Qısa cavab:
Hədislərdə bir sıra xeyir əməllərin üzərində daha çox təkid olunur və onlar Qiyamət günü əməl tərəzisinin çəki vahidi adlandırılır. Hədislərin birinə görə Allah Qiyamət günü əməl tərəzisini “La İlahə illəllah” cümləsi ilə ağır edəcəkdir. Digər bir hədisə görə əməl tərəzisində Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməkdən ağır bir əməl yoxdur.
Ətraflı cavab:
Şübhəsiz ki, bütün yaxşı və saleh əməllərin dəyərləri eyni deyil. Onların arasında böyük fərqlər vardır. Bu səbəbdən islami qaynaqlarda bir sıra xeyir əməllərin üzərində daha çox təkid olunur və onlar Qiyamət günü əməl tərəzisinin çəki vahidi adlandırılır.
O cümlədən, Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan bir hədisi misal çəkmək olar: Peyğəmbər (s) “La İlahə illəllah” cümləsini belə təfsir etdi:
یَعْنِى بِوَحْدانِیَّتِهِ، لا یَقْبَلُ اللّهُ الاَعْمالَ اِلاّ بِها، وَ هِىَ کَلِمَهُ التَّقْوى یَثْقُلُ اللّهُ بِهَا الْمَوازِیْنَ یَوْمَ الْقِیامَهِ
“La İlahə illəllah” cümləsi Allahın təkliyinə işarə və sübutdur. Allah heç bir əməli onsuz qəbul etməyəcəkdir. O təqva kəlməsidir. Allah əməl tərəzisini Qiyamət günü onunla ağır edəcəkdir."
Başqa bir hədisdə Həzrət Əlidən (əleyhis-salam) Allahın birliyi və Peyğəmbərin (sallallahu əleyhi və alih) nübüvvəti haqqında şəhadət barəsində belə nəql olunur:
خَفَّ مِیزانٌ تُرْفَعانِ مِنْهُ وَ ثَقُلَ مِیزانٌ تُوضَعانِ فِیه
"Bu iki şəhadət götürülən tərəzinin gözü yüngüldür. Bu iki şəhadət qoyulan tərəzinin gözü ağırdır."
İmam Baqirdən və yaxud İmam Sadiqdən nəql olunan digər bir hədisdə oxuyuruq:
ما فِی الْمِیزانِ شَیْءٌ اَثْقَلُ مِنَ الصَّلاهِ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد
"Əməl tərəzisində Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməkdən ağır bir əməl yoxdur."
Hədisin sonunda buyurur:
"Qiyamət günü bəzi insanların əməlləri tərəziyə qoyularkən onların əməlləri olan gözü yüngül gələcək. Daha sonra Məhəmməd və Ali-Məhəmmədə salavatı onun gözünə qoyarlar və ağır gələr."
Maraqlısı budur ki, hədislərin birində İmam Baqirdən (əleyhis-salam) belə nəql olunur:
مَنْ کانَ ظاهِرُهُ اَرْجَحَ مِنْ باطِنِهِ خَفَّ مِیزانُهُ
"Hər kəsin zahiri görünüşü daxilindən (batinindən) gözəl olarsa,
Qiyamət günü onun əməl tərəzisi yüngül gələr."
Bu bəhsimizi Salman Farsinin həqiqətdə vəhy və sünnənin xülasəsi olan sözləri ilə başa çatdırırıq:
اَمّا اَوَّلِی وَ اَوَّلُکَ فَنُطْفَهٌ قَذِرَهٌ وَ اَمّا آخِرِی وَ آخِرُکَ فَجِیفَهٌ مُنْتِنَهٌ فَاِذا کانَ یَوْمُ الْقِیامَهِ، وَ نُصِبَتِ الْمَوازِینُ فَمَنْ ثَقُلَتْ مَوازِینُهُ فَهُوَ الْکَرِیمُ وَ مَنْ خَفَّتْ مَوازِینُهُ فَهُوَ اللَّئِیمُ
Bir şəxs təhqir etmək məqsədilə Salmana dedi:
−Sən kimsən? Sən nəsən? Sənin heç bir dəyərin yoxdur!
Salman cavabında dedi:
−Səninlə mənim varlığımızın başlanğıcı çirkin bir nütfə idi. Səninlə mənim sonum da iylənmiş murdar bir cəsəddir. Qiyamət günü çatanda, əməl tərəzisi qurulanda hər kəsin əməl tərəzisi ağır olsa, şərafətli və hörmətlidir. Hər kəsin əməl tərəzisi yüngül gəlsə, alçaq və dəyərsizdir. (1)
Şərh qeydə alınmayıb