Yaxşı olardı ki, bu bəhsin gözəl şəkildə tamamlanması üçün mənim özümün Məscidül-Həramda şahid olduğum bir hadisəni əziz oxuculara təqdim edəm:
Ümrə səfərlərinin birində Məscidül-Həramda məğrib və işa namazlarının arasında (bu zaman elmi bəhs aparmaq üçün münasib fürsət yaranmışdı) Hicaz alimlərinin bir qrupu ilə səhabələrin müqəddəsliyi barədə söhbət etdim. Onların əqidəsi budur ki, səhabələri azacıq belə tənqid etmək, onlara «gözün üstündə qaşın var» - demək olmaz. Onlardan birinə dedim: – Fərz edin ki, hal-hazırda Siffeyn müharibəsi gedir. Siz iki dəstədən hansı birinə qoşulacaqsınız: Əlinin, yoxsa Müaviyənin?!
Dedi: – Şübhəsiz ki, Əlinin!
Dedim: – Əli sənə desə ki, bu qılıncı götür və Müaviyəni qətlə yetir, nə edərsən?
O bir az fikirləşib dedi: – Müaviyəni öldürərəm, lakin onu azacıq belə tənqid etmərəm!
Bəli, məntiqsiz əqidələrə israr etməyin nəticəsi budur ki, onun müdafiə olunması da qeyri-məntiqi olacaq, insanı daşlığa salacaqdır.
Haqq nəzər budur ki, Qur’ani-məcidin və İslam tarixinin şəhadətinə əsasən, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələri bir neçə qrupa bölünürdü: Onlardan bir qrupu elə ilk əvvəldən pak, saleh, sadiq idilər, axıra qədər də belə yaşadılar.
Digər bir qrup da o həzrətin sağlığında salehlərin, pakların cərgəsində idi, lakin sonralar məqam və dünya malına düşkünlük onların əqidə və yollarını dəyişdi, onların işlərinin axır-aqibəti səadətlə qurtarmadı (Cəməl və Siffeyn müharibələrini törədənlər kimi).
Üçüncü dəstə isə sırf münafiqlər və dünyapərəstlər idi, xas məqsədlər üçün müsəlmanların içinə nüfuz edib özlərinə yer açmışdılar (Əbu Süfyan kimilər).
Burada birinci qrupa işarə edərək deyirik:
رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِینَ سَبَقُونَا بِالْإِیمَانِ وَلَا تَجْعَلْ فِی قُلُوبِنَا غِلًّا لِّلَّذِینَ آمَنُوا رَبَّنَا إِنَّکَ رَؤُوفٌ رَّحِیمٌ
«Pəvərdigara! Bizi və bizdən qabaq iman gətirənləri bağışla, bizim qəlbimizdə iman gətirənlərə qarşı kin qərar vermə. Çünki, Sən rəuf və rəhmansan».[1]
[1] «Həşr» surəsi, 10-cu ayə.