Qısa cavab:
Quran ayəsindən və hədislərdən məlum olur ki, bu barədə məlumat Allahın pak zatına məxsusdur. Hətta peyğəmbər belə onun vaxtından xəbər verə bilməz. Allah bunun kamil bir imtahan olması üçün bəndələrdən gizli qalmasını istəmişdir. Çünki, insanlar Qiyamətin nə qədər yaxın və ya uzaq olduğunu bilsələr, hər halda imtahanın təsiri azalacaq.
Ətraflı cavab:
Qurani-kərim “Cin” surəsinin 25-27-ci ayələrində bu suala cavab verir:
قُلْ اِنْ اَدْرِی اَ قَرِیبٌ ما تُوعَدُونَ اَمْ یَجْعَلُ لَهُ رَبِّی اَمَداً
“De: “Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün bir müddət təyin etmişdir.”
Bu barədə məlumat Allahın pak zatına məxsusdur. O, bunun kamil bir imtahan olması üçün bəndələrdən gizli qalmasını istəmişdir. Çünki, insanlar Qiyamətin nə qədər yaxın və ya uzaq olduğunu bilsələr, hər halda imtahanın təsiri azalacaq.
Hədislərin birində deyilir ki, bir gün Cəbrayıl bir çöl ərəbi cildində Peyğəmbərin (s) gözünə görünür və o həzrətdən soruşur:
اَخْبِرْنِى عَنِ السّاعَهِ
−Mənə qiyamətin nə vaxt qopacağı gündən xəbər ver?
Peyğəmbər (s) buyurdu:
مَا الْمَسْئُولُ عَنْها بَاَعْلَمَ مِنَ السّاِئِل
−Sual etdiyin insan (bu məsələ haqqında) sual edəndən çox bilmir.
Həmin ərəb yenidən uca səslə soruşdu:
یا محمّد!(صلى الله علیه وآله) مَتَى السّاعَهُ
−Ey Məhəmməd! Qiyamət nə vaxt qopacaq?
Peyğəmbər (s):
وَیْحَکَ اِنَّها کائِنَهٌ فَما اَعْدَدْتَ لَها؟!
−Vay olsun sənə, Qiyamət olacaq, de görüm onun üçün nə hazırlamısan? – deyə cavab verdi.
Ərəb dedi:
−Mən çoxlu namaz qılmışam və oruc tutmuşam. Allahı və Onun peyğəmbərini sevirəm.
Peyğəmbər (s) buyurdu:
فَاَنْتَ مَعَ مَنْ اَحْبَبْتَ
−Sən sevdiklərinlə birgə olacaqsan.
Peyğəmbərin (s) səhabələrindən olan Ənəs bin Malik nəql edir:
فَما فَرِحَ الْمُسْلِمُونَ بِشَىْء فَرَحَهُمْ بِهذَا الْحَدِیْثِ
Müsəlmanlar heç bir sözdən bu söz qədər şad olmamışdılar.
Daha sonra Qurani-kərim qeyb elmi haqqında ümumi bir qayda bəyan edərək buyurur:
عالِمُ الْغَیْبِ فَلا یُظْهِرُ عَلى غَیْبِهِ اَحَداً
“Qeybi bilən (Allahdır) və öz qeybinin sirlərindən heç kimi agah etməz.”
Söz yox ki, bu ümumi qaydaya bir istisna əlavə edir:
اِلاّ مَنِ ارْتَضى مِنْ رَسُول
“Yalnız seçdiyi və razı olduğu rəsuldan başqa!” (1)
Şərh qeydə alınmayıb