«Səhihi Müslüm»də Əbul-Həyyac Əli (əleyhis-salam)-dan belə bir rəvayət nəql etmişdir:
قَالَ لِی عَلِیُّ بْنُ اَبِی طَالِبٍ اَلاَ اَبْعَثُکَ عَلَی مَا بَعَثَنِی رَسُولُ اللهِ اَنْ لاَ تَدَعَ تِمْثَالاً اِلَّا طَمسْتَهُ وَلاَ قَبْرًا مُشْرِفًا اِلاَّ سَوَّیْتَهُ
Əliyyibni Əbitalib mənə dedi: «Səni bir işə göndərməyimmi ki, Rəsulullah məni o işə göndərmişdi?! (O iş budur:) Heç bir timsalı dağıtmayınca, uca qəbri yerlə eyni səviyyədə qərar verməyincə əl çəkmə!»[1]
Bə’ziləri, bu hədisdən çıxardığı tamamilə yanlış nəticə sayəsində ələ külüng alaraq bütün islam şəxsiyyətlərinin qəbirlərini viran etmişlər, yalnız Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in və o həzrətin yanında dəfn olunan birinci və ikinci xəlifənin qəbrinə əl vurmamışlar. Bu, elə bir istisna halıdır ki, onun barəsində heç bir dəlil tapmaq olmaz.
Amma əvvəla, bu hədisin sənədində çoxlu adamlar vardır ki, sünnülərin rical şəxsiyyətlərinin nəzərindən təsdiq olunmamış, onlardan bə’ziləri, xüsusilə Süfyan Suri və İbni Əbi Sabit tədlis əhli olmuşdur.
İkincisi, bu hədisin səhih olduğunu fərz etsək belə, onun məfhumu budur ki, qəbrin üstü gərək düz olsun (kafirlərin arasında olan adət kimi, balığın beli kimi olmasın). Sünnü fəqihlərinin çoxu da fətva vermişlər ki, qəbrin üstü düz (müstəvi şəklində) olmalıdır, bu işin də bizim bəhsimizə heç bir dəxli və əlaqəsi yoxdur.
Bu hədisin məfhumunun: «qəbir yerlə eyni səviyyədə olmalıdır və ümumiyyətlə, yerin səviyyəsindən hündür olmamalıdır» - olduğunu fərz etsək, bu mövzunun qəbirlərin üzərində bina tikilməsinə heç bir dəxli yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin üzərində yerlə eyni səviyyə olan bir daşın olduğunu fərz etsək də, həmin qəbrin üzərindəki künbəz və məqbərənin qeyd olunan hökm ilə heç bir ziddiyyəti yoxdur. Qur’ani-məciddə də oxuduğumuz kimi, Əshabi-kəhfin sirri aşkar olan zaman bə’ziləri dedilər ki, gəlin qəbirlərin üzərində bir bina tikək. Sonra buyurur:
قَالَ الَّذِینَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِم مَّسْجِدًا
“Onların vəziyyətindən agah olanlar “Onların yerində bir məscid tikəcəyik” - dedilər.”[2]
Qur’ani-məcid bu hadisəni müvafiq bir tonla nəql edir və ona heç bir irad tutmur. Deməli, böyük şəxsiyyətlərin qəbrinin kənarında məscid tikməyin heç bir eybi yoxdur.
Böyük şəxsiyyətlərin qəbirlərini ziyarət etməyin müsbət tə’sirləri
Hər vaxt insanlara lazımi tə’lim verilsə və onlara «hər növ ifrat və təfritdən çəkinin, bu pak qəbirlərin yanında Allahı yad edin, öz günahlarınızdan tövbə edib, ilahi övliyaların ideya və proqramlarından ilham alın» - deyilsə, şübhəsiz, onların mütəhhər qəbirləri tövbə edib Allah dərgahına qayıtmaq və nəfsi saflaşdırmaq üçün gözəl bir ocaq, tə’lim və tərbiyə mərkəzi olacaqdır.
Biz təcrübə ilə öyrənmişik ki, hər il milyonlarla insan öz din rəhbərlərinin – imamların, yaxud Allah yolunda şəhid olanların pak qəbirlərini ziyarət edirlər. Onlar qəbirlərin kənarından yüksək əhval-ruhiyyə, səfa-səmimiyyət, nuraniyyət və pak bir qəlblə qayıdır, bu ziyarətin qoyduğu tə’sirlər onların ruhiyyələrində uzun müddət qalır.
Bu ziyarətçilər onlardan, Allah dərgahında şəfaətçi, yə’ni günahlarının bağışlanması, dini və dünya müşküllərinin həll olunması üçün vasitəçi olmalarını istəsələr, şübhəsiz, onlarla mə’nəvi rabitə bərqərar etmək üçün malik olduqları qüdrət miqdarında günahlardan uzaqlaşmalı, yaxşılıqlara, paklıqlara doğru getməlidirlər.
Bundan əlavə, böyük din alimlərinə, ilahi övliyalara diqqət yetirib təvəssül etmək, onlardan Allah dərgahında şəfaət etmələrini istəmək ziyarətçini çətinliklər qarşısında daha qüdrətli edir, onun ümidsiz, mə’yus olmasının qarşısını alır, ruhi dərd, qəm və kədərlərini azaldır. Bunun digər tə’sir və xeyir-bərəkətləri də vardır.
Nə üçün biz ziyarət, şəfaət və təvəssül məsələlərindən yanlış nəticə alaraq camaatı bu qədər ruhi, mə’nəvi və cismi xeyir-bərəkətlərdən məhrum etməliyik?! Hansı bir əql belə işi görməyə icazə verir?!
Bu mə’nəvi səfərlərin qarşısını almağın böyük xəsarətləri vardır. Əfsuslar olsun ki, tövhid və şirk məsələsindəei mə’nasız vəsvaslıqlar böyük bir dəstəni bu xeyir-bərəkətdən məhrum etmişdir.
[1] «Səhihi-Müslüm», cild 13, səh.61.
[2] «Kəhf» surəsi, ayə: 21.