Qısa cavab:
“Yasin” surəsinin 77-83-cü ayələrində nazil olaraq ona və onunla eyni fikirdə olanlara məntiqli və qətiyyətli bir cavab verilir: "Məgər insan onu nütfədən yaratdığımızı bilmir ki, birdən-birə (o qədər güclü, şüurlu və məntiqli oldu və pərvərdigarına qarşı mübahisəyə qarxıb) açıq-aşkar bir düşmən oldu?! Və öz yaradılışını unutduğu halda bizə bir məsəl də çəkib dedi: “Bu çürüyüb torpağa dönmüş sümükləri kim dirildə bilər? Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.” O, hər məxluqdan agahdır və onların bütün xüsusiyyətlərini biləndir."
Ətraflı cavab:
Təfsirlərin çoxunda nəql olunur ki, müşriklərdən (Allah şərik qoşan butpərəstlərdən) Ubey ibn Xələf, yaxud Üməyyə ibn Xələf yaxud da As ibn Vail adlı bir kişi çürümüş sümük parçası tapıb dedi: “Güclü dəlillə Məhəmmədlə (s) mübarizəyə qalxacağam və onun axirət haqqındakı sözlərinin əsassız olduğunu sübut edəcəyəm!" Sümükləri götürüb həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına gəldi (ola bilsin, sümüklərin bir qədərini əlilə ovub yerə tökdü) və dedi: “Kim bu çürümüş sümükləri yenidən dirildə bilər? (Hansı ağıl onu qəbul edə bilər?)”
Bu yerdə “Yasin” surəsinin 77-83-cü ayələri nazil olaraq ona və onunla eyni fikirdə olanlara məntiqli və qətiyyətli bir cavab verdi. Ayələr ilk öncə insanın əlindən tutub onu öz həyatının ilk çağlarına aparır. O gün ki, insan dəyərsiz nütfədən başqa bir şey deyildi. Bu yolla insanı düşünməyə vadar edərək deyir:
اَوَ لَم یَرَ الاْنسانُ اَنّا خَلَقْناهُ مِنْ نُطْفَه فَاَذا هُوَ خَصیمٌ مُبِینٌ
"Məgər insan onu nütfədən yaratdığımızı bilmir ki, birdən-birə (o qədər güclü, şüurlu və məntiqli oldu və pərvərdigarına qarşı mübahisəyə qarxıb) açıq-aşkar bir düşmən oldu?!"
İnsan unutqan və məğrur bir məxluqdur. Allahının ona bəxş etdiyi nemətlərdən onun qarşısında istifadə edərək onunla mübahisəyə qalxır:
وَ ضَرَبَ لَنا مَثَلا وَ نَسِىَ خَلْقَهُ قالَ مَنْ یُحْىِ الْعِظامَ وَ هِىَ رَمیمٌ
"Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: “Bu çürüyüb torpağa dönmüş sümükləri kim dirildə bilər?”"
Allah-taala dərhal Peyğəmbərə (sallallahu əleyhi və alih) əmr edir ki, bu unutqan və özündən razı insana de:
قُلْ یُحْیِیهَا الَّذِى انْشَاَها اَوَّلَ مَرَّه
“Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.”
Əgər bu gün ondan çürümüş bir sümük yadigar qalmışdırsa, bir gün bu sümüklər heç çürüməmişdi və hətta bu torpaq belə yox idi. Bəli, onu yoxluqdan yaradan kəs üçün bir gün çürümüş sümüklərə yeni həyat vermək asandır. Bu çürümüş sümüklər torpağa çevriləndən və hər yerə səpələnəndən sonra kimin onun hissələrini tanıyıb müxtəlif nöqtələrdən yığacağını düşünürsünüzsə, cavabı aydındır:
وَ هُوَ بِکُلِّ خَلْق عَلِیمُ
"O, hər məxluqdan agahdır və onların bütün xüsusiyyətlərini biləndir."
Daha sonra buyurur:
الَّذى جَعَلَ لَکُمْ مِنَ الشَّجَرِ الاْخْضَرِ ناراً فَاِذَا اَنْتُمْ مِنْهُ تُوقِدُونَ
"O kəs ki, sizin üçün yamyaşıl ağacdan od əmələ gətirdi, beləliklə siz onunla od yandırırsınız (məhz O, sizin çürümüş sümüklərinizə bir daha həyat donu geyindirə bilər.)."
Daha sonra 81-ci ayədə buyurur:
اَوَ لَیْسَ الَّذى خَلَقَ السَّماوَاتِ وَ الاَْرْض بِقادِر عَلى اَنْ یَخْلُقَ مِثْلَهُمْ بَلى وَ هُوَ الْخَلاّقُ الْعَلِیمُ
"Məgər (əzəmətli və insanı heyrətə gətirən) göyləri və yeri yaradan kəs (torpağa dönmüş insanların) bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə qadirdir. Odur agah və bilən."
Sonrakı ayədə buyurur:
اِنَّما اَمْرُهُ اِذا اَرادَ شَیْئاً اَنْ یَقُولَ لَهُ کُنْ فَیَکُونُ
"Onun (Allahın) əmri və fərmanı budur ki, bir şeyin var olmasını istədiyi zaman ona “Ol!” – deyər. O da dərhal Allahın məhz iradə və istəyi ilə var olar."
Sözügedən sonuncu ayədə − “Yasin” surəsinin sonuncu ayəsində yaranış və axirət haqqında ümumi bir nəticə çıxarmaqla bəhsə gözəl şəkildə sona çatdırır. Ayədə buyurulur:
فَسُبْحَانَ الَّذى بِیَدِهِ مَلَکُوتُ کُلِّ شَىْء وَ اِلَیْهِ تُرْجَعُونَ
"Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı əlində olan Allah pak və münəzzəhdir. Siz hamınız Ona tərəf qayıdacaqsınız."
“Mələkut” sözü “mulk” kökündən götürülmüş, hökmranlıq və mülkiyyət mənasında işlənir. “Vav” və “ta” hərflərinin ona artırılması təkid və mübaliğə üçündür. Ayənin mənası belədir: “Hər şeyin qeydsiz-şərtsiz hakimiyyət və mülkiyyəti Allahın qüdrət əlindədir. Belə bir Allah hər hansı acizlik və bacarıqsızlıqdan pak və uzaqdır. Bu səbəbdən ölüləri diriltmək, çürümüş və torpağa qarışmış sümüklərə həyat libası geydirmək onun üçün çətinlik yaratmır.
"Belə olduqda, sizin hamınız mütləq ona tərəf qayıdacaqsınız və axirət haqdır.”(1)
Şərh qeydə alınmayıb