Qısa cavab:
İki dünya arasında həm keyfiyyət və həm də kəmiyyət baxımından böyük fərqlər olmasına dair əlimizdə çoxlu dəlillər vardır. Aydın şəkildə bəzi ayə və hədislərdə orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta insanın zehnindən belə keçməyən nemətlərin olacağından xəbər verilir.
Ətraflı cavab:
Bir çoxlarına görə ölümdən sonrakı həyat tamamilə bu dünyaya bənzəyir. Fərqi yalnız daha mükəmməl və maraqlı olmasındadır.
Lakin iki dünya arasında həm keyfiyyət və həm də kəmiyyət baxımından böyük fərqlər olmasına dair əlimizdə çoxlu dəlillər vardır. Belə ki, fərqi ana bətnindəki uşağın dünyası ilə bu geniş dünya arasındakı fərqə bənzətmək istəsək belə müqayisəmiz mükəmməl olmayacaqdır.
Aydın şəkildə bəzi ayə və hədislərdə orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta insanın zehnindən belə keçməyən nemətlərin olacağından xəbər verilir. Qurani-kərimdə buyurulur:
فَلا تَعْلَمُ نَفْسٌ ما اُخْفِیَ لَهُمْ مِنْ قُرَّهِ اَعْیُن
“Heç bir insan bilmir ki, onlar üçün gözlərinin nuru olacaq nələr gizli saxlanılmışdır”.
O dünyaya hakim sistem bu dünyaya hakim sistemdən tamamilə fərqlənir. Burada yalnız insanlar məhkəmədə şahid qismində iştirak edirsə, orada əl, ayaq hətta bədənin dərisi belə ifadə verəcək:
Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri bizimlə danışar, ayaqları isə etdikləri işlər barəsində şəhadət verərlər. (1)
Onlar öz dərilərinə deyərlər: “Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?” (Dəriləri) deyərlər: “Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı.” (2)
Hər halda, o dünya barəsində hər nə deyilsə belə uzaqda görünən bir ilğım kimi gözlərimiz önündə canlanır. Ümumiyyətlə, bizim dünya lüğəti və fikir mədəniyyətimiz onun reallığını təsvir etməyə qadir deyil. Burada cənnət, cəhənnəm, mükafat və cəzaların necəliyi ilə əlaqədar bir çox suallara cavab veriləcək.
Bildiyimiz qədər cənnət maddi və mənəvi nemətlər daxil olmaqla füsunkar ilahi nemətlərin cəmləşdiyi yerdir. Cəhənnəm isə hər iki cəhətdən ən ağır cəzaların mərkəzidir.
Hər iki dünyanın təfərrüatı haqqında Quranda müəyyən işarələr var və bizim onlara inancımız birmənalıdır. Amma onların təfərrüatını görmədən həqiqətlərinə vaqif olmaq mümkün deyil. (3)
Şərh qeydə alınmayıb