Qısa cavab:
Quran ayəsində deyilir: "Sizdən Cəhənnəmə varid (daxil) olmayan bir kəs qalmayacaqdır." Bir çox təfsir alimlərinə görə bütün insanlar cəhənnəmə daxil olacaqlar, lakin cəhənnəm yaxşı insanlar üçün Nəmrudun qaladığı tonqalın İbrahim peyğəmbər (əleyhis-salam) üçün soyuduğu kimi soyuq və əmin-aman olacaqdır.
Çünki odun, alovun onlarla heç bir uyğunluqları yoxdur. Sanki onlardan uzaqlaşıb qaçacaq, onlar harada olsalar sönəcək. Lakin cəhənnəm əhlinin cəhənnəm atəşi ilə uyğunluqları vardır. Onlar od vurulan alışqan maddə kimi dərhal alışıb yanarlar.
Ətraflı cavab:
Allah-taala “Məryəm” surəsinin 71 və 72-ci ayələrində Qiyamət günü, eləcə də insanların mükafat və cəzalarının xüsusiyyətlərini bəyan etməklə yanaşı, bəlkə də insanların əksəriyyətində heyrət doğuracaq bir məsələyə toxunaraq buyurur:
وَ اِنْ مِنْکُمْ اِلاّ وارِدُها
"Sizdən Cəhənnəmə varid (daxil) olmayan bir kəs qalmayacaqdır."
کانَ عَلى رَبِّکَ حَتْماً مَقْضِیّاً
"Bu iş sənin Rəbbin tərəfindən qəti və labüddür."
ثُمَّ نُنَجِّی الَّذِینَ اتَّقَوْا وَ نَذَرُ الظّالِمِینَ فِیها جِثِیّاً
"Sonra təqvalı kəsləri ordan qurtaracaq, zalımları isə zəiflik və zillətdən dizüstə düşdükləri halda orada buraxacağıq!"
Bu iki ayənin təfsiri ilə bağlı müfəssirlər arasında uzun-uzadı təfsirlər diqqət çəkir. Bu təfsirlər “Sizdən Cəhənnəmə varid (daxil) olmayan bir kəs qalmayacaqdır” ayəsindəki “daxil olmayan” ifadəsi haqqındadır.
Təfsir alimlərindən bəzisinin əqidəsinə görə, “daxil olma” burada yaxınlaşmaq və yaxından görmək deməkdir. Yəni, yaxşılar və pislərdən ibarət bütün insanlar istisnasız olaraq, hesablarını çəkmək və yaxud pis insanların aqibətlərini müşahidə etmək üçün cəhənnəmin kənarına gələrlər. Sonra Allah imanlı və təqvalı insanları oradan xilas edər, zülmkarları isə orada saxlayar.
Həmin təfsirçilər yuxarıdakı açıqlamanı sübut etmək üçün “Qəsəs” surəsinin 23-cü ayəsini əsas gətirirlər:
وَ لَمّا وَرَدَ ماءَ مَدْیَنَ...
"(Musa) Mədyən şəhərinin suyunun kənarına gəldikdə...."
Bu ayədə “varid olmaq” ifadəsi eyni mənada işlənmişdir.
Təfsir alimlərinin əksəriyyətinin qəbul etdikləri ikinci təfsir isə belədir: “Varid olmaq” ifadəsi sözügedən ayədə “daxil olmaq” mənasında işlənmişdir. Beləliklə, yaxşı və pis – bütün insanlar cəhənnəmə daxil olacaqlar, lakin cəhənnəm yaxşı insanlar üçün Nəmrudun qaladığı tonqalın İbrahim peyğəmbər (əleyhis-salam) üçün soyuduğu kimi soyuq və əmin-aman olacaqdır:
یا نارُ کُونِى بَرْداً وَ سَلاماً عَلى اِبْراهِیْمَ
“Ey od, İbrahimə soyuq və zərərsiz ol!” (1)
Çünki odun, alovun onlarla heç bir uyğunluqları yoxdur. Sanki onlardan uzaqlaşıb qaçacaq, onlar harada olsalar sönəcək. Lakin cəhənnəm əhlinin cəhənnəm atəşi ilə uyğunluqları vardır. Onlar od vurulan alışqan maddə kimi dərhal alışıb yanarlar.
Bu işdə əsas fəlsəfə və məqsədi nəzərə almadan, şübhəsiz ki, yuxarıdakı ayənin zahiri mənası ikinci təfsirlə uyğun gəlir. Çünki “varid olma”nın əsl mənası daxil olmaqdır. Digər mənalar üçün isə müəyyən əlamət və sübuta ehtiyac var.
Ondan əlavə, “Sonra təqvalı kəsləri ordan qurtaracaq” cümləsi “zalımları isə zəiflik və zillətdən dizüstə düşdükləri halda orada buraxacağıq” cümləsi kimi bu təfsiri dəstəkləyir.
Həmçinin, sözügedən ayəni təfsir edən müxtəlif hədislər də həmin təfsiri tamamilə təsdiq edirlər:
Cabir ibn Abdullahdan nəql olunur ki, bir şəxs ondan bu ayə haqqında soruşdu. Cabir hər iki barmağı ilə qulaqlarına işarə edərək dedi: “Bu iki qulağımla Peyğəmbərdən (sallallahu əleyhi və alih) bir mətləb eşitmişəm kimi yalan deyərəmsə, onların ikisi də kar olsun. Buyurdu:
الوُرُودُ الدُّخُولُ، لایَبْقى بَرٌّ وَ لا فاجِرٌاِلاّ یَدْخُلُها فَیَکُونُ عَلَى الْمُوْمِنِیْنَ بَرْداً وَ سَلاماً کَما کانَتْ عَلى اِبْراهِیْمَ حَتّى اَنَّ لِلْنّارِ ـ اَوْ قالَ لِجَهَنَّمَ ـ ضَجِیْجاً مِنْ بَرْدِها، ثُمَّ یُنَجِّى اللّهُ الَّذِیْنَ اتَّقُوا وَ یَذَرُ الظّالِمِیْنَ فِیْها جِثِیّاً
“Varid olma” burada “daxil olmaq” deməkdir. Yaxşı və pis adamların hamısı istisnasız olaraq cəhənnəmə daxil olacaqlar. Cəhənnəm odu möminlərin qarşısında İbrahim (əleyhis-salam) üçün olduğu kimi soyuq və zərərsiz olacaq. Belə ki, cəhənnəm, yaxud da od (tərəddüd Cabirdəndir) soyuğun şaxtasından fəryad çəkər. Daha sonra Allah-taala təqvalıları oradan qurtarar və zalımları da orada xar və zəlil şəklində buraxar.”
Digər bir hədisdə Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur:
تَقُولُ النّارُ لِلْمُوْمِنِ یَوْمَ الْقِیامَهِ جُزْ، یا مُوْمِنُ! فَقَدْ اَطْفَاَ نُورُکَ لَهَبِى
"Atəş (od) Qiyamət günü imanlı insana deyər: “Ey mömin! Tez ötüb keç ki, sənin nurun mənim alovlarımı söndürdü.”
Bu təfsir digər hədislərdə də öz əksini tapmışdır.
Sirat körpüsü, onun cəhənnəm üzərindən çəkilməsi, tükdən nazik və qılıncdan iti olması haqqında hədislərdə nəql olunan dolğun mənalı açıqlamalar da yuxarıdakı təfsiri təsdiq edən nümunələrdəndir.
Bəzi alimlər isə hesab edirlər ki, “Ənbiya” surəsinin 101-ci ayəsi birinci təfsiri təsdiq edir. Ayədə belə buyurulur:
اُولئِکَ عَنْها مُبْعَدُونَ
"Onlar (möminlər) cəhənnəm odundan uzaq olacaqlar."
Bu fikir nəzərə doğru çarpmır, çünki bu ayə mömin insanların daimi məqamlarına və həmişəlik qərargahlarına aiddir. Hətta sonrakı ayədə oxuyuruq:
لایَسْمَعُونَ حَسِیْسَها
"Onlar, hətta odun şölələrinin səsini belə eşitməzlər."
Əgər “varid olma” ifadəsi sözügedən ayədə yaxınlaşmaq mənasında olsa, nə “uzaq olacaqlar” ifadəsinə, nə də “Onlar, hətta odun şölələrinin səsini belə eşitməzlər” cümləsinə uyğun olacaq. (2)
Şərh qeydə alınmayıb