Qısa cavab:
“Liqaullah” ifadəsi Qurani-kərimdə “Qiyamət səhnəsində hazır olmaq” mənasında işlənir. “Liqa” sözü “görüş” mənasında işləndiyinə baxmayaraq Allahla görüş dedikdə insanların bir-biri ilə fiziki görüşmələri kimi görüş nəzərdə tutulmur. Çünki Allah nə cisimdir, nə də zahiri gözlə görüləcək rəngi və məkanı var.
Ətraflı cavab:
“Liqaullah” ifadəsi Qurani-kərimdə dəfələrlə təkrar olunmuşdur. Onların hamısı “Qiyamət səhnəsində hazır olmaq” mənasında işlənir. Aydındır ki, “Liqa” (görüş) və Allahla görüş dedikdə insanların bir-biri ilə fiziki görüşmələri kimi görüş nəzərdə tutulmur. Çünki Allah nə cisimdir, nə də zahiri gözlə görüləcək rəngi və məkanı var. Burada, bəzi təfsir alimlərinin dediyi kimi onun qiyamət səhnəsindəki qüdrətini, yəni mükafatlarını, cəzalarını, nemətlərini və əzablarını müşahidə etmək nəzərdə tutulur, ya da bir növ batini və qəlbi müşahidə mənasında işlənir. Bəzən insan elə bir məqama çata bilər ki, sanki Allahı qəlb gözü ilə öz qarşısında müşahidə edir. Belə ki, onun üçün heç bir şəkk və şübhə qalmır.
Uyğun hal bu dünyada paklıq, təqva, ibadət və nəfsi saflaşdırmaq nəticəsində bir qrup şəxslər üçün yarana bilər. Necə ki, “Nəhcul-bəlağə”də oxyuruq:
Həzrət Əlinin (əleyhis-salam) Zələb Yəmani adında alim dostlarından biri ondan soruşur:
−Sən öz Rəbbini görmüsənmi?
İmam (əleyhis-salam) cavab verir:
−Mən görmədiyim Allaha pərəstiş edimmi?
O daha çox izah istədikdə, İmam əlavə etdi:
لاتُدْرِکُهُ الْعُیُونُ بِمُشاهَدَهِ الْعِیانِ وَ لکِنْ تُدْرِکُهُ الْقُلُوبُ بِحَقائِقِ الاِیمانِ
“Zahiri gözlər əsla onu görməzlər. Onu qəlblər iman nuru ilə dərk edərlər.”
Qiyamət günündə batini müşahidə olan bu hal hamı üçün yarana bilər. Çünki, Allahın əzəmət və qüdrətinin nümunələri orada o qədər aşkardır ki, hər qəlbi kor insan da tam iman gətirəcəkdir. (1)
Şərh qeydə alınmayıb