Qısa cavab:
Ayələrdən aydın olur ki, Allah heç vaxt sayca çoxluğu haqq-həqiqətin meyarı qərar verməmişdir. Məsələn bir ayədə deyilir: “Əgər yer üzündə olan insanların əksəriyyətinə tabe olsan, səni Allah yolundan azdırarlar. Çünki bunlar gümandan başqa bir şeyə tabe olmurlar.”
Ətraflı cavab:
Qurani-kərimə müraciət etməklə başa düşürük ki, mütəal Allah heç vaxt sayca çoxluğu haqq-həqiqətin meyarı qərar verməmişdir. Hətta əksinə, tarix boyu həmişə haqqın əleyhinə olduqlarına görə xalqın əksəriyyətini məzəmmət edib danlamışdır. Bu zəmində nazil olan ayələrin bəzisini birlikdə nəzərdən keçirək:
1.وَاِنْ تُطِعْ اَکْثَرَ مَنْ فِی اْلاَرْضِ یُضِلُّوکَ عَنْ سَبیلِ اللهِ اِنْ یَتَّبِعُونَ اِلاَّ الظَّنّ
“Əgər yer üzündə olan insanların əksəriyyətinə tabe olsan, səni Allah yolundan azdırarlar. Çünki bunlar gümandan başqa bir şeyə tabe olmurlar.” (1)
2.وَاِنَّ کَثِیراً لَیُضِلُّونَ بِاَهْوائِهِمْ بِغَیْرِ عِلْم
“Həqiqətən onların əksəriyyəti nadanlıq (elmsizlik) və həvayi-nəfsləri üzündən azğınlığa salarlar.” (2)
3.
وَما یَتَّبِعُ اَکْثَرُهُمْ اِلاّ ظَنّاً
“Bu camaatın əksəriyyəti öz batil (puç) gümanlarından başqa bir şeyə tabe olmurlar.” (3)
4.
بَلْ جاءَهُمْ بِالْحَقِّ وَاَکْثَرُهُمْ لِلْحَقِّ کارِهُونَ، وَلَوِ اتَّبَعَ الْحَقُّ اَهْواءَهُمْ لَفَسَدَتِ السَّماواتُ وَاْلاَرْضُ وَمَنْ فیهِنَّ بَلْ اَتَیْناهُمْ بِذِکْرِهِمْ فَهُمْ عَنْ ذِکْرِهِمْ مُعْرِضُونَ
“Xeyr, o (Peyğəmbər) haqq dini onlara gətirdi, lakin onların əksəriyyəti haqqa ikrahla yanaşırlar. Əgər haqq onların həvəslərinə tabe olsa, həqiqətən asimanlar, yerlər və onlarda olanlar fasid olar (dağılar). Əksinə, Biz böyük Quranın öyüd-nəsihətlərini onlara göndərdik. Amma onlar nahaq yerə ondan üz çevirdilər.” (4)
5.وَما کانَ اَکْثَرُهُمْ مُوْمِنینَ
“Onların əksəriyyəti Allaha iman gətirməzlər.” (5)
6.وَقَلیلٌ مِنْ عِبادِیَ الشَّکُورُ
“Mənim bəndələrimdən çox azı şükür edərlər.” (6)
7.وَما اَکْثَرُ النّاسِ وَلَوْ حَرَصْتَ بِمُوْمِنینَ
“Sən onların (camaatın) iman gətirməsi üçün nə qədər çalışıb onları rəğbətləndirsən də belə, əksəriyyəti iman gətirməyəcəkdir.” (7)
Bu kimi başqa ayələr də göstərir ki, çoxluq və əksəriyyət heç vaxt haqq-həqiqətin meyarı və mehvəri olmamışdır, ola da bilməz. Əksinə, adamların əksəriyyəti həmişə batil yolda olmuş, onların yalnız az bir qismi iman, saleh əməl sahibi olaraq Allaha şükür etmişlər.
Yuxarıdakı ayələrə diqqət yetirməklə belə nəticə alırıq: Hazırkı cəmiyyətlərdə ictimaiyyətin idarə olunması üçün əksəriyyətin rəyinə istinad edilsə də, unutmaq olmaz ki, bu bir növ icbar və çıxılmaz vəziyyətə düşməkdir. Çünki maddi bir cəmiyyətdə qanunların qəbul edilməsi, qərarların çıxarılması üçün mövcud olan meyarların heç biri qüsursuz deyildir.
Buna görə də alimlərin çoxu bu həqiqətə etiraf edirlər ki, əksəriyyətin rəyi bir çox hallarda səhv və xəta ilə yanaşı olur və onu məcburiyyət qarşısında qəbul edirlər. Çünki bundan başqa yolları yoxdur. Qısa şəkildə desək, “əksəriyyət haqq yolu deyil, çıxış yoludur”. Baxmayaraq ki, biz imamın təyin edilməsi ilə bağlı bu çıxış yolunu, onun Allah tərəfindən aşkar bəyanla təyin olunduğuna inanaraq qəbul etmirik.
Hər bir halda peyğəmbərlərin risalətinə etiqad bəsləyən cəmiyyətdə insan qanunların qəbul edilməsi və qərarların çıxarılması ilə bağlı əksəriyyətin rəyinə tabe olmaqda heç bir məcburiyyət görmür. Çünki o bilir ki, peyğəmbərlərin qoyduqları qayda-qanunlar hikmət sahibi və bəndələrin məsləhətinə agah olan Allah tərəfindən nazil edilmişdir və onda heç bir nöqsanlı hal, səhv yoxdur. Xəta etməsi mümkün olan əksəriyyətin çıxartdığı qanunlar isə bunlarla əsla müqayisə oluna bilməz. Belə ki, Allah-taala buyurur:
وَاِنْ تُطِعْ اَکْثَرَ مَنْ فِی اْلاَرْضِ یُضِلُّوکَ عَنْ سَبیلِ اللهِ
“(Ya Peyğəmbər!) Əgər yer üzündə olan böyük əksəriyyətə tabe olsan, səni Allahın yolundan azdırarlar.” (8)
Həqiqətdə Qurani-Kərim bu məzəmmətlə təhlükəli bir tərzi-təfəkkürlə mübarizə aparır, bütün bəşəriyyəti ilahi peyğəmbərlərin əməyinin nəticəsinə doğru hidayət edir ki, bu haqq karvanına qoşulmaqla özlərini və hazırkı cəmiyyətlərini ölüm bataqlığından xilas etsinlər. (9)
Şərh qeydə alınmayıb