Qısa cavab:
Allah-taala sözügedən ayələrdə ən azı yeddi nemətin adını çəkir: O gün (bəzi) üzlər (sevinc içində) şad və təravətli olar. Ali və uca məqamlı Cənnətdə olarlar. Orada əsla boş və bihudə bir söz eşitməzsən və eşitməzlər. Orada bulaqlar daim axır. O Cənnət bağlarında uca taxtlar var. Bulaqların kənarında gözəl piyalələr qoyulmuşdur. (Orada taxtlar üzərində) bir-birinin yanına düzülmüş yastıqlar var. Orada dəbdəbəli və çox gözəl xalçalar döşənmişdir.
Ətraflı cavab:
“Ğaşiyə” surəsinin 8-16-cı ayələrinə müraciət etməklə bu sualın cavabını öyrənmək olar. Allah-taala sözügedən ayələrdə ən azı yeddi nemətin adını çəkir:
Əvvəlcə buyurur:
وُجُوهٌ یَوْمَئِذ ناعِمَهٌ
"O gün (bəzi) üzlər (sevinc içində) şad və təravətli olar."
“Naimə” sözü “nemət” sözündəndir. Burada sevinc içində qərq olan, təravətli, nurani və şad üzlər nəzərdə tutulur. Necə ki, “Mutəffifin” surəsinin 24-cü ayəsində Cənnət sakinləri belə təsvir olunur:
تَعْرِفُ فِی وُجُوهِهِمْ نَضْرَهَ النَّعِیمِ
"Onların üzlərində nemət sevinci və təravəti görərsən."
Bu üzlərdən görünür ki:
لِسَعْیِها راضِیَهٌ
"Onlar öz səylərindən razı və şaddırlar."
Onların əksinə olaraq, Cəhənnəm əhli öz səy və çalışqanlığından yorğunluq və ağrıdan savayı heç nə qazanmamışdır. Onlar “amilətun nasibə” idilər.
Cənnət əhli isə göstərdikləri səylərin nəticəsini öz gözləri ilə görürlər və ondan tam razıdırlar. Bu səylər Allahın lütfünün fonunda dəfələrlə − bəzən on bərabər, bəzən 700 bərabər, bəzən daha çox artmış, bəzən isə onunla qiymətsiz mükafat qazanmışlar:
اِنَّما یُوَفَّى الصّابِرُونَ اَجْرَهُمْ بِغَیْرِ حِساب
Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir. (10)
Sonrakı ayədə Onların yüksək Cənnətdə olacaqları diqqət çəkir:
فِی جَنَّه عالِیَه
"Ali və uca məqamlı Cənnətdə olarlar."
“Aliyə” sözü bir ehtimala görə məkan baxımından yüksəkliyə dəlalət edir. Yəni, onlar Cənnətin yüksək mərtəbələrindədirlər. Bir ehtimal da var ki, bu yüksəklik məqamla bağlıdır. Təfsir alimləri hər iki ehtimalı etsələr də, ikinci təfsir daha uyğun nəzərə çarpır. Hərçənd onları toplayıb ortaq nəticəyə də gəlmək olar.
Daha sonra mənəvi olan bu Cənnətdən bəhs açaraq əlavə edir:
لاتَسْمَعُ فِیها لاغِیَهً
"Orada əsla boş və bihudə bir söz eşitməzsən və eşitməzlər."
Nə ikiüzlü, ədavətli, mübahisəli, kinli, paxıl sözlər olacaq, nə yalan, böhtan, iftira, qeybət, sancan sözlər, nə də hətta puç və bihudə sözlər.
Bütün bu çirkin sözlər olmayan mühit nə qədər də sakit edicidir. Düzgün fikirləşsək, bizim bu dünyada olan narahatçılıqlarımızın çoxu belə sözlərdən irəli gəlir. Bu sözlər ruhun, canın, ictimai quruluşların sabitliyini alt-üst edir, fitnə odunu alovlandırır.
Bu mənəvi nemətlərdən və puç sözlərdən xali olan Cənnətə hakim olan sabitlikdən sonra növbə Cənnətin bir qisim maddi nemətlərinə çatır:
فِیها عَیْنٌ جارِیَهٌ
"Orada bulaqlar daim axır."
“Eyn” (bulaq) sözü burada “qeyri-müəyyənlik” bildirən isimdir və adətən o, təkliyi bildirir. Amma bu ayəni digər Quran ayələri ilə tutuşdurulduqda aydın olur ki, “eyn” sözü “cins” (ümumi) isim mənasında işlənərək, bulaqların sayca bir deyil, çox olduğunu göstərir. Misal üçün, “Zariyat” surəsinin 15-ci ayəsində də bunun şahidi oluruq:
اِنَّ الْمُتَّقِینَ فِی جَنّات وَ عُیُون
"Şübhəsiz, təqvalılar Cənnət bağlarının və bulaqların arasındadırlar."
Bəzi təfsir alimləri də demişlər ki, Cənnət qəsrlərinin hər birində bir bulaq axır. “Eyn” sözünün tək isim olması onu göstərir ki, Cənnətin sakinlərinin istəklərinə tabe olaraq axan bulaqlar onların istədikləri hər tərəfə yönəlir, arx açmağa və onun üçün yol düzəltməyə heç bir lüzum qalmır.
Söz yox ki, bulaqların sayca çox olması təbiətə əlavə gözəllik və cazibədarlıq bəxş etməklə sona çatmır. Onun digər bir faydası da budur ki, onların hər birinin özünəməxsus dadı var. Cənnət sakinlərinin ağızlarının dadını hər zaman pakizə şərabın növləri ilə şirin və ətirli edir.
Bulaqlardan sonra isə Cənnət taxtlarına növbə çatır. Ayədə deyilir:
فِیها سُرُرٌ مَرْفُوعَهٌ
"O Cənnət bağlarında uca taxtlar var."
“Surur” sözü “sərir” sözünün cəm formasıdır və “سرور” kökündən götürülmüşdür. “Sərir” nemət sahiblərinin şənlik məclislərində əyləşdikləri taxtlara deyilir.
Bu taxtların uca olması Cənnət əhlinin ətrafındakı bütün mənzərələri nəzarət altında saxlamaqla ondan zövq almaları üçündür.
İbn Abbas deyir: “Bu uca taxtların sahibləri onlara əyləşmək istədikdə təzim edərək aşağı əyilir, sahibləri əyləşəndən sonra isə öz əvvəlki vəziyyətinə qayıdırlar.”
Bu ehtimalı da etmək olur ki, sözügedən taxtların “mərfuə” adlandırılması onların qiymətli olmasına bir işarədir. Belə ki, bəzi alimlərə görə həmin taxtlar qızıl hissələrdən hazırlanmış, zümrüd, yaqut və dürr ilə bəzədilmişdir.
Bu iki təfsirdən də ortaq nəticəyə gəlmək mümkündür.
Ləzzətli bulaqlardan və Cənnətin pakizə içkilərini götürmək üçün qaba ehtiyac olduğundan sonrakı ayədə əlavə edir:
وَ اَکْوابٌ مَوْضُوعَهٌ
"Bulaqların kənarında gözəl piyalələr qoyulmuşdur."
Onlar nə vaxt istəsələr, piyalələri bulaqlardan dolar və onların qarşısında hazır olar. Onlar içkiləri doldurulan kimi təzə-təzə içib doyar və bundan zövq alarlar. Bu zövqü dünya sakinlərinə başa salmaq qeyri-mümkündür.
“Əkvab” sözü “kovb” sözünün cəm forması olub, qədəhə və yaxud qulpu (dəstəsi) olan hər bir qaba deyilir.
Bu nöqtəyə diqqət etmək lazımdır ki, Quranda Cənnətin pakizə şərabı süzülən qablar haqqında müxtəlif sözlərdən istifadə edilmişdir. Burada və bəzi digər ayələrdə “əkvab” sözü diqqət çəkir. Halbuki, bəzi digər ayələrdə “əbariq” (“ibriq” sözünün cəm forması) sözünə rast gəlirik. “İbriq” qulpu, həmçinin suyu süzmək üçün lüləsi olan qabdır. Habelə, şərabla dolu cam mənasını verən “kəs” sözünü misal çəkmək olar. Ayədə deyilir:
یَطُوفُ عَلَیْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ * بِاَکْواب وَ اَبارِیقَ وَ کَاْس مِنْ مَعِین
"Onların dövrəsində (cavanlıq təravətləri) həmişəlik olan yeniyetmələr dolanacaq. Onlar pak şərabla dolu qədəhlər, kuzələri və camları Cənnətin axar çaylarından doldurub onlara təklif edərlər."(2)
Sonra Cənnət nemətləri haqqında təfərrüata vararaq onları daha çox izah edir:
وَ نَمارِقُ مَصْفُوفَهٌ
"(Orada taxtlar üzərində) bir-birinin yanına düzülmüş yastıqlar var."
“Nəmariq” sözü də “numruqə” sözündən götürülmüşdür və dirsəklənmək üçün “kiçik yastıq” deməkdir. Adətən istirahət edərkən insan onlardan istifadə edir. “Məsfufə” isə bu yastıqların çoxluğuna və xüsusi nəzmlə düzüldüklərindən xəbər verir.
Bu cümlədən aydın olur ki, onlar bir-birlərini görmək üçün yığıncaq şəklində məclislər təşkil edirlər. Hər hansı puç və mənasız sözlərdən xali olan, yalnız ilahi lütfdən, Onun sonsuz nemətlərindən, dünyanın ağrısı-acısından, dərd-bəlasından, eləcə də axirət əzabından necə xilas olduqlarından söhbət açılan bu yığıncaqların zövq və ləzzətini heç bir şeylə müqayisə etmək olmaz.
Sözügedən ayələrin sonuncusunda Cənnətin dəbdəbəli xalçalarına işarə edərək deyilir:
وَ زَرابِیُّ مَبْثُوثَهٌ
"Orada dəbdəbəli və çox gözəl xalçalar döşənmişdir."
“Zərabiyy” sözü “zəribə” sözünün cəm formasıdır. “Zəribə” yumşaq, rahat və qiymətli xalçalara deyilir. Aydındır ki, dincəlmək və asayiş üçün olan bu avadınlıqlar orada olanlardan balaca bir nümunədir.
Bu ayələrdə yeddi əhəmiyyətli Cənnət neməti diqqəti cəlb edir. Onların hər biri digərindən daha gözəl və maraqlıdır.
Qısa sözlə desək, Cənnət hər cür narahatçılıqdan, müharibədən, mübahisədən xali olan, meyvələri rəngarəng, nəğmələri ruh oxşayan, bulaqları həmişə axar, şərabları pakizə, xidmətçiləri ləyaqətli, zövcələri bənzərsiz, taxtları bəzəkli, xalçaları dəbdəbəli, dostları saf ürəkli, bulaq kənarındakı qab və qədəhləri zərif, misli olmayan bir yerdir.
Xülasə, oranın nemətləri bu dünyanın məhdud sözləri ilə şərh oluna, xəyal aləmində dərk oluna bilməz. Onların hamısı saleh əməlləri ilə bu ilahi məkana daxil olmaq vəsiqəsi qazanan mömin insanların yolunu gözləyirlər.
Bu maddi nemətlərdən də yüksəkdə mənəvi nemətlər dayanır. Mənəvi nemətlərin də arasında ən üstünü “Liqaullah”, yarla görüş və məbudun lütfləridir ki, bir an onu əldə etmək mümkün olsa, Cənnətin bütün maddi nemətlərindən üstündür. Şair bu haqda demişdir:
گرم به دامن وصل تو دسترس باشد دگر ز طالع خویشم چه ملتمس باشد؟!
اگر به هر دو جهان یک نفس زنم با دوست *** مرا ز هر دو جهان حاصل آن نفس باشد
Şərh qeydə alınmayıb