Qısa cavab:
Bu ayələrdə həqiqətdə Cənnət əhlinin on dörd növ neməti sadalanmışdır:
1. Cənnət bağları (Cənnat). 2. Müxtəlif nemətlər (nəim). 3. Sevinc və şadlıq. 4. Cəhənnəm əzabından təhlükəsizlik. 5. Yemək. 6. Cənnətin içkilərindən zövqlə içmək. 7. Bir-birinin kənarında sıralanmış taxtlara söykənmək. 8. Hurilərdən olan həyat yoldaşları. 9. İmanlı övladların onlara qovuşması. 10. Müxtəlif çeşidli ləzzətli meyvələr. 11. İstədikləri qədər müxtəlif ətlər. 12. Pakizə şərabla dolu piyalələr. 13. Mirvari surətli xidmətçilər. 14. Nəhayət, bir yerə toplaşıb məclis təşkil etmək, keçmişləri xatırlamaq və hazırkı vəziyyətdən zövq almaq.
Bu nemətlərin bir qismi maddi, böyük bir qismi isə mənəvi nemətlərdir, lakin Cənnətin maddi və mənəvi nemətləri bunlardan ibarət deyil. Sadalananlar onun yalnız bir guşəsidir.
Ətraflı cavab:
Bu sualın cavabı “Tur” surəsinin 17-25-ci ayələrindədir. Allah-taala bu ayələrdə möminlərə və təqvalılara bəxş olunan tükənməz və misli olmayan nemətlərə işarə edir.
Öncə buyurur:
اِنَّ الْمُتَّقِینَ فِی جَنّات وَ نَعِیم
"Şübhəsiz, təqvalı insanlar bağlar və firavan nemətlər içərisindədirlər."
“Muminin” sözünün yerinə “Müttəqin” (təqvalı insanlar) ifadəsinin işlədilməsi ona görədir ki, bu adın arxasında həm iman, həm də saleh əməllər gizlənir. Ələlxüsus, “təqva” bir mərhələdə imanın müqəddiməsi və özülüdür. Necə ki, Quran “Bəqərə” surəsinin ikinci ayəsində buyurur:
ذلِکَ الْکِتابُ لا رَیْبَ فِیهِ هُدىً لِلْمُتَّقِینَ
"Bu səmavi kitabda heç bir şəkk-şübhə yoxdur və təqvalılar üçün hidayət mənbəyidir."
Çünki insan təqvanın birinci mərhələsi olan öhdəlik və məsuliyyət hissinə malik olmasa, eləcə də haqqı axtarıb haqqa qovuşmaq istəməsə heç vaxt haqq dini araşdırmaq istəməz və Quranın hidayətini qəbul etməz.
Daha sonra bu böyük nemətlərin Cənnət sakinlərinin ruhiyyəsinə olan təsirindən söz açaraq buyurur:
فاکِهِینَ بِما آتاهُمْ رَبُّهُمْ
"Rəblərinin onlara verdiyindən şaddırlar və ondan sevinclə şirin sözlər danışırlar."
Bəli, sevinclərindən yerə-göyə sığmırlar. Hey bir-biri ilə zarafat edirlər. Ürəkləri hər hansı qəm-qüssədən azaddır. Onlar bu gün misli görünməyən sakitlik hiss edirlər.
Xüsusilə də, Allah onlara cəza və əzabla əlaqədar arxayınlıq vermişdir:
وَ وَقاهُمْ رَبُّهُمْ عَذابَ الْجَحِیمِ
"Rəbləri onları cəhənnəm əzabından qorumuşdur!"
Bundan sonra təqvalı insanların Cənnətdə şadlıqlarına, sevinclərinə və nemətlərinə üstüörtülü şəkildə toxunaraq onu şərh edir və belə buyurur:
کُلُوا وَ اشْرَبُوا هَنِیئاً
(Onlara deyiləcək:) “Yeyin, için, nuş olsun sizə!”
بِما کُنْتُمْ تَعْمَلُونَ
"Bunlar etdiyiniz əməllərə görədir."
“Həniən” sözü işarə edir ki, Cənnətdəki yeməli və içməlilərin heç bir xoşagəlməz aqibəti yoxdur. Onlar bu dünyanın nemətləri kimi deyil ki, bəzən azacıq azaldıb çoxaltmaqla xəstəlik və narahatçılıq yaratsın.
Bundan əlavə, onları əldə etmək üçün məşəqqətə düşmək, bitib tükənəcəyindən isə qorxmaq lazım gəlmir. Bu səbəbdən həmin nemətlər tamamilə nuş olur.
Aydındır ki, Cənnət nemətləri zatən ruh oxşayan və nuşdur. Amma Cənnət mələkləri “nuş olsun!” deyəndə bunun özü də bir növ lütfkarlıq və ləzzətdir.
Daha bir nemət də bundan ibarətdir ki, onlar:
مُتَّکِئِینَ عَلى سُرُر مَصْفُوفَه
"Bir-birinin kənarında sıralanmış taxtlara söykənirlər."
Dostlar və digər möminlərlə ünsiyyətdən zövq alırlar və bu mənəvi ləzzətdir. Özü də bütün ləzzətlərin fövqündə olan bir ləzzət.
“Müttəkiin” (söykənirlər) ifadəsi isə onların tam arxayın və sakit olduqlarını göstərir. Çünki insan adətən tam aramlıq vaxtlarında nəyəsə söykənərək əyləşir. Sakit olmayan, iztirab içində olan insan isə adətən belə etmir.
Daha sonra əlavə edir:
وَ زَوَّجْناهُمْ بِحُور عِین
"Onları iri gözlü, ağ üzlü hurilərlə evləndirərik."
Bütün bunlar Cənnət əhlinin maddi və mənəvi nemətlərinin bir qismidir. Lakin bununla kifayətlənmir, maddi və mənəvi nemətlərin digər qismini də ona əlavə edərək buyurur:
وَ الَّذِینَ آمَنُوا وَ اتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیمان اَلْحَقْنا بِهِمْ ذُرِّیَّتَهُمْ وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء
"(Özləri) iman gətirmiş və övladları imanda onlara tabe olaraq iman yolunu seçmiş kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara qovuşdurarıq və onların əməllərindən bir şey azaltmayacağıq."
Bu da öz növbəsində böyük bir nemətdir ki, insan öz imanlı və sevdiyi övladlarını Cənnətdə öz yanında görsün, onlarla bir yerdə olmaqdan zövq alsın və bunun üçün əməllərindən də bir şey azalmasın.
Allah-taala nemətlərin davamında iki Cənnət yeməyinə toxunaraq buyurur:
وَ اَمْدَدْناهُمْ بِفاکِهَه وَ لَحْم مِمّا یَشْتَهُونَ
"Və onlara ardıcıl şəkildə meyilləri çəkən meyvə və əti çatdırarıq."
“Mimma yəştəhun” (meyilləri çəkən) ifadəsi göstərir ki, Cənnət əhli bu meyvə və yeməklərin çeşidini, kəmiyyət və keyfiyyətini seçməkdə tam azaddırlar. Onlar nə istəsələr orada var.
Söz yox ki, Cənnət yeməkləri bu ikisindən ibarət deyil, lakin bu iki qida daha çox əhəmiyyət kəsb edir.
Meyvənin ətdən öncə qeyd olunması meyvələrnin ətdən üstün olmasına bir işarədir.
Bu yerdə Cənnət əhlinin ruh oxşayan içkilərindən söhbət açaraq əlavə edir:
یَتَنازَعُونَ فِیها کَاْساً لا لَغْوٌ فِیها وَ لا تَاْثِیم
"Onlar Cənnətdə bir-birlərindən içilməsi boşboğazlıq və günah doğurmayan şərab dolu qədəhləri alarlar."
Bu şərab ləzzətli, zövq oxşayan, şadlandıran, gözəl əhval-ruhiyyə bəxş edən, məstlik gətirməyən, ağlı sərxoş etməyən bir şərabdır ki, içiləndən sonra əsla boşboğazlıq və günah gətirməz. Əksinə tam ayıq bir vəziyyətdə cismani və ruhani zövq verər.
Sonra isə digər bir nemətdən − xidmətçilərdən söz açılır:
وَ یَطُوفُ عَلَیْهِمْ غِلْمانٌ لَهُمْ کَاَنَّهُمْ لُوْلُوٌ مَکْنُونٌ
"Və onların ətrafına sanki, sədəf içində gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar."
Mirvari sədəfdən çıxandan sonra öz gözəlliyinin çox hissəsini qoruyub saxlasa da, sədəfin içində olarkən hədsiz dərəcədə təzə, şəffaf və gözəl olur. Sədəfdən çıxandan sonra isə havanın tozu və əllərin çirkinliyi nə qədər də olsa onun gözəlliyini azaldır. Cənnətin xidmətçiləri o qədər gözəl, ağüzlü və cazibəlidirlər ki, sanki sədəfdəki mirvaridirlər.
“Onların ətrafına dolanırlar” cümləsi onların xidmət üçün daimi hazırlıqlarını əks etdirir.
Cənnətdə xidmətçiyə ehtiyac olmadan istədiklərini əldə etsələr də, bu xidmət Cənnət əhlinə daha çox ehtiram üçündür.
Bu silsilədən sonuncu nemət isə hər hansı əzab və cəza baxımından arxayınçılıq və əminlikdir. Necə ki, sonrakı ayədə deyilir:
وَ اَقْبَلَ بَعْضُهُمْ عَلى بَعْض یَتَساءَلُونَ
"Onlar bir-birinin kənarında ikən bəzisi bəzisinə üz tutaraq bir-birindən (keçmiş hallarının necə olmasını) soruşarlar (və onu Cənnətdəki vəziyyətlə müqayisə edib zövq alarlar).
قالُوا اِنّا کُنّا قَبْلُ فِی اَهْلِنا مُشْفِقِینَ
Deyərlər: “Həqiqətən, biz öncə ailəmizin içində olarkən qorxurduq.”
Öz ailəmizin içində həyat sürdüyümüz zaman özümüzü təhlükəsiz hiss etməli idiksə, yenə də qorxu içində idik. Qorxurduq ki, həyatın acı hadisələri, ilahi əzab hər an bizi yaxalasın.
Ondan qorxurduq ki, övladlarımız, ailəmiz səhv yola üz tutub, zəlalət vadisində azaraq sərgərdan olsunlar.
Ondan qorxurduq ki, daşürəkli düşmənlər qəfildən bizi çətinliyə salsınlar.
فَمَنَّ اللّهُ عَلَیْنا وَ وَقانا عَذابَ السَّمُومِ
"(Amma) Allah bizim boynumuza haqq qoydu (geniş rəhməti bizim dadımıza çatdı) və bizi yandırıcı və ağrılı əzabdan qorudu."
Bəli, mehriban Rəbbimiz bizi dünya zindanından bütün qorxu və vahimələri ilə xilas etdi və bizi nemət mənbəyində yəni, Cənnətdə yerləşdirdi.
Bu ayələrdə həqiqətdə Cənnət əhlinin on dörd növ neməti sadalanmışdır:
1. Cənnət bağları (Cənnat). 2. Müxtəlif nemətlər (nəim). 3. Sevinc və şadlıq. 4. Cəhənnəm əzabından təhlükəsizlik. 5. Yemək. 6. Cənnətin içkilərindən zövqlə içmək. 7. Bir-birinin kənarında sıralanmış taxtlara söykənmək. 8. Hurilərdən olan həyat yoldaşları. 9. İmanlı övladların onlara qovuşması. 10. Müxtəlif çeşidli ləzzətli meyvələr. 11. İstədikləri qədər müxtəlif ətlər. 12. Pakizə şərabla dolu piyalələr. 13. Mirvari surətli xidmətçilər. 14. Nəhayət, bir yerə toplaşıb məclis təşkil etmək, keçmişləri xatırlamaq və hazırkı vəziyyətdən zövq almaq.
Bu nemətlərin bir qismi maddi, böyük bir qismi isə mənəvi nemətlərdir, lakin Cənnətin maddi və mənəvi nemətləri bunlardan ibarət deyil. Sadalananlar onun yalnız bir guşəsidir. (1)
Şərh qeydə alınmayıb