Qısa cavab:
Quran ayəsinə görə bu (əzab) yer üzündə nahaq yerə şadlıqlarına görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdılar. Nəqllərə görə onlar peyğəmbərlərə etiraz etməkdən, mömin insanları öldürməkdən, yoxsul və zəif insanları əzməkdən zövq alırdılar. Günah işlər görməkdən və qanunu pozmaqdan qürur hissi duyurdular.
Ətraflı cavab:
“Qafir” surəsinin 75-ci ayəsində kafirlərin çətinliyə düşmələrinin səbəblərinə toxunulur:
ذلِکُمْ بِما کُنْتُمْ تَفْرَحُونَ فِى الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَ بِما کُنْتُمْ تَمْرَحُونَ
"Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız."
Peyğəmbərlərə etiraz etməkdən, mömin insanları öldürməkdən, yoxsul və zəif insanları təzyiq altında saxlamaqdan zövq alırdılar. Günah işlər görməkdən və qanunu pozmaqdan qürur hissi duyurdular.
Hazırda bütün o yersiz şadyanalıq, qürur, qəflət və şəhvət sərxoşluğunun əvəzini bu qıfıl-zəncirlərin və od-alovun arasında ödəməlidirlər.
“Təfrəhun” sözü “fərihə” kökündən götürülmüşdür, şadlıq və sevinc deməkdir. Bəzən bu iş xoşagələn və layiqli iş sayılır. Necə ki, “Rum” surəsinin 4-5-ci ayələrində deyilir:
وَ یَومَئِذ یَفْرَحُ الْمُوْمِنُونَ * بِنَصْرِ اللّهِ
"O gün, Allahın köməyi və yardımı ilə möminlər sevinəcəklər."
Bəzən də sevinmək və şadyanalıq pislənilir və haqsız sayılır. Belə ki, “Qəsəs” surəsinin 76-cı ayəsində Qarunun barəsində oxuyuruq:
اِذْ قالَ لَهُ قَومُهُ لاتَفْرَحْ اِنَّ اللّهَ لایُحِبُّ الْفَرِحِینَ
"(Yada sal,) o zamanı ki, qövmü ona dedi: “(Malına qürrələnib) sevinmə. Çünki Allah qürrələnib sevinənləri sevməz”.
Bu fərqi hadisələrin gedişatından da bilmək mümkündür. Aydındır ki, sözügedən ayədə “fərihə” sözü ikinci növdən sayılır.
“Təmrəhun” sözü isə “mərəh” kökündən alınmışdır. Bəzi lüğət və təfsir alimlərinə görə həddindən artıq fərəhlənmək deməkdir. Başqa alimlər isə hesab edirlər ki, onun mənası əsassız yerə şadlıq etmək deməkdir. Digərləri də bu sözün həyəcanlı şadlıq etmək və ilahi nemətləri haqsız yerlərə sərf etmək demək olduğunu vurğulamışlar.
Demək olar ki, bu tərcümələrin hamısı eyni mənaya qayıdır. Çünki çox şənlənib şadlıq etmək və bu istiqamətdə ifrata yol vermək problemlər yaradır, müxtəlif günahlara, əyyaşlığa və şəhvətpərəstliyə gətirib çıxarır.
Bəli, belə şadlıqlar adətən qürrələnmək, qəflət, məlumatsızlıq, şəhvətpərəstiliklə yanaşı insanı sürətlə Allahdan uzaqlaşdırır və həqiqətləri dərk etməkdən saxlayır, gerçəkləri zarafat, həqiqətləri məcazi əks etdirir.
Belə yerdə onlara xitab olunur:
اُدْخُلُوا اَبْوابَ جَهَنَّمَ خالِدِینَ فِیها
"Cəhənnəmin qapılarından daxil olun və orada əbədi qalın." (1)
فَبِئْسَ مَثْوَى الْمُتَکَبِّرِینَ
"Təkəbbürlülərin yeri necə də pis yerdir." (2)
Bu cümlə yenidən bir məsələ üzərində təkid edir ki, onların biçarəliklərinin əsas səbəbi o təkəbbür və yersiz qürurdur. Bu təkəbbür fəsadların anası, insanın gözləri ilə haqq arasında hicab, peyğəmbərlər qarşısında müqavimət amili, batil yolunda isrardır. (3)
Şərh qeydə alınmayıb