Qısa cavab:
Sözsüz ki, təlim və tərbiyə üçün iki – həvəsləndirici və çəkindirici – amil olmalıdır.
Cənnət və cəhənnəm də həqiqətdə bu iki qüvvə hökmündədir. Cənnət haqq yolçularının özünə doğru səsləyir. Onları ibadət və itaətə sövq edir. Cəhənnəm onları düz yoldan azmaqdan, Allahın fərmanlarından boyun qaçırmaqdan saxlayır. Söz yox ki, onların hər ikisi zəruridir.
Əlbəttə, Allah-Taala mükafat və hərəkət verici qüvvəyə daha çox əhəmiyyət vermişdir. Belə ki, hər yaxşı iş üçün ən azı 10 bərabər mükafat verir. Amma pis işə görə bir dəfədən artıq cəzalandırmır.
Ətraflı cavab:
Həzrət Əli (ə) “Həmmam” xütbəsində buyurur: “Allah-Taala nə bizim ibadətimizə ehtiyaclıdır, nə də günahlarımız ona bir zərər vurur.” Şair demişkən:
گر جمله کائنات کافر گردند *** بر دامن کبریاش ننشیند گرد
Cümlə kainat kafir olsa da Əzəmət libasına toz oturmaz
Sözsüz ki, təlim və tərbiyə üçün iki – həvəsləndirici və çəkindirici – amil olmalıdır.
Mükafat insanları təlim və tərbiyəyə doğru sövq edir. Cəza onları təlim-tərbiyə istiqamətindən dönməkdən saxlayır. Bu iki amil olmasa, təlim və tərbiyə qeyri-mümkündür. Aydındır ki, nə mükafatın müəllim üçün bir faydası var, nə də cəza ondan hər hansı bir zərəri uzaqlaşdırır. Təlim-tərbiyə istiqamətində hərəkət etməyin müəllimə faydası, bu yoldan çıxmağın isə zərəri yoxdur. Mövzu haqda kiçik bir misal çəkmək istəsək, təlim və tərbiyəni avtomobilə bənzədə bilərik. Avtomobil hərəkət edərkən gediş zolağından çıxmaması üçün həm qaza həm də əyləcə ehtiyacı var. Bu ikisinin rolu o qədər mühümdür ki, avtomobildə onların hər ikisi olmasa, məqsədə çatmayacaqdır. Necə ki, onların biri də olmasa, yenə də məqsəd hasil olmayacaq.
Bu məsələ İslam peyğəmbərinin (s) xüsusiyyətində də gözə dəyir. Necə ki, Allah-Taala həzrəti həm “bəşir” (müjdəçi), həm də “nəzir” (qorxudan) adlandırmışdır. Bəşir dedikdə həmin hərəkət verici qüvvə nəzərdə tutulur. Nəzir dedikdə isə məqsəd çəkindirici qüvvədir. Cənnət və cəhənnəm də həqiqətdə bu iki qüvvə hökmündədir. Cənnət haqq yolçularının özünə doğru səsləyir. Onları ibadət və itaətə sövq edir. Cəhənnəm onları düz yoldan azmaqdan, Allahın fərmanlarından boyun qaçırmaqdan saxlayır. Söz yox ki, onların hər ikisi zəruridir.
Əlbəttə, Allah-Taala mükafat və hərəkət verici qüvvəyə daha çox əhəmiyyət vermişdir. Belə ki, hər yaxşı iş üçün ən azı 10 bərabər mükafat verir. Amma pis işə görə bir dəfədən artıq cəzalandırmır. (1)
Cəza və mükafat, onların hər ikisinə düzgün riayət etmək və əhəmiyyət vermək idarəetmənin əsaslarından biridir. (2) Müvəffəq bir müdir həm mükafatlara arxalanmalı, işçiləri münasib mükafatlarla həvəsləndirməli, həm də lazım gəldikdə qanun pozucularını, işdə səhlənkarları cəzalandırmalıdır. Təbii ki, cəza ilə müqayisədə mükafatdan daha çox istifadə edilməlidir.
Yuxarıdakı bəhslərdən aydın oldu ki, əzab və savab, mükafat və cəza, müjdə və hədə-qorxunun hər biri lazım və zəruridir.
Bu üzdən dünyanın bir guşəsində oturub xəyallara qapılan, edam cəzasının ləğvi üçün şüarlar səsləndirən, “Törətdiyi cinayətdən asılı olmayaraq heç kəs heç bir vəchlə edam olunmamalıdır” – deyən insanların etiqadı heç bir qanuna uymur. Bu incə qəlbli cənablar bu qədər qatil, canil, oğru, təcavüzkar, manyak və narkotik qaçaqmalçılarına ürək yandırarkən heç onların qurbanları düşünürlərmi? Yalnız cinayətkarların yaşamaq haqqı var? Onların qurbanlarının yaşamaq haqqı yox idimi? Olarmı ki, bir bölgədə sabitliyi pozan təcavüzkarlar əmin-amanlıqda həyat sürsün, amma oranın əhalisi iztirab, qorxu içində yaşasın və təhlükəsizlik onlar üçün bir röyaya çevrilsin? Bunlar sözlərlə oynamaq deyil, əksinə, onların inanmaq istəmədikləri acı həqiqətlərdir. Çünki cinayətkarlar edam olunmasalar, bir müddət həbsdə qalandan sonra yenidən azad olacaqlar, başqa insanlar da özlərində cinayət törətməyə cəsarət tapacaq və asanlıqla oxşar cinayətlərə əl atacaqlar. Onlar tək nəfərlik kameralarda saxlansalar bir müddətdən sonra ruhi problemlərlə üzləşəcəklər. Yox, əgər ümumi həbsxanada saxlanılsalar məlumat və təcrübələrini başqalarına aşılayacaqlar. Beləliklə həbsxana oğurluq, xəyanət və digər cinayət işləri üzrə təlim sinfinə çevriləcək. Həbsxanadan azad olandan sonra isə dustağın cəmiyyətə təhlükəsizlik, qorxu və iztirabdan başqa sovqatı olmayacaq. Bu üzdən, həm cəza tədbirləri həm də mükafatlandırma, hər ikisi öz növbəsində zəruridir.
Nəticə etibarı ilə, Allah-Taalanın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Bizim günahlarımız ona heç bir zərər yetirmir. Amma bizi mənəvi baxımdan saflaşdırmaq və təkamül yoluna hidayət etmək məqsədi güddüyü üçün peyğəmbərlərin təlim-tərbiyə proqramlarını bizim üçün göndərmiş, bu səadətə çatdıran proqramların gerçəkləşdirilməsi üçün cənnət və cəhənnəm vədi vermişdir. Bu məsələ “İftitah” şüasında nə qədər gözəl ifadə olunmuşdur. Duada deyilir:
اَیْقَنْتُ اَنَّکَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِینَ فِى مَوْضِعِ الْعَفْوِ و الرَّحْمَهِ، وَ اَشَدُّ الْمُعَاقِبِینَ فِى مَوْضِعِ النَّکَالِ وَ النَّقِمَهِ
“Pərvərdigara! Əminəm ki, sən əvf edib bağışlayarkən ən mərhəmətlisən, cəzalandırıb ibrət verərkən isə cəza verənlərin ən sərtisən.”
Bəli, Allah-Taala öz yerində əvf edən, bağışlayan və mərhəmət göstərəndir. Öz yerində də əzab edən, cəzalandırandır. Bu iki sifət olmadan təlim-tərbiyə qeyri-mümkündür. (3)
Allah-Taala Quranda buyurur:
وَ یَسْتَعْجِلُونَکَ بِالْعَذابِ
Onlar əzab barəsində tələsir və onu səndən tez istəyərək deyirlər: “İlahi əzab haqdırsa, kafirlərin yaxasını tutacaqsa, bəs nə üçün bizim yaxamızı tutmur?”
Allah-Taala buyurur:
وَ لَوْ لا اَجَلٌ مُسَمّىً لَجاءَهُمُ الْعَذابُ
“Əgər vaxt təyin olunmasaydı, İlahi əzab dərhal onların yaxasını tutardı.“
Bu müəyyən olunmuş vaxt əsas hədəfin, yəni onların qəflətdən oyanması və yaxud dəllillərin onlara tamamlanması üçün nəzərdə tutulmuşdur. Allah-Taala heç bir zaman öz hikmətinin əksinə olaraq işlərində tələskənliyə yol vermir.
Digər tərəfdən bu sözü deyənlər haradan əmindirlər ki, İlahi əzab hər an yaxalarını tutmayacaq?
وَ لَیَاْتِیَنَّهُمْ بَغْتَهً وَ هُمْ لایَشْعُرُونَ
“Çünki bu əzab qəfildən və müqəddiməsiz onların bilmədiyi halda başlarına gələcək.”
Əzab vaxtı tamamilə müəyyən olsa da məsləhət belədir ki, onların o vaxtdan xəbərləri olmasın və əzab müqəddiməsiz onlara çatsın. Onun vaxtı əvvəlcədən elan olunsaydı, kafirlərin, günahkarların cürətlənmələrinə səbəb olardı. Onlar son ana qədər günah və küfrlərinə davam edərdilər. Əzab yetişdiyi son anda hamılıqla tövbə edib haqq yoluna qayıdardılar. Bu əzabların tərbiyəvi əhəmiyyəti vaxtlarının qeyri-müəyyən qalmasını tələb edir ki, hər an öz təsirini qoysun. Onun qorxu və iztirabı çəkindirici amil olsun. (4) (5)
Şərh qeydə alınmayıb