Qısa cavab:
Ayələrdə insanın yaxşı və pis əməllərinin hər zərrəsini görməsi "ümumi qanun" şəklindədir. Bilirik ki, hər qanunun istisna halları ola bilər. “Əfv”, “tövbə”, “əhbat” və “təkfir” ayələri də həqiqətdə bu ümumi qanunun müstəsna hallarıdır.
Həmçinin "Əhbat” və “təkfir” hallarında həqiqətdə tarazlıq, kəsr, azaltma baş verir. Bu, eynilə alınacaq və veriləcək borclar kimidir, bir-birindən çıxılır, azaldılır. İnsan bu tarazlığın nəticəsini görəndə həqiqətdə bütün yaxşı və pis əməllərini görmüşdür. Həmin sözü əfv və tövbə halları haqqında da demək olar. Çünki insanın ləyaqəti olmasa əfvə nail olmur. Tövbə də öz-özlüyündə xeyir əməllərdən biri hesab olunur.
Ətraflı cavab:
Quranın müxtəlif ayələrindən belə başa düşmək olur ki, Qiyamət günü əməllərdən son dərəcə diqqət və incəliklə hesab çəkiləcək. “Loğman” surəsinin 16-cı ayəsində deyilir:
یا بُنَیَّ اِنَّها اِنْ تَکُ مِثْقالَ حَبَّه مِنْ خَرْدَل فَتَکُنْ فی صَخْرَه اَوْ فِی السَّماواتِ اَوْ فِی الاَرْضِ یَاْتِ بِهَا اللّه اِنَّ اللّه لَطیفٌ خَبیر
“Ey oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində gizlənmiş olsa, Allah onu (Qiyamət günü) haqq-hesab üçün gətirəcəkdir, çünki Allah dəqiq və xəbərdardır”.
“Xardal” dənəsi tanınmış bir bitkinin xırdalıqda zərbül-məsəl olan çox kiçik dənəsidir. Bu ifadələr göstərir ki, o böyük məhkəmədə ən xırda işlər belə hesablanır. Bundan əlavə, bu ayələr xəbərdarlıq edir ki, nə kiçik günahları, nə də kiçik xeyir əməlləri az və əhəmiyyətsiz saymaq olmaz. Allahın haqq-hesabına çəkilən hər bir şeyin – nə boyda olursa-olsun əhəmiyyəti az deyil.
Burada belə bir sual meydana çıxır: Sözügedən ayələrə görə, insan Qiyamət günü yaxşı və pis, kiçik və böyük daxil olmaqla bütün əməllərini görəcək. Bu söz “əhbat – məhv olma", “təkfir”, “əvf” və “tövbə” ayələri ilə necə bir araya gələ bilər? Çünki “Əhbat” ayələrində deyilir ki, küfr kimi bəzi əməllər insanın bütün yaxşı əməllərini aradan aparır:
لَئِنْ اَشْرَکْتَ لَیَحْبَطَنَّ عَمَلُکَ
"Əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq." (1)
“Təkfir” ayələrinə görə isə bəzən yaxşı əməllər pis əməlləri aradan aparır:
اِنَّ الْحَسَناتِ یُذْهِبْنَ السَّیِّئات
"Həqiqətən yaxşılıqlar günahları aradan aparır." (2)
Əfv və tövbə haqqında olan ayələrdə isə deyilir: "İlahi əfv və tövbə sayəsində günahlar məhv olar."
Bu anlayışlar irili-xırdalı bütün əməlləri görmək (müşahidə etmək) məsələsi ilə necə bir araya gələ bilər?
Yuxarıdakı suala cavab verərkən bir məsələyə diqqət yetirmək lazımdır ki, ayələrdə insanın yaxşı və pis əməllərinin hər zərrəsini görməsi "ümumi qanun" şəklindədir. Bilirik ki, hər qanunun istisna halları ola bilər. “Əfv”, “tövbə”, “əhbat” və “təkfir” ayələri də həqiqətdə bu ümumi qanunun müstəsna hallarıdır.
Başqa bir cavab isə belədir: "Əhbat” və “təkfir” hallarında həqiqətdə tarazlıq, kəsr, azaltma baş verir. Bu, eynilə alınacaq və veriləcək borclar kimidir, bir-birindən çıxılır, azaldılır. İnsan bu tarazlığın nəticəsini görəndə həqiqətdə bütün yaxşı və pis əməllərini görmüşdür. Həmin sözü əfv və tövbə halları haqqında da demək olar. Çünki insanın ləyaqəti olmasa əfvə nail olmur. Tövbə də öz-özlüyündə xeyir əməllərdən biri hesab olunur.
Bəzi alimlər bu suala başqa cür cavab vermişlər: "Kafir insanlar öz yaxşı əməllərinin nəticəsini bu dünyada, mömin insanlar da pis əməllərinin cəzasını bu dünyada görürlər." Bu cavab doğru nəzərə çarpmır.
Lakin sözügedən ayələrin zahiri dünyaya deyil, Qiyamətə aiddir. Bundan əlavə, bu söz ümumi deyil. Çünki hər mömin və kafir insan əməllərinin nəticəsini bu dünyada görmürlər. (3)
Şərh qeydə alınmayıb