Qısa cavab:
“Təvəlla” və “təbərra” prinsiplərinə əsasən, biz Allah dostlarını sevmək, düşmənlərinə ədavət bəsləmək və din rəhbərlərini hər şeydə örnək götürməklə vəzifələndirilmişik. Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində buyurur:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq””.
Habelə, “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.
Ətraflı cavab:
Hər kəsin həyatında bir örnək və idealı vardır və özünü ona yaxınlaşdırmağa, onun səciyyələrini ruhunun ənginliklərində görməyə çalışır.
Başqa ifadə ilə desək, insan qəlbinin dərinliklərində örnək insan və qəhrəmanların yeri var. Buna əsasən, dünyanın bütün xalqları öz tarixlərində həqiqi, bəzən də xəyali qəhrəmanlara istinad edirlər. Öz tarix və mədəniyyətlərinin bir hissəsini onların əsasında qururlar. Toplantılarında onlardan danışırlar, ünvanlarına təriflər yağdırırlar. Səciyyə və ruhiyyə baxımından özlərini onlara yaxınlaşdırmağa çalışırlar.
Bundan əlavə, təqlid prinsipi (başqaları ilə, xüsusən də nüfuzlu və şəxsiyyətli fərdlərlə eyni rəngə bürünmək) aşkar psixoloji prinsiplərdən biridir. Bu prinsipə görə, insan öv vücudunda başqaları ilə (xüsusən də, qəhrəmanlarla) həmahəng və həmrəng olmaq duyğusunu hiss edir. Elə bu üzdən onların keyfiyyətlərinə, işlərinə doğru cəzb olunur. Bu cazibə insanın tam inandığı kəslərə qarşı daha güclü və artıqdır. Buna görə də İslamda iki; “təvəlla” və “təbərra” prinsipimiz var. Başqa sözlə desək: “حُبّ فِى اللّهِ” (Allah üçün sevgi), “بُغْض فِى اللّهِ” (Allah üçün nifrət).
Əslində, hər ikisi bir həqiqətə işarədir. Bu iki prinsip əsasında biz Allahın dostlarını sevməli, düşmənlərinə ədavət bəsləməli və ali dini rəhbərləri, yəni Peyğəmbər (s) və məsum imamları (ə) hər bir sahədə özümüzə örnək götürməliyik.
Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində İbrahim (ə) və ardıcıllarını müsəlmanlara “اسوه حسنه”, yəni “gözəl və dəyərli örnək” göstərərək, onlara tabe olmağa çağırır və buyurur:
“قَدْ کانَتْ لَکُمْ اُسْوَهٌ حَسَنَهٌ فى اِبْراهیمَ وَالَّذِینَ مَعَهُ اذْ قالُوا لِقَومِهِمْ اِنّا بُرَآوُ مِنْکُمْ وَ مِمّا تَعْبُدُونَ مِنْ دُونِ اللّهِ”
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq”.
“اُسْوَه” – “üsvətun” sözü məsdər mənası daşıyır; “təqlid etmək” mənasını verir, əslində isə başqasına tabe olmaqla hasil olan vəziyyətdir. Başqa sözlə, iqtida etmək və tabe olmaqdır. Günümüzdə isə onu ilham almaq kimi dəyərləndirirlər.
Örnək götürməyin həm yaxşı, həm də pis işlərdə mümkün olması hər kəsə bəllidir. Odur ki, ayədə “gözəl örnək” ibarəsi işlənmişdir. Yəni, İbrahim (ə) və dostlarının işi sizin üçün yaxşı ilham qaynağıdır. Çünki, onlar tövhid və etiqad bağlarına görə tayfaları ilə olan zahiri və maddi bağları kəsdilər.
Rağib İsfahani öz “Müfrədat” kitabında iddia edir ki, qəm-qüssə mənasını verən “اَسى” (əsa) kəlməsi də eyni kökdəndir, çünki qəmgin şəxs barəsində belə deyilir: “لَکَ بِفُلان اُسْوَهٌ”; “Filan kəsdən ilham al (hansı ki böyük müsibətə uğrasa da, səbir və dözümlülük göstərib)!
Lakin bəzi lüğətçilər, o cümlədən İbn Faris “Məqayis” kitabında bu iki kökü bir-birindən ayırır (birincini terminoloji dillə “vavul-illə” (yəni “naqisi-vavi”), ikincini isə yaul-illə” (yəni “naqisi-yayi”) bilərək iki fərqli məna daşıdıqlarını söyləyir).
Hər halda, Qurani-kərim müsəlmanları önəmli – “حُبّ فِى اللّهِ” (Allah üçün sevgi), “بُغْض فِى اللّهِ” (Allah üçün nifrət) – məsələsinə təşviq etmək üçün İbrahim (ə) və dostlarını ilham qaynağı göstərir. Çünki, insanın ruh, fikir, əxlaq və əməlinin saflaşmasında pak, imanlı, igid və mətin örnək və nümunələrin seçimi dərin təsirə malikdir. Bu eynilə əxlaq alimlərinin istinad etdiyi və Allaha çatma yolunda “قُدْوه” və “اسوه” (örnək) seçimini tərəqqi vasitəsi bildikləri mövzudur.
“Mumtəhənə” surəsinin 6-cı ayəsində yenə də İbrahim (ə) dostlarının planına işarə edilir və buyurulur:
“لَقَدْ کانَ لَکُمْ فیهِمْ اُسْوَهٌ حَسَنَهٌ لِمَنْ کانَ یَرْجُواللّهَ وَ الْیَوْمَ الآخِرَ وَ مَنْ یَتَوَلَّ فَاِنَّ اللّهَ هُوَ الْغَنِىُّ الْحَمیدُ”
“Onlarda siz (müsəlmanlar) üçün – Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim (Allah dostlarından örnək götürməkdən) üz döndərsə (və Allah düşmənləri ilə dostluq planı cızsa, özünə zərər vurub, Allahın ona ehtiyacı yoxdur). Allah (hər kəsdən) zəngindir, tərifəlayiqdir”.
Bu ayənin öncəki ayə ilə iki fərqli vardır: birincisi, bu ayədə təkid edilir ki, – “حُبّ فِى اللّهِ” (Allah üçün sevgi), “بُغْض فِى اللّهِ” (Allah üçün nifrət) – Allaha və məada imanın təsirlərindəndir. İkincisi, bu məsələ Allahın ehtiyac duyduğu deyil, sizin möhtac olduğunuz məsələdir. Cəmiyyətin ruhi, mənəvi təkamülü, eləcə sağlamlığından ötrü siz ona möhtacsınız.
“Əhzab” surəsinin 28-ci ayəsi Əhzab döyüşünə aiddir. Ayədə mühüm nöqtəyə işarə edilir: Əhzab döyüşü kimi böyük döyüşdə bəzi yenicə müsəlman olan insanların zəifliklərinə, taqətsizliklərinə, bədgümanlıqlarına rəğmən, Allahın Rəsulu (s) möhkəm dağ kimi müqavimət və dözümlülük göstərdi. Müharibələrin düzgün tənzimlənməsində, ən yaxşı hərbi taktikaların seçimində bir an belə qəflətə uğramadı. Eyni halda, düşmən cəbhəsini parçalamaq üçün müxtəlif yollardan istifadə etdi. Əlinə külüng alıb möminlərlə birgə xəndək qazır, dostlarının ruhiyyəsini qorumaq üçün onlarla zarafat edir, möminləri istiqanlı etmək üçün epik şeirlər oxumağa təşviq edirdi. Bir an belə, Allahdan qafil deyildi. Dostlarını parlaq gələcək və böyük fəthlərlə müjdələyirdi. Həmin işlər məhdud müsəlman cəmiyyətin, zahirən tam üstün olan əzəmətli Əhzab dəstəsi müqabilində qorunmasına səbəb oldu. Bu, heyrətamiz dözüm və müqavimət hamı üçün ilham mənbəyi idi.
Qurani-kərim buyurur:
“لَقَدْ کانَ لَکُمْ فى رَسُولِ اللّهِ اُسْوَهٌ حَسَنَهٌ لِمَنْ کانَ یَرْجُوا اللّهَ وَ الْیَوْمَ الآخِرَ وَ ذَکَرَ اللّهَ کَثیراً”
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.
Allahın Rəsulu (s) təkcə “kiçik cihad” nümunəsi sayılan Əhzab döyüşündə örnək və ilham qaynağı olmaqla qalmır, “böyük cihad” meydanında, yəni nəfslə mübarizə, əxlaqı gözəlləşdirmə kimi məsələlərdə də, önəmli nümunə idi. Hər kim addımını onun addımının yerinə qoya bilsə, bu yolun eniş-yoxuşunu sürətlə keçib gedəcək.
Nəzərə almaq lazımdır ki, bu ayədə Allaha və qiyamətə iman məsələsindən əlavə, (“لِمَنْ کانَ یَرْجُوا اللّهَ وَ الْیَوْمَ الآخِرَ”) Allahı zikr etmək mövzusuna da təkid edilmişdir. “وَ ذَکَرَ اللّهَ کَثیراً” cümləsi onların Allahı çox yad etdiklərini, istiqamət götürməkdə belə bir rəhbərdən ilham aldıqlarını göstərir. Çünki, Allaha iman və onun zikri müsəlmanları böyük məsuliyyətlərdən hali edir, nəticədə rəhbərlərinə tabe olurlar. Rəhbər olaraq isə Allah Rəsulundan (s) başqasını ideal görmürlər.
“Qasiə” xütbəsində Peyğəmbər (s) və Əli (ə) haqqında maraqlı ifadə gözə dəyir. İmam Əli (ə) buyurur:
“وَ لَقَدْ قَرَنَ اللّهُ بِهِ (صلى الله علیه وآله) مِنْ لَدُنْ اَنْ کانَ فَطیماً اَعْظَمَ مَلَک مِنْ مَلایِکَتِهِ یَسْلُکُ بِهِ طَریقَ الْمَکارِمِ، وَ مَحاسِنَ اَخْلاقِ الْعالَمِ، لَیْلَهُ وَ نَهارَهُ وَ لَقَدْ کُنْتُ اَتَّبِعُهُ اِتِّباعَ الْفَصِیلِ اَثَرَ اُمِّهِ یَرْفَعُ لى فى کِلِّ یَوْم مِنْ اَخْلاقِهِ عَلَماً وَ یَاْمُرُنى بِالاْقْتِداءِ بِهِ” (1)
“Allahın Rəsulu (s) süddən ayrılandan etibarən, Allah-taala mələkləri arasından ən böyük mələyə əmr etdi ki, onu gecə-gündüz gözəl əxlaqa və yaxşı səciyyələrə təşviq etsin. Və mən (həddi-buluğa çatdığım zaman) bir kölgə kimi o həzrəti izlədim. O hər gün gözəl əxlaqından bir yeni nöqtəni mənə bildirirdi. O, mənə əmr edirdi ki, ona tabe olum”.
“Qasiə” xütbəsinin yalnız bir hissəsini təşkil edən bu hədis Peyğəmbərin (s) elə işinin əvvəlindən Allahın ən böyük mələyi kimi bir rəhbəri olması həqiqətini bizə bəlli edir.
Həzrət Əli (ə) də Peyğəmbəri (s) özünə rəhbər və örnək seçərək, onun kölgəsində addımlayırdı. Bu böyük rəhbər isə həzrət Əliyə (ə) hər gün təzə dərs keçir, insanlıq səciyyələrindən yeni bir sima göstərirdi.
Peyğəmbər (s) və İmam Əli (ə) kimi şəxsiyyətlərin işlərinin başında, Allaha seyrin əvvəlində rəhbərləri olubsa, başqalarının təklifi aydındır!
Bu əsasla, əxlaq alimləri onu nəfsi saflaşdırmada əsas prinsip qəbul edərək, kamil insana tabe olmağı Allaha seyr yolunda uğurun şərti bilirlər.
İlahi peyğəmbərlərdən söz açan, eləcə də Peyğəmbər (s) və müsəlmanlara onları, tarix və həyatlarını xatırlamalarını əmr edən Qurani-kərimin mühüm dəlillərindən biri elə onlardan örnək götürməsi, qurtuluş və uğuru onların həyat tarixindən əxz etmələri məsələsidir.
İnsanlar, adətən qəhrəmanpərvərlik ruhuna sahibdirlər, yəni hər kəs dahi birini sevmək, öz həyatında onu örnək seçmək, həyatının ayrı-ayrı sahələrində ona iqtida etmək arzusundadır.
Belə bir qəhrəmanın seçimi insanın taleyində, həyatının formalaşmasında bir çox təsirə malikdir. Bu qəhrəmanlara baxışın dəyişməsi, bütövlüklə həyatı dəyişə bilər.
Bir çox cəmiyyət və xalqların əli həqiqi qəhrəmanlara çatmadığı üçün, özlərinə əfsanəvi qəhrəmanlar düzəldir, ədəbiyyat və mədəniyyətlərində onlara böyük dəyər verirlər.
İdealların seçimində ictimai yaşam mühiti, müsbət və mənfi təbliğat olduqca təsirlidir. Bu ideal Allah adamı, siyasətçi, idmançı, hətta aktyor da ola bilər.
Bəşərin bu fitri meylinin həqiqi qəhrəmanlara və ali insani örnəklərə doğru istiqamətlənməsi fərd və cəmiyyətdə əxlaqi səciyyələrin inkişafına təkan ola bilər (2).
Şərh qeydə alınmayıb