Qısa cavab:
Quran ayələrində həmin gün ilahi əzabın şiddəti iki qısa cümlə ilə ifadə olunur. Ayədə deyilir:
“O gün pərvərdigar onu elə əzaba düçar edəcək ki, heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! Və heç kim Onun kimi zəncirləyə bilməz.”
Onun zəncir və bəndlərinin, əzab və cəzalarının misli bərabəri yoxdur. Çünki onlar bu dünyada Allahın məzlum bəndələrini bacardıqları qədər zəncirləyib çəkir, ən ağır işgəncələrə məruz qoyurdular.
Ətraflı cavab:
Bu sualın cavabı “Fəcr” surəsinin 23-26-cı ayələrində verilmişdir. Allah-Taala buyurur:
وَ جِیءَ یَوْمَئِذ بِجَهَنَّمَ یَوْمَئِذ یَتَذَکَّرُ الاْنْسانُ وَ اَنّى لَهُ الذِّکْرى
“O gün cəhənnəm (yaxına) gətiriləcək, o gün insan xatırlayar, amma bu xatırlamaqdan ona heç bir faydası olmayacaq.”
Ayədən cəhənnəmin daşınan olması qənaətinə gəlirik. Onu günahkarlara yaxınlaşdıracaqlar. Necə ki, “Şüəra” surəsinin 90-cı ayəsində oxuyuruq:
اُزْلِفَتِ الْجَنَّهُ لِلْمُتَّقِیْنَ
“(O gün) Cənnət təqvalılara yaxınlaşdırılar.”
Bəzi təfsirçilər ayəni məcazi mənaya yozaraq cənnət və cəhənnəmin saleh və günahkar insanların gözlərinə görünməsi ideyasını irəli sürmüşlər.
Lakin ayənin aşkar mənasının ziddinə olan bu iddianı təsdiqləyəcək heç bir şahid yoxdur. Əksinə ayəni olduğu kimi saxlamaq daha yaxşı olar. Çünki, Qiyamət aləminin gerçəklikləri tam çılpaqlığı ilə bizə aydın deyil. Oradakı hakim şərait buradan çox fərqlidir. Həmin gün cənnət və cəhənnəmin yer dəyişməsinin heç bir eybi yoxdur.
Həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədisdə oxuyuruq:
“O gün cəhənnəm (yaxına) gətiriləcək” ayəsi nazil olanda həzrətin üz rəngi dəyişdi. Səhabələr nə edəcəklərini bilmədilər. Onlardan bəzisi hadisəni Əliyə (ə) xəbər verməyə getdilər. Əli (ə) özünü ora çatdırdı. Peyğəmbərin (s) sinəsindən öpüb dedi:
−Ey Allahın Rəsulu! Atam-anam sənə qurban, nə baş verib?
−Bu ayəni mənə nazil etdilər, − deyə Peyğəmbər (s) cavab verdi.
−Cəhənnəmi necə gətirəcəklər? – deyə həzrət Əli (ə) soruşdu.
Peyğəmbər (s) buyurdu:
−O, boyun qaçırdığı halda yetmiş min mələk onu yetmiş min cilovla çəkib gətirirlər. Onu öz başına buraxsalar hər yeri yandırıb-yaxar. Sonra mən cəhənnəmin qarşısında dayanıram. O deyir: “Ey Məhəmməd! Mənim səninlə işim yoxdur. Allah-Taala sənin ətini yandırmağı mənə haram etmişdir. Həmin gün hər kəs özünün fikrindədir. Lakin Məhəmməd deyir: “Pərvərdigara, ümmətim, ümmətim.”
Bəli, günahkar insan bu səhnələri görəndə özünü itirir və sanki yuxudan oyanır. Qəm-qüssə bütün vücudunu bürüyür. Öz keçmişinə nəzər salır. Pis əməllərindən çox peşmandır. Amma bu peşmançılığın ona heç bir faydası yoxdur.
İnsan dünyaya qayıtmağı və qaranlıq keçmişini düzəltməyi arzulayır. Amma qayıdış qapıları tamamilə bağlıdır. O, tövbə etmək istəyir. Amma tövbə zamanı çoxdan keçmişdir.
Pis əməllərinin əvəzini çıxmaq üçün yaxşı əməllər etmək arzusundadır. Amma əməl kitabı artıq bağlanmışdır. Belə yerdə fəryadı göylərə ucalır və deyir:
یَقُولُ یا لَیْتَنِی قَدَّمْتُ لِحَیاتِی
“Kaş ki, mən öz həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!”
Maraqlıdır ki, o, “axirət həyatım üçün” demir, sadəcə “həyatım” deyir. Sanki həyat anlayışı axirət həyatından başqa həyata aid deyil. Tezkeçən, müxtəlif çətinliklərlə yanaşı olan dünya həyatı, həyat sayılmır.
Necə ki, “Ənkəbut” surəsinin 64-cü ayəsində buyurur:
وَ ما هذِهِ الْحَیاهُ الدُّنیا اِلاّ لَهْوٌ وَ لَعِبٌ وَ اِنَّ الدّارَ الآخِرَهَ لَهِیَ الْحَیَوانُ لَوْ کانُوا یَعْلَمُونَ
“Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır. Kaş biləydilər!”
Bəli, yetimlərin malını qarət edən, acların ağzına bir dilim çörək qoymayan, miras əmlakını ondan-bundan zorla alan və qəlblərini dünya malının sevgisi bürüyən insanlar o gün belə arzu edib deyərlər: “Kaş, həqiqi və əbədi həyat, axirət həyatım üçün öncədən bir şey göndərəydim.” Lakin bu iltimaslar heç vaxt gerçəkləşməyən arzulardır.
Sonrakı ayələrdə həmin gün ilahi əzabın şiddəti iki qısa cümlə ilə ifadə olunur. Ayədə deyilir:
فَیَوْمَئِذ لایُعَذِّبُ عَذابَهُ اَحَدٌ
“O gün pərvərdigar onu elə əzaba düçar edəcək ki, heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz!”
Bəli, tüğyançılar güdrət və hakimiyyətə çatdıqda ən murdar günah və cinayətlərə əl atırlar. Onlar o gün misli görünməmiş əzabla cəzalandırılacaqlar. Eləcə də saleh insanlar təsəvvür edilməyəcək dərəcədə möhtəşəm savabla mükafatlandırılacaqlar. Çünki Allah, bir tərəfdən mərhəmətlilərin ən mərhəmətlisi, digər tərəfdən ən sərt cəzalandırandır.
وَ لایُوثِقُ وَثاقَهُ اَحَدٌ
“Və heç kim Onun kimi zəncirləyə bilməz.”
Onun zəncir və bəndlərinin, əzab və cəzalarının misli bərabəri yoxdur. Niyə də belə olmasın? Onlar bu dünyada Allahın məzlum bəndələrini bacardıqları qədər zəncirləyib çəkir, ən ağır işgəncələrə məruz qoyurdular. (1)
Şərh qeydə alınmayıb