Qısa cavab:
Qurani-kərimin ayələrinə nəzər salmaqla aydın olur ki, keçmiş peyğəmbərlərin canişinləri də mütəal Allah tərəfindən təyin olunub. Məsələn, “Ənbiya” surəsinin 70-ci ayəsində deyilir ki, “Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər.
Ətraflı cavab:
Qurani-kərimin ayələrinə qısa nəzər salmaqla başa düşmək olar ki, bütün peyğəmbərlərin canişinləri mütəal Allah tərəfindən təyin olunur. Burada həmin ayələrindən bir neçəsini qeyd edirik:
1. وَاجْعَلْ لِی وَزِیراً مِنْ اَهْلِی * هارُونَ اَخِی * اُشْدُدْ بِهِ اَزْرِی * وَاَشْرِکْهُ فِی اَمْرِی * کَیْ نُسَبِّحَکَ کَثِیراً * وَنَذْکُرَکَ کَثِیراً * اِنَّکَ کُنْتَ بِنا بَصِیراً * قالَ قَدْ اُوتِیتَ سُوْلَکَ یا مُوسى
“(Musa dedi:) Öz ailəmdən mənim üçün bir vəzir qərar ver – qardaşım Harunu. Onunla arxamı möhkəmlət, onu işlərimdə şərikim qərar ver ki, Sənə çoxlu təsbih deyək, Səni çox yad edək. Çünki Sən həmişə bizim halımızdan agahsan və bizi görürsən.” (Allah) buyurdu: “Ey Musa! İstədiklərin sənə verildi!” (1)
Musa peyğəmbər “Öz ailəmdən mənim üçün bir vəzir qərar ver – qardaşım Harunu” ifadəsi ilə Allahdan istəyir ki, qardaşı Harunu onun canişini (vəsi) qərar versin. Allah-taala da onun istəyini qəbul edir. Bu da göstərir ki, peyğəmbərlərin vəzirlik və canişinlik məqamı Allahın təyini ilə gerçəkləşən ilahi bir məqamdır.
2.وَاِذِ ابْتَلى اِبْراهِیمَ رَبُّهُ بِکَلِمات فَاَتَمَّهُنَّ قالَ اِنِّی جاعِلُکَ لِلنّاسِ اِماماً قالَ وَمِنْ ذُرِّیَّتِی قالَ لا یَنالُ عَهْدِی الظّالِمِینَ
“(Yada sal) o zaman ki, Pərvərdigarı İbrahimi müxtəlif imtahanlarla sınaqdan keçirtdi və İbrahim onların öhdəsindən tamamilə gəldikdə, Allah buyurdu: “Mən səni insanlar üçün rəhbər və imam qərar verdim.” İbrahim dedi: “Mənim ailəmdən də (imamlar qərar verəcəksən)?!” Allah buyurdu: “Mənim əhd-peymanım (imamət) zalımlara çatmaz (ləyaqətli olanlardan başqa.)” (2)
“Mən səni insanlar üçün rəhbər və imam qərar verdim” ifadəsindən aydın olur ki, imam yalnız Allah tərəfindən təyin olunur. Çünki Allah-taala onu şəxsən özü insanlara rəhbər qərar vermişdir. Buna görə də insanlara vacibdir ki, həyatlarının bütün sahələrində imama tabe olsunlar.
3.فَفَهَّمْنها سُلَیْمانَ وَ کُلاّ ءاتَیْنا حُکْماً وَ عِلْماً وَ سَخَّرْنَا مَعَ داوُدَ الْجِبَالَ یُسَبِّحْنَ وَ الطَّیْرَ وَ کُنّا فاعِلینَ
“Biz onun (gerçək hökmünü) Süleymana başa saldıq. Onların hər birinə mühakimə ləyaqəti və çoxlu elm verdik. Dağları və quşları Davudun ixtiyarına verdik ki, onunla birlikdə (Allaha) təsbih deyirdilər. Biz bu işə qadir idik.” (3)
Bu ayə də bəyan edir ki, Süleymanla Davuda hikmət və elmi yalnız Allah bəxş etmişdir ki, bu hikmət və elm əsasında camaata rəhbərlik edərək onlara düzgün yol göstərsinlər.
4. Həmçinin, Allah-taala Yusif peyğəmbərin Yəqub üçün canişin, Bəni-İsrail üçün peyğəmbər seçilməsi barəsində buyurur:
وَکَذلِکَ یَجْتَبِیکَ رَبُّکَ وَیُعَلِّمُکَ مِنْ تَاْوِیلِ الاْحادِیثِ وَیُتِمُّ نِعْمَتَهُ عَلَیْکَ وَعَلى آلِ یَعْقُوبَ کَما اَتَمَّها عَلى اَبَوَیْکَ مِنْ قَبْلُ اِبْراهِیمَ وَاِسْحاقَ اِنَّ رَبَّکَ عَلِیمٌ حَکِیمٌ
“Beləcə, Pərvərdigarın səni seçdi, yuxuların təbirini sənə öyrətdi və Öz nemətini sənə və Yəqub ailəsinə tamamladı və kamil etdi. Necə ki, bundan əvvəl ata-babalarına – İbrahimə və İshaqa tamam etmişdi. Şübhəsiz, sənin Pərvərdigarın elm sahibi və hikmətlidir.” (4)
5.وَ جَعَلْناهُمْ اَئِمَّهً یَهْدُونَ بِاَمْرِنا وَ اَوْحَیْنآ اِلِیْهِمْ فِعْلَ الْخَیْراتِ وَ اِقامَ الصَّلَوهِ وَ اِیتآءَ الزَّکَوهِ وَ کَانُوا لَنَا عَابِدینَ
“Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər. Yaxşı işlər görməyi, namazı bərqərar edib zəkat verməyi onlara vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.” (5)
“Və onları insanlara imamlar – rəhbərlər qərar verdik” təbirindən aydın olur ki, bu rəhbərlər insanları haqqa-həqiqətə və ilahi göstərişlərə doğru hidayət etmək üçün məhz Allah tərəfindən təyin olunmuşdular. (6)
Şərh qeydə alınmayıb