Qısa cavab:
Allah-taala sözügedən ayələrdə ən azından müxtəlif nemətlərin adını çəkir. Məsələn, Allah-taala səbr etdiklərinə görə onları Cənnətlə və ipəklə (ipək libaslarla) mükafatlandıracaqdır. Onlar gözəl taxtlara söykənərək, orada nə günəşin istisini, nə də soyuğun sərtliyini görəcəklər. Cənnət ağacları onların başları üstünə kölgə salır. Cənnətdə onlar zəncəfil qatılmış təhur şərabla ləbələb camdan içərlər.
Ətraflı cavab:
Bu suala “İnsan” surəsinin 12-22-ci ayələrinə müraciət etməklə cavab tapmaq olar. Allah-taala sözügedən ayələrdə ən azından 15 nemətin adını çəkir:
İlk öncə Cənnət əhlinin yaşadıqları yer və libaslarından söz açaraq buyurur:
وَ جَزاهُمْ بِما صَبَرُوا جَنَّهً وَ حَرِیراً
"Allah-taala səbr etdiklərinə görə onları Cənnətlə və ipəklə (ipək libaslarla) mükafatlandıracaqdır."
Daha sonra buyurur:
مُتَّکِئِینَ فِیها عَلَى الاَرائِکِ لا یَرَوْنَ فِیها شَمْساً وَ لا زَمْهَرِیراً
"Onlar gözəl taxtlara söykənərək, orada nə günəşin istisini, nə də soyuğun sərtliyini görəcəklər."
Onların ayədə taxtlara söykənməsi tam sakit və rahatçılıq içində yaşadıqlarından xəbər verir. Çünki insan arxayın olduğu vaxtlarda belə bir halda olur. Ayənin sonu isə Cənnət havasının tamamilə mülayim olduğunu əks etdirir. Bu, o demək deyil ki, orada günəş və ay yoxdur, əksinə, Cənnət ağacları kölgə salsa da günəşin şüaları narahatçılıq yaratmır.
Sonrakı ayə bu nemətlərə əlavə edir:
وَ دانِیَهً عَلَیْهِمْ ظِلالُها وَ ذُلِّلَتْ قُطُوفُها تَذْلِیلاً
"Cənnət ağacları onların başları üstünə kölgə salır, onların meyvələrini dərmək onlar üçün olduqca asandır."
Heç bir çətinlik yoxdur, heç bir tikan ələ batmır, meyvələri dərmək üçün zəhmətə ehtiyac duyulmur.
Daha sonra Cənnət qonaqlarına necə xidmət olunduğundan, ziyafət nemətlərindən və xidmətçilərdən bəhs açılır. Ayədə buyurur:
وَ یُطافُ عَلَیْهِمْ بِآنِیَه مِنْ فِضَّه وَ اَکْواب کانَتْ قَوارِیرَا
"Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır."
قَوارِیرَا مِنْ فِضَّه قَدَّرُوها تَقْدِیراً
"Gümüşdən olan elə büllur qablar ki, onları lazım olan ölçüdə hazırlamışlar."
Bu qablarda müxtəlif cənnət yeməkləri, həmin büllur qədəhlərdə isə istədikləri qədər, müxtəlif ruh oxşayan ləzzətli içkilər var. Cənnət xidmətçiləri daim onların dövrəsinə dolanar və onlar nəyisə təklif edərlər.
İbn Abbas nəql edir: "Bütün cənnət nemətlərinin dünyada bənzəri var. Yeganə gümüşdən hazırlanmış büllur qabların dünyada bənzəri yoxdur."
Daha sonra əlavə edir:
وَ یُسْقَوْنَ فِیها کَاْساً کانَ مِزاجُها زَنْجَبِیلاً
"Cənnətdə onlar zəncəfil qatılmış təhur şərabla ləbələb camdan içərlər."
Təfsir alimlərinin çoxu bu məsələyə toxunmuşdur ki, cahil ərəblər zəncəfil qatılmış şərablardan zövq alardılar. Çünki zəncəfil şəraba xüsusi acılıq verirdi. Quran da burada pak şərabına zəncəfil əlavə edilmiş camlardan söz açır. Lakin aydındır ki, bu şərabla o şərab arasındakı fərq yerdən göyə, başqa sözlə dünyadan axirətə qədərdir.
عَیْناً فِیها تُسَمّى سَلْسَبِیلاً
"Bu camlar orada elə bir bulaqdan doldurulur ki, "Səlsəbil" adlanır."
“Səlsəbil” çox ləzzətli, ağızdan və boğazdan rahat keçən dürr saflığında bir sudur. Çox alimlər inanırlar ki, bu söz “rəvan” mənasını verən “səlasə” kökündən götürülmüşdür. Necə ki, rəvan və maraqlı yazıya da “səlis” yazı deyilir.
Daha sonra növbə Haqqın mərhəmət dərgahında – yaxşı insanları məkanı olan Cənnətdə qurulan bu dəbdəbəli ziyafətin xidmətçilərinə çatır. Ayədə deyilir:
وَ یَطُوفُ عَلَیْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ اِذا رَاَیْتَهُمْ حَسِبْتَهُمْ لُوْلُواً مَنْثُوراً
"Onların dövrəsində cavid yeniyetmələr dolanarlar. Onları gördükdə sanki, ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən."
Həm özləri Cənnətdə əbədi qalacaqlar, həm də təravətləri, gözəllikləri və cavanlıq şadlıqları əbədidir. Onlar daimi olaraq Cənnətdə xidmət edəcəklər. “Muxəllədun” (əbədi) sözü, eləcə də “yətufu ələyhim“ (Onların dövrəsində dolanarlar) cümləsi bu həqiqəti əks etdirir.
“Ətrafa səpələnmiş mirvarilər” ifadəsi ilə onların gözəlliyinə, füsunkarlığına və cazibələrinə, eləcə də bu ilahi və mənəvi ziyafətin hər nöqtəsində hazır olduqlarına işarədir.
Nə qədər dolğun və əhatəli sözlər seçilsə də, o biri dünyanın nemətlərini vəsf etmək mümkün olmadığından, sonrakı ayədə üstü örtülü formada buyurur:
وَ اِذا رَاَیْتَ ثَمَّ رَاَیْتَ نَعِیماً وَ مُلْکاً کَبِیراً
"Oraya baxarkən, sonsuz nemət və əzəmətli bir mülk görərsən."
Bura kimi cənnət nemətlərinin bir qisminə, o cümlədən məkana, taxtlara, kölgələrə, meyvələrə, içkilərə, camlara, xidmətçi dəstələrə işarə oldundu. Daha sonra növbə Cənnət əhlinin zinətlərindən və bəzək əşyalarına çatır. Ayədə buyurur:
عالِیَهُمْ ثِیابُ سُندُس خُضْرٌ وَ اِسْتَبْرَقٌ
"Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq."
“Sundus” nazik ipək parçaya deyilir. “İstəbrəq” isə qalın ipək parçaya deyilir. Bəziləri bu sözün fars dilində olan “istəbr” və yaxud “setəbr” sözündən götürüldüyünə etiqad bəsləyir. Bəzilərinə görə isə bu söz ərəb dilində “parıltı” mənasında olan “bərq” sözündən götürülmüşdür.
Daha sonra davam edir:
وَ حُلُّوا اَساوِرَ مِنْ فِضَّه
"Onlar gümüş bilərziklərlə zinətləndirilmişlər."
Bu şəffaf gümüşlər büllur kimi parıldayır, yaqutdan, dürdən və mirvaridən daha gözəldir.
Sonda ayənin axırında ən əhəmiyyətli nemətini qeyd edir:
وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً
"Rəbbi onlara pak və təhur bir şərab içirəcəkdir."
Söz yox ki, bu nemətlərin arasında ləzzətli içkilər, Səlsəbil bulağından doldurulan camlar və Cənnət əhlinin ondan içmələri kimi böyük nemətlərdən söz gedir. Amma o sadalanan nemətlərlə sonuncu ayədə sözügedən nemət arasında böyük fərq var. Çünki orada içkini verənlər əbədi yeniyetmələr, burada isə saqi Allahın özüdür. Nə qədər heyrətamiz bir ifadə? Xüsusilə də “Rəbb” sözünə təkid olunur.
Daim bu insanı yetişdirən, onun sahibi və təlimçisi olan Allah-taala, onu təkamül mərhələlərində mütəmadi şəkildə irəli aparmışdır və o sonuncu mərhələyə çatmışdır. İndi isə öz rübubiyyətini ən yüksək nöqtəsinə çatdırmağın və qüdrət əlləri ilə pak şərab camından yaxşı bəndələrini sirab və sərxoş etməyin növbəsidir.
Digər tərəfdən isə “təhur” həm “pak” həm də “pak edici” mənasını daşıyır. Belə ki, bu şərab insanın bədən və ruhunu hər hansı aludəliklərdən və napaklıqlardan təmizləyir və ona elə bir ruhanilik, nuranilik və şadlıq bəxş edir ki, vəsfi heç bir yazıya sığmaz. İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisdə deyilir:
یُطَهِّرَهُمْ عَنْ کُلِّ شَىْء سِوَى اللّهِ
“Onların canlarını Allahdan başqa hər şeydən təmizləyir.”
Sözügedən ayələrin sonunda bu haqda son söz bəyan olunur. Ayədə buyurur:
اِنَّ هذا کانَ لَکُمْ جَزاءً وَ کانَ سَعْیُکُمْ مَشْکُوراً
(Onlara Allah tərəfində deyilər:) “Həqiqətən, bu böyük və misilsiz nemətlər sizin mükafatınızdır və sizin Allahın fərmanına itaət istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir.”
Belə bir təsəvvür yaranmamalıdır ki, bu sonsuz nemət və mükafatları hesab-kitabsız verirlər. Onların hamısı səy və əməlin əvəzi, nəfslə mübarizənin və günahdan göz yummağın mükafatıdır. (1)
Şərh qeydə alınmayıb