Qısa cavab:
Burada Əbülhəsən Əli ibn Məhəmməd Mavərdi, Qazi Əbdül Cabbar Mötəzili, İbn Teymiyyə, Doktor Məhəmməd Xalidi Orduni, Doktor Taha Hüseyn kimi alimlərin “beyət” və “imamlıq” barəsində nəzərlərinə toxunulur.
Ətraflı cavab:
Əhli-sünnət alimlərinin və fəqihlərinin nəzərində hökuməti qanuniləşdirmə yollarından biri də xalqın, yaxud “həll və əqd” əhlinin beyətidir. Onlar inanırlar ki, xilafət və rəhbərlik bu yolla qanuni şəkil alır.
Burada Əhli-sünnət alimlərinin nəzəriyyəsini qeyd edirik:
1. Əbülhəsən Əli ibn Məhəmməd Mavərdi (450-ci ildə vəfat edib) yazır: “Əgər həll və əqd əhli imamı müəyyən etmək üçün axtarış aparsa və imamətin şərtlərinə kamil şəkildə malik olan bir şəxsi tapıb ona beyət etsələr, bu zaman həmin şəxsin imaməti sübuta yetir. Həmin cəhətdən bütün insanlara vacibdir ki, onunla beyət etsinlər və ona itaətdə iltizamlı olsunlar.” (4)
2. Qazi Əbdül Cabbar Mötəzili (415-ci ildə vəfat edib) yazır: “Əgər həll və əqd əhlinin bəziləri müəyyən bir şəxsi imam ünvanı ilə təqdim etsələr, o, camaatın imamı olur və başqalarına da vacibdir ki, onun imamətini qəbul etsinlər. Buna görə də sair insanların beyət etməməsi, onun imamətinin reallaşmasında təsirli deyildir. Çünki imamət həll və əqd əhlinin sadəcə beyəti ilə tamam olur...” (1)
3. İbn Teymiyyə (728-ci ildə dünyadan gedib) yazır: “İmamət yalnız qüdrət və hakimiyyətlə hasil olur. Əgər bir şəxsə beyət olunsa, bu qüdrət və hakimiyyət onun üçün hasil olur – o, camaatın imamıdır.” (2)
4. Doktor Məhəmməd Xalidi Orduni yazır: “Beyət bütün müsəlmanlara vacibdir və o, hər bir müsəlman qadın və kişinin haqqıdır. Çünki beyət vəzifəyə təyin etmək və vəzifədən azad etmək üçün yeganə şəriətə uyğun yoldur. Xəlifənin təyin olunmasının vacibliyinə və xəlifəliyin beyət olmadan gerçəkləşmədiyinə görə vacibin müqəddiməsi – beyət vacib olur.” (3)
5. Doktor Taha Hüseyn yazır: “Xilafət məsələsi külli şəkildə beyətə (camaatın razılığına) əsaslanır. Deməli, həqiqətdə xilafət hakimlərlə camaat arasında olan bir müqavilədir.” (4) (5)
Şərh qeydə alınmayıb