Qısa cavab:
Cənnət və cəhənnəm bu dünyanın içindədir. Həmçinin, demək olar ki, axirət dünyası, cənnət və cəhənnəm bu aləmi əhatə edir. Biz göyü, yeri və müxtəlif planetləri öz gözümüzlə görürük, amma bu dünyanın daxilində yerləşən aləmləri görmürük. Əgər başqa cür görmə və dərketmə qabiliyyətimiz olsaydı, hazırda onları da görə bilərdik.
Bu aləmdə çox elə varlıqlar var ki, dalğaları bizim gözümüzlə görülə bilməz.
Ətraflı cavab:
Bu sualın cavabını iki şəkildə vermək olar:
Əvvəla, cənnət və cəhənnəm bu dünyanın içindədir. Biz göyü, yeri və müxtəlif planetləri öz gözümüzlə görürük, amma bu dünyanın daxilində yerləşən aləmləri görmürük. Əgər başqa cür görmə və dərketmə qabiliyyətimiz olsaydı, hazırda onları da görə bilərdik.
Bu aləmdə çox elə varlıqlar var ki, dalğaları bizim gözümüzlə görülə bilməz.
“Belə deyildir. Əgər elmül-yəqin bilsəydiniz, şübhəsiz, Cəhənnəmi görərdiniz” ayəsi də bu həqiqətin canlı şahididir.
Bir sıra hədislərdən də başa düşmək olur ki, bəzi Allah adamları bu dünyada fərqli dərk və görmə qabiliyyətinə malik olmuş və cənnət-cəhənnəmi həqiqət gözü ilə görmüşlər.
Bu haqda bir misal çəkmək yerinə düşər: Fərz edin, Yer kürəsinin bir nöqtəsində güclü bir ötürücü cihaz var və onun dalğaları peyk antenaları köməyi ilə dünyanın hər yerinə yayılır. Onun vasitəsilə Quran tilavətinin ürəkoxşayan nəğmələri füsunkar və əsrarəngiz səslə hər yerdə eşidilir.
Yerin başqa bir nöqtəsində da eyni gücə malik digər ötürücü bir cihaz var ki, başqa dalğalarla hər yerə olduqca qulaq batıran və zəhlətökən səslər yayır.
Biz sadə bir məclisdə oturarkən ətrafımızda olanların söhbət səslərini eşidirik, amma bizi hər tərəfdən əhatə edən və hər yeri dolduran bu iki ruh oxşayan və zəhlətökən səsdən heç bir xəbərimiz yoxdur.
Amma əgər bizim əlimizdə qəbuledici cihaz olsaydı, bu iki dalğa vasitəsilə həmin səsləri eşidə bilərdik, lakin bizim eşitmə orqanlarımız adi halda onları eşitməkdən acizdir.
Bu misal bəzi cəhətlərdən kamil olmasa da, cənnət və cəhənnəmin bu dünyanın daxilindəki varlığını təsvir etmək üçün kömək edə bilər.
Həmçinin, demək olar ki, axirət dünyası, cənnət və cəhənnəm bu aləmi əhatə edir. Sadə bir bəyanla söyləsək, bu dünya eynilə ana bətninin bu dünyanın içində yerləşdiyi kimi o dünyanın içində yerləşir. Çünki bildiyimizə görə, ana bətnindəki dünya müstəqil bir aləm olsa da bizim yaşadığımız dünyadan ayrı deyil, sadəcə onun daxilində yerləşir. Dünya aləmi də axirət aləminə nisbətdə eyni formada onun daxilində yerləşir.
Əgər Quranda cənnətin genişliyinin göylərlə yerin genişliyi qədər olduğu deyilirsə, bu, insan övladının müqayisə etmək üçün göylər və yerdən başqa bir şey tanımadığına görədir.
Ona görə də, Quranın cənnətin vüsət və əzəmətini təsvir etmək üçün onu göylər və yerin nəhəngliyi ilə müqayisə etməkdən başqa çarəsi qalmır. Necə ki, ana bətnindəki uşağın ağlı olsa və biz onunla danışmaq istəsək, sözsüz, onun şüur və məntiqinə uyğun danışmalıyıq ki, o, həmin mühitdə dediklərimizi dərk edə bilsin.
Yuxarıda qeyd etdiklərimizdən “əgər cənnətin genişliyi yer və göylərə bərabərdirsə, onda cəhənnəm haradadır?” sualının da cavabı aydın olur. Belə ki, birinci cavaba uyğun olaraq cəhənnəm də bu dünyanın daxilində yerləşir və onun bu dünyanın daxilindəki varlığının cənnətin də onun daxilində yerləşməsi ilə heç bir ziddiyyəti yoxdur. (Göndərilən səs dalğalarının misalında qeyd olunduğu kimi.)
İkinci cavabda deyildiyi kimi cənnət və cəhənnəm bu dünyanı əhatə edirsə, yenə də cavab aydındır. Çünki cəhənnəm bu dünyanı əhatə edə bilər və cənnətin də onu əhatəsinə alıb ondan da geniş olması mümkündür. (1)
Şərh qeydə alınmayıb