Qısa cavab:
Bir hədisə görə Allah-taala Qiyamət günü bəndələrinin hamısından bir qoyunun sağılacağı qısa bir müddətdə hesab çəkəcəkdir. Digər hədisdə deyilir: "Allah-taala bütün bəndələrinin hesabına bir göz qırpımında yetişəcəkdir."
Ətraflı cavab:
İnsanlar öz dövranlarını sürdükdən sonra irili-xırdalı hər şeyin qeyd olunduğu əməl dəftərləri ilə Qiyamət günü "Öz həqiqi sahibləri olan Pərvərdigara doğru qaytarılacaqlar".
ثُمَ رُدُّوا الَى اللهِ مَوْلاهُمُ الْحَقِّ
Həmin məhkəmədə "Mühakimə və hökm yalnız Allahın pak zatına məxsusdur".
اَلا لَهُ الْحُکْمُ
Bəşər övladı öz keşməkeşli tarixi boyu yaşadığı əməllərin hamısı üçün sürətlə hesaba çəkiləcəkdir.
وَ هُوَ اَسْرَعُ الْحاسِبینَ
Belə ki, bəzi hədislərdə buyurulur: "Allah-taala Qiyamət günü bəndələrinin hamısından bir qoyunun sağılacağı qısa bir müddətdə hesab çəkəcəkdir."
انَّهُ سُبْحَانَهُ یُحَاسِبُ جَمیعَ عِبادِهِ عَلى مِقْدارِ حَلْبِ شاه
Bəndələrin hesablarına o qədər sürətlə baxılacaq ki, hətta bir an içində onların bütün hesablarına aydınlıq gətirilə bilər. Hədisdə bir qoyunun sağılacağı müddətin də qeyd olunması zamanın qısalığından xəbər verir.
Eləcə də başqa bir hədisdə oxuyuruq:
اِنَّ اللهَ تَعالى یُحاسِبُ الْخَلائِقَ کُلَّهُمْ فِى مِقْدارِ لَمْحِ الْبَصَرِ
"Allah-taala bütün bəndələrinin hesabına bir göz qırpımında yetişəcəkdir."
Onun sübutu da yuxarıdakı ayənin təfsirində qeyd olunanlardır: İnsanın əməlləri onun vücudunda və ətrafındakı varlıqlarda təsir və iz qoyur. Yəni eynilə hərəkət etdiyi məsafəni və işlədiyi miqdarı qurğu üzərində rəqəmlərlə qeyd edən maşınlara bənzəyirlər. Daha aydın desək, dəqiq aparatlar olsa, insanın xəyanətlə qarışıq baxışlarının sayını gözündən oxuya, insanın dilinin üzərindən yalanlarının, böhtanlarının, atmacalarının və yanlış sözlərinin sayını öyrənə bilər.
Sözün qısası, insanın ruhundan əlavə orqanizminin hər üzvünün özündə hesablayıcı qurğu var ki, bir anda onun əməllərinin say-hesabına aydınlıq gətirə bilər.
Bəzi hədislərdə dövlətli və məsul insanların həmin gün hesablarının uzun çəkəcəyini oxuyuruqsa, bu da həqiqətdə əməllərinin hesablanmasını gözlədiklərinə görə deyil, onların əməlləri haqqında verilən suallara cavab vermələridir. Yəni məsuliyyət yükünün ağırlığı, cavab vermənin vacibliyi və dəlil-sübutun tamamlanması onların məhkəmə müddətini uzadır.(1)
Şərh qeydə alınmayıb