Qısa cavab:
Quran ayəsindən aydın olur ki, qiyamət günü "Qəlbi-səlim" yəni sağlam qəlbdən başqa bir şeyin faydası olmayacaq. “Səlim” sözü “səlamət” sözündən alınmış və hər hansı mənəvi xəstəlikdən, əxlaqi və əqidəvi azğınlıqdan uzaq olan qəlb mənasındadır. Əksinə müvafiqlər barəsində deyilir ki, Onların qəlblərində xəstəlik vardır, Allah da (inadkarlıqlarına görə) xəstəliklərini artırar. Səlim qəlbin nə olduğunu izah edən hədislər çoxdur. Onların birində deyilir ki, Səlim qəlb dünya sevgisindən salamat olan bir qəlbdir.
Ətraflı cavab:
Həzrət İbrahim (əleyhis-salam) Qiyaməti belə təsvir edir: Qiyamət günü "Qəlbi-səlim" yəni sağlam qəlbdən başqa bir şeyin faydası olmayacaq. “Şuəra” surəsinn 89-cu ayəsi bu məsələdən söz açaraq buyurur:
اِلاّ مَنْ اَتَى اللّهَ بِقَلْب سَلِیم
“Yalnız (fəsad əqidə və əxlaqdan salamat olan) sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!”.
Beləliklə, Qiyamət günü yeganə xilas mənbəyi səlim (sağlam) qəlbdir. Nə qədər dolğun və maraqlı bir ifadə!
Bu ifadədə həm xalis iman, həm pak niyyət, həm də hər hansı bir saleh əməl yer almışdır. Çünki belə bir pak qəlb pak əməlin nəticəsindən başqa bir şey deyil.
Başqa sözlə desək, insanın qəlb və ruhu onun əməllərində təsir buraxdığı kimi, əməlləri də qəlb və ruhunda öz əksini tapır, onu öz ilahi və yaxud şeytani rənginə boyayır.
“Səlim” sözü “səlamət” sözündən alınmış və hər hansı mənəvi xəstəlikdən, əxlaqi və əqidəvi azğınlıqdan uzaq olan qəlb mənasındadır.
Qurani-kərimin münafiqlər haqqında buyurduğu kimi:
فِی قُلُوبِهِمْ مَرَضٌ فَزادَهُمُ اللّهُ مَرَضاً
"Onların qəlblərində xəstəlik vardır, Allah da (inadkarlıqlarına görə) xəstəliklərini artırar." (1)
Bir neçə dolğun hədisdə “səlim qəlb” ifadəsinə aydınlıq gətirilmişdir.
a) İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisdə sözügedən ayə belə izah olunur:
وَ کُلُّ قَلْب فِیْهِ شِرْکٌ اَوْ شَکٌّ فَهُوَ ساقِطٌ
"Şirk və şəkk olan hər bir qəlb süqut edəcək."
b) Digər tərəfdən bilirik ki, ciddi maddi istəklər və dünyapərəstlik insanı hər azğınlıq və günaha çəkə bilər. Çünki:
حُبُّ الدُّنْیا رَاْسُ کُلِّ خَطِیْئَه
"Dünya sevgisi hər xəta və günahın mənbəyidir."
Bu üzdən səlim qəlb dünya sevgisindən xali olan bir qəlbə deyilir. Necə ki, İmam Sadiq (əleyhis-salam) digər bir hədisdə həmin ayənin izahında buyurur:
هُوَ الْقَلْبُ الَّذِى سَلِمَ مِنْ حُبِّ الدُّنْیا
"O, dünya sevgisindən salamat olan bir qəlbdir."
“Bəqərə” surəsinin 197-ci ayəsinə diqqət yetirdikdə aydın olur ki, səlim qəlb salamatlıq nəticəsində ilahi təqva mənbəyinə çevrilən bir qəlbdir. Ayədə deyilir:
وَ تَزَوَّدُوا فَاِنَّ خَیْرَ الزّادِ التَّقْوى
"Özünüz üçün azuqə götürün ki, (o dünya üçün) ən yaxşı azuqə təqvadır."
c) Son söz budur ki, "səlim qəlb" Allahdan başqa heç kəs olmayan bir qəlbdir. Belə ki, İmam Sadiq (əleyhis-salam) bu ayə haqqında verilən sualla əlaqədar buyurdu:
الْقَلْبُ السَّلِیمُ الَّذِی یَلْقَى رَبَّهُ وَ لَیْسَ فِیهِ اَحَدٌ سِوَاهُ
"Səlim qəlb Allahla görüşən və onda Allahdan başqa heç kəs olmayan qəlbdir."
Aydındır ki, belə hallarda qəlb dedikdə insanın ruhu nəzərdə tutulur.
İslam qaynaqlarındakı hədislərdə qəlb və onun mənəvi sağlamlığı, ona düşən xəstəliklər və bu xəstəliklərlə mübarizə yolları haqqında geniş bəhs olunmuşdur. Bu hədislərin məcmusundan belə bir İslam məntiqi aşkara çıxır ki, İslam dini hər şeydən öncə fikri, ideoloji və əxlaqi təməllərə əhəmiyyət verir. Çünki insanın bütün əməlləri onların aynasıdır.
Bildiyimiz kimi, köksümüzdəki ürəyin sağlamlığı bədənin sağlamlığına, onun xəstəliyi isə bütün üzvlərin xəstəliyinə səbəb olur. Ona görə ki, bədənin bütün hüceyrələrinin qidalanması ürəyin köməyi ilə orqanizmin bütün nöqtələrinə ötürülən qan vasitəsi ilə həyata keçir. Eləcə də, insanın həyatının proqramlarının sağlam və ya qeyri-sağlam olması onun əqidə və əxlaqının sağlam və ya xarab olmasından xəbər verir.
Bu bəhsi İmam Baqirdən (əleyhis-salam) olan bir hədislə sona çatdırırıq. İmam (ə) buyurur:
"Qəlblər dörd qisimdir: Nifaq və iman olan qəlb, alt-üst olmuş qəlb, möhür vurulmuş və heç hansı bir haqqın daxil olmadığı qəlb və nurani və (Allahdan qeyrisindən) boş olan bir qəlb."
Daha sonra əlavə etdi: "Nurani qəlb mömin qəlbidir. Nə vaxt Allah ona nemət bəxş etsə, şükür edər. Acı bir hadisə başına gələndə səbirli olar. Alt-üst olmuş qəlb isə müşriklərin qəlbidir. Belə ki, Allah-taala buyurur:
اَفَمَنْ یَمْشِی مُکِبّاً عَلى وَجْهِهِ اَهْدى اَمَّنْ یَمْشِی سَوِیّاً عَلى صِراط مُسْتَقِیم
"Məgər yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?!" (2)
Amma iman və nifaq olan qəlb isə haqq və batilə biganə qalan insanlardır. Onlar haqq mühitdə olsalar haqqa tabe olacaq, batil mühitə düşsələr batilə meyl tapacaqlar.
Möhür vurulan qəlb isə münafiqlərin qəlbidir." (3)
Şərh qeydə alınmayıb