Təqiyyə əslində bir növ müdafiə sistemidir və həmin səbəbə görə də o, bizim rəvayətlərimizdə «tursul-mu’min», yə’ni «imanlı şəxsin sipəri» adı ilə qeyd edilmişdir.
Əql bir şəxsin öz batini əqidəsini təhlükəli və məntiqsiz insanların qarşısında aşkar edərək canını, malını və namusunu təhlükəyə salmasına heç vaxt icazə vermir. Çünki belə halda heç bir fayda olmadan qüvvə və imkanların hədərə verilməsi ağıllı və məqbul bir iş sayılmır.
Təqiyyə bütün əsgərlərin döyüş meydanında istifadə etdiyi taktiki bir üsluba bənzəyir: onlar ağacların arasında, tunellərdə, səngərlərdə gizlənir, öz paltarlarını ağacların rənglərinə uyğun olaraq rəngləyirlər ki, öz qanları hədərə getməsin. Dünyanın bütün ağıllı insanları öz canını qoruyub inadkar düşmənlərin əlindən xilas etmək üçün təqiyyə şəraitindən istifadə edir və bir kəsi bu üslubdan istifadə etməsinə görə heç vaxt danlamırlar. Dünyada elə bir şəxs tapmaq olmaz ki, təqiyyəni, onun xüsusi şəraitləri ilə qəbul etməmiş olsun.