Qısa cavab:
“Tur” surəsinin 21-ci ayəsindən başa düşülür ki, atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan övlad və zürriyyələr cənnətdə onlara qoşula biləcəklər:
“İman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”
Ətraflı cavab:
“Tur” surəsinin 21-ci ayəsinə azacıq diqqətlə başa düşülür ki, ayədəki məqsəd atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan və onların məktəbinə qoşulan övlad və zürriyyədir:
وَ الَّذِینَ آمَنُوا وَ اتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیمان اَلْحَقْنا بِهِمْ ذُرِّیَّتَهُمْ وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء
“(Özləri) iman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”
Belə kəslər əməldə səhlənkarlıq etsələr, təqsirə yol versələr də saleh atalarının ehtiramına Allah onları bağışlayar, məqamlarını ucaldar və onların səviyyəsinə çatdırar. Bu, ata və övladlara Allahın böyük bir lütfüdür. Lakin təfsir alimlərinin bəzisi burada “zürriyyə” sözününün ümumi mənaya dəlalət etdiyini irəli sürürlər. Belə ki, körpə uşaqlar da bu ayəyə şamildir. Lakin bu versiya ayənin zahiri mənası ilə uyğun gəlmir. Çünki imanda həddi-buluq və ya ona yaxın mərhələ şərtddir ki, bu da iddiamıza sübutdur.
Amma belə də demək olar ki, uşaqlar qiyamətdə həddi-buluğa çatacaq, onlardan imtahan götürüləcək, imtahandan qəbul olduqları təqdirdə atalarına qoşulacaqlar. Bu halda sözü gedən təfsir məqbul sayıla bilər.
Uşaqların ataları ilə eyni dərəcəyə ucalmaları ehtimalı insanda istər-istəməz, ataların əməllərindən azaldılıb övladların əməllərinə əlavə edilməsi fikri yarada bilər. Bu təsəvvürü aradan qaldırmaq üçün ayənin davamında deyilir:
وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء
“Biz onların əməllərindən əsla azaltmarıq.”
İbn Abbas İslam peyğəmbərindən (s) nəql edir ki, həzrət buyurdu:
اِذا دَخَلَ الرَّجُلُ الْجَنَّهَ سَاَلَ عَنْ اَبَوَیْهِ وَ زَوْجَتِهِ وَ وَلَدِهِ، فَیُقالُ لَهُ اِنَّهُمْ لَمْ یَبْلُغُوا دَرَجَتَکَ وَ عَمَلَکَ، فَیَقُولُ رَبِّ قَدْ عَمِلْتُ لِی وَ لَهُمْ فَیُوْمَرُ بِاِلْحاقِهِمْ بِهِ
“İnsan cənnətə daxil olarkən öz atası, anası, övladları və həyat yoldaşının harada olduqlarını soruşur. Ona deyilər: “Onlar sənin dərəcə, məqam və əməlinə çatmadılar.” O, xahiş edər: “Pərvərdigara, mən özüm və onlar üçün əməl etdim.” Bu an əmr edilər ki, ailəsini ona qovuşdursunlar.
Maraqlısı burasındadır ki, ayənin sonunda əlavə edir:
کُلُّ امْرِئ بِما کَسَبَ رَهِینٌ
“Hər bir insan öz əməlinin girovundadır. “
Buna görə, pərhizkarların əməl və mükafatlarından nəyinsə azalmaması təəccüb doğurmamalıdır. Çünki bu əməllər hər yerdə insanın özü ilədir.
Allah təqvalı insanlar haqqında lüft edirsə, onları cənnətdəki müttəqi insanlara qovuşdurursa, bu, onların əməllərinin mükafatından nəyinsə azalması mənasına deyil.
Beləliklə, hər bir insan öz əməlinin girovundadır cümləsinin mənası budur ki, hər kəsin əməlləri onun ayrılmaz yoldaşıdır. Heç vaxt ondan ayrılmır, istər yaxşı əməl olsun, istərsə də pis əməl. Demək, təqvalı insanlar cənnətdə öz əməlləri ilə birlikdədirlər. Övladlarının kənarlarına gətirilməsi onların əməllərindən nə isə azalması mənasında deyildir.
Ümumiyyətlə, bu cümlə insanın əməllərinin heç bir vaxt ondan ayrılmamasına, hər yerdə daim onunla birlikdə olmasına dair bir isrardır. (1)
Şərh qeydə alınmayıb