Qısa cavab:
Belə insanların qiyamət günü kor olmasını belə izah etmək olar ki, dünyanın bütün həqiqətləri orada mütənasib şəkildə təcəssüm edir. Bu dünyada qəlb gözləri həqiqətləri görməkdə kor olan insanların orada cismani gözləri kor olacaq. Bu üzdən “biz qabaq görürdük, nə üçün bura kor gəlmişik?” deyə soruşanda onlara deyilər: “Bu, sizin ilahi ayələri unutduğunuza görədir."
Ətraflı cavab:
Bu sualın cavabı “Taha” surəsinin 124-126-cı ayələrində verilmişdir. Allah-taala buyurur:
وَ مَنْ اَعْرَضَ عَنْ ذِکْرِی فَاِنَّ لَهُ مَعِیشَهً ضَنْکاً وَ نَحْشُرُهُ یَوْمَ الْقِیامَهِ اَعْمى * قالَ رَبِّ لِمَ حَشَرْتَنِی اَعْمى وَ قَدْ کُنْتُ بَصِیراً * قالَ کَذلِکَ اَتَتْکَ آیاتُنا فَنَسِیتَها وَ کَذلِکَ الْیَوْمَ تُنْسى...
"Məni yad etməkdən üz döndərən kəs üçün isə mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik. O deyər: «Ey Rəbbim, mən (dünyada) görürdüm, nə üçün məni Məhşərə kor gətirdin?» (Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən onları unutdun. Sən bu gün də unudulacaqsan!
Axirət aləmi dünya aləminin geniş təzahürüdür. Bu dünyanın bütün həqiqətləri orada mütənasib şəkildə təcəssüm edir. Bu dünyada qəlb gözləri həqiqətləri görməkdə kor olan insanların orada cismani gözləri kor olacaq. Bu üzdən “biz qabaq görürdük, nə üçün bura kor gəlmişik?” deyə soruşanda onlara deyilər: “Bu, sizin ilahi ayələri unutduğunuza görədir."
Burada belə bir sual meydana gəlir: Bir sıra Quran ayələrinin zahiri mənasından belə başa düşülür ki, insanların hamısının gözləri Qiyamət günü acıq olacaq. Onlara “Əməl namənizi oxuyun!” deyiləcək. (1)
Həmçinin "Günahkarlar cəhənnəm odunu öz gözləri ilə görəcəklər." (2):
وَ رَاَى الْمجْرِمُونَ النّارَ
Bu ayələri bir qrupun kor olacağı şəkildə necə izah etmək olar?
Bir çox görkəmli təfsir alimləri yaranan sualın cavabında bu dünya ilə o dünyanın fərqli olduğunu vurğulamışlar. Belə ki, bəzi insanlar bir sıra hadisələri görməkdə gözü açıq, digər olaylara yanaşarkən kordurlar. Mərhum Təbərsi bir qrup təfsir alimindən belə nəql edir:
اَعْمى عَنْ جَهاتِ الْخَیْرِ لایَهْتَدِى لِشَىْء مِنْها
"Xeyir, səadət və nemət qarşısında kordur, əzab, şər, həsrət və çətinlik qarşısında gözləri açıqdır. Çünki o dünyanın quruluşu bu dünyanın quruluşu ilə fərqli-fərqlidir.
Bu ehtimalı da etmək olar ki, onlar bəzi məkan və dayanacaqlarda kor, bəzilərində isə gözüaçıq olacaqlar.
Bunu da əlavə etməliyik ki, günahkarların o dünyada unudulması "Allah onları unutmuşdur" – mənasında deyildir. Aydındır ki, ayədə onlara qarşı unutqanlıq siyasətindən söhbət gedir. Necə ki, gündəlik danışıqlarda da bir şəxs başqasına etinasızlıq etsə, “Nə üçün bizi unutmusan?!” cümləsindən istifadə edilir. (3)
Şərh qeydə alınmayıb