Qısa cavab:
Qeyd olunmuş nemətlər aşağıdakılardan ibarətdir: Tikansız Sidr ağacının kölgəsi, Təlh ağacının kölgəsi, uzanan geniş kölgəlik, (füsunkar mənzərəli) şəlalə kimi tökülən suyun kənarı, müxtəlif meyvələr ki, nə tükənəndir, nə də istifadəsi qadağan və qiymətli zövcələri var
Ətraflı cavab:
Allah-taala sözügedən ayələrdə altı nemətin adını çəkir:
İlk öncə buyurur:
فِی سِدْر مَخْضُود
"Tikansız Sidr ağacının kölgəsində!"
Bu, Cənnət ağaclarının bizim dünya sözləri ilə mümkün olan ən aydın və başa düşülən vəsfidir. Çünki sidr ağacı bəzi dilçilərə görə hündürlüyü dörd metrə çatan iri gövdəli bir ağacdır. Deyilənlərə görə, bu ağac iki min il yaşayır. Geniş və sərin kölgəsi olur. Bu ağacın yeganə eybi tikanlı olmasıdır. Lakin “xəzd” (tikanı qoparmaq) sözündən götürülmüş “məxzud” sözü ayədəki Cənnət sidrlərində bu müşkülü həll edir.
Hədisdə nəql olunur ki, Quranın sözlərindən hər biri Peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələri üçün qaranlıq qalanda deyərdilər: “Allah-taala bədəvi ərəblərin və onların suallarının hesabına bizi bəhrələndirir.” O cümlədən, bir gün bədəvi ərəblərdən biri Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gəlib belə bir sual verdi:
− Ey Allahın Rəsulu! Allah-taala Quranda adamı incidən ağaclardan birinin adını çəkir. Mən Cənnətdə belə bir ağacın olacağına inanmazdım.
Həzrət soruşdu:
− Hansı ağac?
O dedi:
− Sidr ağacı. Onun tikanı var.
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
− Məgər Allah buyurmurmu ki, “Fi sidrin məxzud”? Mənası odur ki, onun tikanlarını qoparacaqlar. Hər tikanın yerinə meyvə asacaqlar. Hər meyvədə də 72 rəngdə qida maddəsi var. Onların heç biri digərinə bənzəmir.
İkinci nemət barədə buyurur:
وَ طَلْح مَنْضُود
"Onlar Təlh ağacının kölgəsində olarlar."
“Təlh” yaşıl və ətirli bir ağacdır. Alimlərdən bir qrupu bu qənaətdədirlər ki, “təlh” ağacı bizim tanış olduğumuz banan ağacıdır. Onun yarpaqları çox enli, yaşıl və gözəldir. Meyvələri şirin və dadlıdır. “Mənzud” sözü isə “nəzd” (toplu) kəlməsindən götürülmüşdür. Bu söz onun meyvələrinin və yaxud yarpaqlarının üst-üstə toplandığına görə də ola bilər. Hətta bəzi alimlərə görə, bu ağaclar o qədər meyvədən boldurlar ki, budaqları meyvə ilə örtülmüşdür.
Bəzi təfsir alimləri də bu fikirdədir ki, Sidr ağacının yarpaqlarının xırda, Banan ağacının yarpaqlarının isə çox enli olduğunu nəzərə alsaq bu iki ağacın adlarının çəkilməsi bu iki ağacın arasında yer tutan bütün Cənnət ağaclarına zərif bir işarədir.
Sözügedən ayələrdə üçüncü Cənnət neməti belə təsvir olunur:
وَ ظِلّ مَمْدُود
"Və uzanan geniş kölgəlik."
Bəzi təfsirçilər bu geniş kölgəni səhər gün çıxmazdan öncə hava işıqlanan vaxta bənzətmişlər. O vaxt kölgə hər yeri bürüyür. “Rövzətul-Kafi” kitabındakı hədislərin birində bu təfsir böyük İslam peyğəmbərindən (sallallahu əleyhi və alih) nəql olunur. Məqsəd budur ki, günəşin hərarəti Cənnət sakinlərini incitmir. Onlar daim ruh oxşayan, geniş və ətirli kölgədə vaxt keçirirlər.
Dördüncü yeri Cənnət suları tutur. Ayədə buyurur:
وَ ماء مَسْکُوب
"Və (füsunkar mənzərəli) şəlalə kimi tökülən suyun kənarında."
“Məskub” sözü “səkb” sözündən götürülmüşdür. Bu söz əslində “tökülmək” (axmaq) deməkdir. Suyun yuxarıdan aşağıya şəlalə formasında axması ən gözəl mənzərəni yaradır. Onun zümzüməli şırıltı səsləri insanın ürəyini nəvaziş edir, mənzərəsi göz oxşayır. Bu mənzərə Cənnət əhlinin nemətlərindən biri qərar verilmişdir.
Həmçinin, o ağaclar və daim axan o sular müxtəlif meyvələrlə yanaşıdır. Bu baxımdan beşinci nemət məhz odur:
وَ فاکِهَه کَثِیرَه
"Və müxtəlif meyvələr."
لامَقْطُوعَه وَ لامَمْنُوعَه
"Nə tükənəndir, nə də istifadəsi qadağan."
Bəli, o meyvələr bu dünyadakı meyvələrdən deyil. Bu dünyada meyvələr müəyyən fəslə məxsusdur, ildə bir neçə həftə və yaxud bir neçə ay ağaclarda görünür. Həmçinin, bu dünyada bəzi meyvələri tikanların əlindən yığmaq olmur. Bəzən ağacın çox hündür olması təhlükə yaradır, bəzən insanın orqanizmi meyvəni həzm edə bilmir. Cənnətin sahibi isə Allahın özüdür. Cənnətin məmurları və keşikçiləri simiclik göstərmir, nəyisə qadağan etmirlər. Bu üzdən şərait tamamilə mövcud, maneə isə əsla yoxdur.
Bu yerdə daha bir nemətin adı çəkilir:
وَ فُرُش مَرْفُوعَه
"Onların qiymətli zövcələri var."
“Furuş” sözü “firaş” sözünün cəm formasıdır. Bu söz əsl mənasında açılan hər hansı xalça və ya yatağa deyilir. Həmin münasibətlə bu söz məcazi formada həyat yoldaşı (istər kişi, istər qadın) mənasında işlənir.
Bu səbəbdən həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan məşhur hədisdə deyilir:
الوَلَدُ لِلْفَراشِ وَ لِلْعاهِرِ الحَجَرُ
"Ərli qadından doğulmuş uşaq həmin “fırasa” (ərə, ailəyə) aiddir. Fasiq və zinakar bir kişinin olduğu təqdirdə cəzası daşdır. (Onun nütfəsinin bağlanması ehtimalı qəbul olunmur.)"
Bəzi alimlər isə “furuş” sözünü həqiqi mənasında təfsir etmiş, onu Cənnətin çox qiymətli xalçaları və yataqları kimi izah etmişlər. Lakin belə olduqda hurilərdən və zövcələrdən bəhs edən sonrakı ayələrin bu ayə ilə əlaqəsi kəsilir. (1)
Şərh qeydə alınmayıb