Qısa cavab:
Quran ayələrinin zahiri mənası göstərir ki, həzrət Adəmin (ə) olduğu cənnət Yerin yaşıl təbiətli bir bölgəsinin nemət dolu və füsunkar bağlarından biri idi. Ona görə ki, Qiyamətin vədə verilmiş cənnəti əbədi nemətdir. Quran ayələrinin çoxunda onun əbədi olduğundan söz açılır və ondan çıxmaq qeyri-mümkündür.
Həmçinin günaha qurşanmış və imansız İblis əbədi cənnətdə ola bilməzdi. Bu ehtimal da verilir ki, sözügedən cənnət səmadakı planetlərin birində yerləşir və əbədi cənnət mənasında deyil.
Ətraflı cavab:
Bu suala cavab vermək üçün bir məsələyə diqqət yetirmək lazımdır ki, bəziləri həmin cənnəti yaxşı və xeyirxah insanların əbədi yaşayacaqları cənnət hesab etsələr də ayənin zahiri mənası onu göstərmir. Bu cənnət Yerin yaşıl təbiətli bir bölgəsinin nemət dolu və füsunkar bağlarından biri idi. Ona görə ki,
1) Qiyamətin vədə verilmiş cənnəti əbədi nemətdir. Quran ayələrinin çoxunda onun əbədi olduğundan söz açılır və ondan çıxmaq qeyri-mümkündür.
2) Günaha qurşanmış və imansız İblisə əbədi cənnətdə yer yoxdur. Orada nə şeytanın vəsvəsələri var, nə də Allaha itaətsizlik.
3) Əhli-beyt vasitəsilə bizə gəlib çatan hədislərdə bu məsələdən birmənalı şəkildə bəhs edilir.
Hədisin ravilərindən biri nəql edir: İmam Sadiqdən (əleyhis-salam) Adəmin cənnəti haqda soruşdum. İmam (əleyhis-salam) belə cavab verdi:
جَنَّهٌ مِنْ جِنّاتِ الدُّنْیا یَطْلُعُ فِیهَا الشَّمْسُ وَ الْقَمَرُ وَ لَوْ کانَ مِنْ جِنَانِ الآْخِرَهِ ما خَرَجَ مِنْها اَبَداً
“O bağ, dünya bağlarından biri idi, günəş və ay ona saçırdı. Əbədi cənnət olsaydı Adəm əsla oradan çıxarılmazdı.”
Buradan aydın olur ki, Adəmin yerə enməsi (hübut) məkan baxımından deyil, məqam baxımından idi. Yəni öz yüksək məqamından və yamyaşıl cənnətindən aşağı endi.
Bu ehtimal da verilir ki, sözügedən cənnət səmadakı planetlərin birində yerləşir və əbədi cənnət mənasında deyil. Bəzi hədislərdə də bu cənnətin göydə olduğuna toxunulur, lakin “səma” sözünün belə hədislərdə “göydəki məkan” deyil, “yüksək məqam” mənasında işlənməsini də mümkündür.
Hər bir halda çoxsaylı əlamətlər göstərir ki, bu cənnət axirət dünyasının cənnəti deyil. Çünki o insan həyatının sonundadır, bu isə həyatının əvvəlində idi. Bu onun əməl və proqramlarının müqəddiməsi, o biri cənnət isə əməllərinin nəticəsi idi. (1)
Şərh qeydə alınmayıb