Qısa cavab:
“Saffat” surəsinin 41-49-cu ayələrində bu nemətlərə işarə olunur: Onlar üçün növbənöv meyvələr vardır və onlara hörmət və ehtiram olunar. Onların yeri bol nemətli və yam-yaşıl bağlardır. (Cənnət əhli) üz-üzə qoyulmuş taxtlar üzərində qarşı-qarşıyadırlar. Onların dövrəsində saf şərabla dolu qədəhlər hərəkətdədir. Ağappaq və parlaq, içənlər üçün başdan-başa ləzzət olan bir şərab… O pak şərabda nə ağlı başdan çıxarma, nə də məstlik vardır. Onların yanında ərindən savayı heç kəsə meyil salmayan və onlardan başqasına baxmayan, xumar baxışlı iri və gözəl gözlü qadınlar vardır.
Ətraflı cavab:
Bu suala “Saffat” surəsinin 41-49-cu ayələrindən cavab almaq olar. Sözügedən ayələrdə Allahın Cənnət əlinə bəxş etdiyi saysız-hesabsız nemətlərdən bəhs edilir. Bu nemətləri yeddi qismə bölmək olar:
Əvvəlcə, buyurur:
اُولئِکَ لَهُمْ رِزْقٌ مَعْلُومٌ
"Onları məlum və müəyyən olunmuş ruzilər (nemətlər) gözləyir."
Diqqət etmək lazımdır ki, Quranda Cənnətin maddi nemətləri təfərrüatı ilə, mənəvi nemətlər və ruhani ləzzətlər isə üstüörtülü şəkildə bəyan olunmuşdur. Bu ona görədir ki, maddi nemətləri izah etmək mümkün və mənəvi nemətləri izah etmək isə qeyri-mümkündür.
Daha sonra digər nemətlərin bəyanına başlayaraq hər şeydən öncə Cənnət nemətlərinin adını çəkir. Xüsusilə də son dərəcə ehtiramla Cənnət sakinlərinə təqdim olunan nemətlərdən söz açılır:
فَوَاکِهُ وَهُم مُّکْرَمُونَ
"Onlar üçün növbənöv meyvələr vardır və onlara hörmət və ehtiram olunar."
Nemətlər onlara qarşısına yem tökülən heyvan kimi verilməz, əksinə möhtərəm qonaqlar kimi son dərəcə ehtiramla təklif olunar.
Onlara təqdim olunan rəngarəng meyvələrdən, eləcə də göstərilən hörmətlərdən keçsək, növbə onların məskunlaşdığı yerə çatır.
Ayədə buyurur:
فِی جَنّاتِ النَّعِیمِ
"Onların yeri bol nemətli və yam-yaşıl bağlardır."
Onların meyilləri hansı neməti çəksə orada var, nə istəsələr onların qarşısında hazır olar.
Bir tərəfdən də insanın zövq aldığı ən böyük ləzzətlərdən biri də həmrəy dostların, mənəvi yoldaşların bir yerə toplaşdığı ünsiyyət məclisləridir. Dördüncü mərhələdə bu nemətə işarə edərək buyurur:
عَلى سُرُر مُتَقابِلِینَ
"(Cənnət əhli) üz-üzə qoyulmuş taxtlar üzərində qarşı-qarşıyadırlar. "
Onlar çox şey haqqında söhbət edir, bəzən dünyadakı keçmişlərindən və pərvərdigarlarının Cənnətdə onlara bəxş etdiyi sonsuz nemətlərdən, bəzən Allahın camal və calal sifətlərindən, bəzən də övliyaların kəramət və məqamlarından, eləcə də bu dünyada zindanda olan bizlər üçün dərk edilməsi qeyri-mümkün olan bir çox məsələlərdən söz açırlar.
“Surur” sözü “sərir” sözünün cəm formasıdır. “Sərir” nemət sahiblərinin şənlik məclislərində üzərində əyləşdikləri taxtlara deyilir. Bəzən isə daha geniş mənada işlənir. Yəni, ölü aparılan tabuta da bəzən "Sərir" deyilir. Bu, bəlkə də tabutun ölü üçün Allahın məğfirətinə və əbədi Cənnətə sarı surur miniyi olacağı ümidi ilə belə adlandırılmışdır.
Cənnət əhlinə bəxş olunan nemətlərin bəyanının beşinci mərhələsində onlara veriləcək içkidən və pakizə şərabdan söz açılır. Ayədə deyilir:
یُطافُ عَلَیْهِمْ بِکَاْس مِنْ مَعِین
"Onların dövrəsində saf şərabla dolu qədəhlər hərəkətdədir."
Onlar hər zaman istəsələr o qədəhlərdən içib şadlıq və mənəviyyat dolu aləmdə qərq olarlar.
Bu qədəhlər bir kənarda deyil ki, onlardan içmək üçün xahişə ehtiyac olsun, əksinə ayədə deyildiyi kimi onların ətrafında dolandırılır.
“Məin” sözü “mən” sözündən götürülmüşdür və “axar” mənasında işlənir. Bu sözün ayədə işlənməsi onu göstərir ki, orada pakizə şərab çeşmələri axmaqdadır. Onlar hər an öz qədəhlərini oradan doldurub Cənnət əhlinin ətrafında dolandırarlar. Bu pakizə şərab bitib tükənmək bilməz. Onu əldə etmək üçün heç bir zəhmətə və əziyyətə ehtiyac yoxdur. Bu şərab köhnəlib xarab olmaz.
Daha sonra pakizə şərabların qabları müzakirə obyektinə çevrilir:
بَیْضاءَ لَذَّه لِلشّارِبِینَ
"Ağappaq və parlaq, içənlər üçün başdan-başa ləzzət olan bir şərab."
Təfsir alimlərindən bəzisinə görə, “beyza” (ağappaq) sözü bu şərab piyalələrinin sifətidir. Bəziləri isə hesab edirlər ki, bu söz şərabın özü üçün sifətdir. Yəni, bu şərab dünya şərabları kimi deyil, pak, şeytani rənglərdən xali, ağ və şəffaf bir şərabdır.
Bunu da qeyd etmək lazımdır ki, ikinci təfsirin “içənlər üçün ləzzət olan” ifadəsi ilə tam uyğunluğu var.
Digər tərəfdən də şərab, piyalə və bu kimi sözlərin zehinlərdə başqa cür başa düşülməməsi üçün dərhal sonrakı ayə qısa və dolğun izahla bu anlayışları eşidənlərin zehnindən yuyub aparır.
Ayədə buyurur:
لا فِیها غَوْلٌ وَ لا هُمْ عَنْها یُنْزَفُونَ
"O pak şərabda nə ağlı başdan çıxarma, nə də məstlik vardır.
Onda ayıqlıqdan, şadlıqdan, mənəvi ləzzətdən başqa bir şey yoxdur."
Nəhayət, altıncı mərhələdə Cənnətin pak zövcələrinə işarə edərək buyurur:
وَ عِنْدَهُمْ قاصِراتُ الطَّرْفِ عِینٌ
"Və onların yanında ərindən savayı heç kəsə meyil salmayan və onlardan başqasına baxmayan, xumar baxışlı iri və gözəl gözlü qadınlar vardır."
“Tərf” sözü əsl mənasında gözün qapağına deyilir. Baxarkən göz qapaqları hərəkətə gəldiyindən bu kəlmə sanki baxışları xatırladır. Bu baxımdan “Qasiratut-tərf” ifadəsi qısa baxışlı qadınlara işarədir. Onun müxtəlif təfsirləri olsa da, bu təfsirləri toplamaqla ortaq nəticəyə gəlmək mümkündür:
Birinci təfsir bundan ibarətdir ki, onlar yalnız öz ərlərinə baxar və gözlərini hər şeydən çəkməklə onlara tamaşa edərlər.
Başqa təfsirə görə, ayədə onların yalnız öz ərlərinə sevgi bəslədikləri, onlardan başqa heç kimin məhəbbətini ürəklərində gəzdirmədikləri nəzərdə tutulur. Ərindən başqa heç kim barəsində düşünməmək, yalnız onu sevmək bir qadının ən müsbət xüsusiyyətlərindəndir.
Digər təfsirə görə isə onların xumar gözləri var. Bu halət şairlərin şeirlərində gözlərdən gözəl bir təsvir kimi öz əksini tapmışdır.
Birinci və ikinci təfsir nəzərə daha münasib çarpır, lakin buna baxmayaraq onların hamısını toplamağın da heç bir maneəsi yoxdur.
Nəhayət, sözügedən sonuncu ayədə Cənnət qadınları bir daha təsvir olunuraq onların pakizəliyi, müqəddəsliyi aşağıdakı formada bəyan olunur:
Şərh qeydə alınmayıb