Qısa cavab:
Qiyamət günü məbudlar onlara ibadət edənlərin ibadətlərini inkar edəcək, onlara nifrətlərini göstərəcək və əleyhdarları olacaqlar. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə bu məsələyə belə aydınlıq gətirilir: “İbadət (yalnız) rüku və səcdələrdən ibarət deyil. İbadətin həqiqəti bir şeyə itaət etməkdir. Hər kəs Allahın günah buyurduğu işlərdə məxluqa itaət edərsə, həqiqətdə ona pərəstiş etmişdir.”
Ətraflı cavab:
Qiyamət bütpərəstlərin təsəvvüründə canlandırdıqları kimi olmayacaq. Eləcə də bütləri onların qürur mənbəyi deyil, əksinə zillət və əzab mənbəyinə çevriləcəkdir. Bu səbəbdən “Tezliklə, yəni Qiyamət günü məbudlar bütpərəstlərin ibadətlərini inkar edəcək, onlara nifrətlərini göstərəcək və əleyhdarları olacaqlar:
کَلاّ سَیَکْفُرُونَ بِعِبادَتِهِمْ وَ یَکُونُونَ عَلَیْهِمْ ضِدّاً
Bu cümlə “Fatir” surəsinin 13 və 14-cü ayələrində toxunulan məqsədə işarədir. Ayələrdə deyilir:
وَ الَّذِینَ تَدْعُونَ مِنْ دُونِهِ ما یَمْلِکُونَ مِنْ قِطْمِیر * اِنْ تَدْعُوهُمْ لایَسْمَعُوا دُعاءَکُم... وَ یَوْمَ الْقِیامَهِ یَکْفُرُونَ بِشِرْکِکُمْ
“Onun yerinə çağırdıqlarınız həqiqətdə heç nəyə malik deyildirlər. Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər ... Qiyamət günü şərikliyinizi inkar edəcəklər.”
Həmçinin “Əhqaf” surəsinin 6-cı ayəsində oxuyuruq:
وَ اِذا حُشِرَ النّاسُ کانُوا لَهُمْ اَعْداءً
“İnsanlar məhşərə gətirilən zaman məbudlar onlarla düşmən olar.”
Görkəmli təfsir alimlərindən bir qrupu belə bir fikir irəli sürmüşlər ki, yuxarıdakı ayədə məqsəd, Qiyamət günü bütpərəstlər bütün pərdələrin qalxdığını, həqiqətlərin üzə çıxdığını və rüsvay olduqlarını görəndə bütpərəstliklərini inkar edəcək, onların əleyhinə çıxacaqlar. Necə ki, “Ənam” surəsinin 23-cü ayəsində oxuyuruq:
وَ اللّهِ رَبِّنا ما کُنّا مُشْرِکِینَ
“Pərvərdigarımız olan Allaha and olsun ki, biz heç bir zaman müşrik olmamışıq.”
Ancaq ilk qeyd edilən təfsir ayənin zahirinə daha uyğundur. Çünki bütpərəstlər bütlərə ibadət etməklə məbudlarının onlara izzət və qürur bəxş etmələrini diləyirdilər. Amma sonda bunun tam əksini müşahidə edirlər.
Sözsüz ki, burada şüur və dərrakəyə malik olan mələk, şeytan və cin kimi məbudların mövqeləri aydındır. Amma cansız məbudlar o gün, yalnız Allahın izni ilə danışa və bütpərəstlərə nifrət hisslərini aşkar edə bilərlər. İmam Sadiqdən (ə) nəql olunan bir hədislə təfsiri tam anlamaq olar. Belə ki, imam yuxarıdakı ayəni belə təfsir edir:
یَکُونُ هوُلاءِ الَّذِیْنَ اتَّخَذُوهُمْ آلِهَهً مِنْ دُونِ اللّهِ ضِدّاً یَوْمَ الْقِیامَهِ، وَ یَتَبَرَّئُونَ مِنْهُمْ وَ مِنْ عِبادَتِهِمْ اِلى یَوْمِ الْقِیامَهِ
“Qiyamət günü Allahdan başqa seçdikləri məbudlar onların əleyhinə çıxacaq, etdikləri ibadətlərə nifrətlərini bildirəcəklər.”
Hədisin sonunda ibadətin mahiyyəti ilə bağlı qısa və dolğun bir cümlə diqqəti çəkir:
لَیْسَ الْعِبادَهُ هِىَ السُّجُودَ وَ لاَ الرُّکُوعَ اِنَّما هِىَ طاعَهُ الرِّجالِ، مَنْ اَطاعَ مَخْلُوقاً فِی مَعْصِیَهِ الْخالِقِ فَقَدْ عَبَدَهُ
“İbadət (yalnız) rüku və səcdələrdən ibarət deyil. İbadətin həqiqəti bir şeyə itaət etməkdir. Hər kəs Allahın günah buyurduğu işlərdə məxluqa itaət edərsə, həqiqətdə ona pərəstiş etmişdir (və onun sonu müşrik və bütpərəstlərin sonu kimidir).” (1)
Şərh qeydə alınmayıb