəstəmaz əvəzinə təyəmmüm alırdılar, çünki təyəmmümün hökmü də, ümumi şəkildə həmin ayədə qeyd olunmuşdur.
Üçüncüsü, Peyğəmbərin ayaqqabıya məsh çəkməsi müşahidə edilmiş olsa da, səbəbi bu idi ki, o həzrətin ayaqqabısının üstü açıq idi və oradan ayağa məsh çəkmək mümkün olmuşdur.
Məşhur imamiyyə hədisçilərindən olan mərhum Şeyx Səduq özünün «Mən la yəhzuruhul-fəqih» kitabında belə nəql edir: «Nəcaşi Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün hədiyyə olaraq bir başmaq gətirmişdi, onun üzərində yarıq da var idi. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) həmin ayaqqabını geymiş olduğu zaman öz ayağının üstünə məsh çəkirdi. Ona baxanların bə’ziləri güman edirdilər ki, o həzrət ayaqqabının üstünə məsh çəkir.»[12]
Məşhur mühəddis Beyhəqi «Əs-sünənul-kubra» kitabında «babul-xəffilləzi məsəhə ələyhi Rəsulullah» ünvanlı bir bölmə açmışdır. Bu bölmənin hədislərindən mə’lum olur ki, mühacir və ənsarın ayaqqabılarının çoxusunun üstü açıq (yarıq) idi.[13]
Deməli, onların da öz ayaqqabılarının üstündə olan yarıqdan ayaqlarına məsh çəkmələrinə ehtimal verilir.
Bu bəhsin qəribəliklərindən biri də budur ki, ayaqqabıların üstündən məsh çəkməyi göstərən hədislərin raviləri o kəslərdilər ki, o həzrətin hüzuruna çatmaq tovfiqinə az hallarda nail olurdular. Lakin Əli (əleyhis-salam) həmişə o həzrətin hüzurunda olduğu üçün, əhli sünnənin məşhur hədislərinə əsasən, bu əqidəni heç vaxt qəbul etmirdi.
Bundan da qəribəsi odur ki, çox hallarda həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə olan Ayişə belə deyir: «Mənim ayaqlarımın qırılması ayaqqabının üstündən məsh çəkməkdən daha yaxşıdır!»[14]
[1] «Əl-fiqhu ələl-məzahibil-ərbəə», 1-ci cild, səh. 135
[2] Yenə orada, səh. 136
[3] Yenə orada, səh. 135-147
[4] «Təhzib», 1-ci cild, hədis: 1092
[5] «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh. 415
[6] «Vəsailuş-şiə», 1-ci cild, səh. 279
[7] «Təfsiri Kəbir», (Fəxr Razi), 1-ci cild, səh. 207
[8] «Əs-sünənul-kubra», 1-ci cild, səh. 269
[9] Yenə orada, səh. 270
[10] «Əs-sünənul-kubra», 1-ci cild, səh. 272
[11] «Əs-sünənul-kubra », 1-ci cild, səh. 275 və 276.
[12] «Mən la yəhzuruhul-fəqih», 1-ci cild, səh. 48
[13] «Əs-sünənul-kubra», 1-ci cild, səh. 283
[14] «Məbsut», Sərəxsi, 1-ci cild, səh. 98