Qısa cavab:
Əslində orucun ən böyük hikməti onun mənəvi təsiridir. Susayanda və acanda müxtəlif çeşiddə yemək və içkilərdən istifadə eləmək qabiliyyətinə malik olan insan çay kənarında yerləşən bağda boy atan ağaca bənzəyir. Bu cür ağaclara xüsusi qayğı göstərildiyindən, onların müqaviməti zəifdir. Su bir neçə gün onlara çatmasa, quruyub aradan gedərlər. Amma qayalar içində, dağ və səhrada bitən ağaclar elə fidan vaxtlarından tufana, günəşin istisinə, qışın soyuğuna sinə gərdiyindən, möhkəm və davamlı olur. Bundan əlavə oruc tutmağın ictimai və tibbi faydaları da var. Bu dini əmri yerinə yetirməklə varlılar bir tərəfdən, acların vəziyyətini hiss edir, digər tərəfdən, gündəlik yeməklərinə qənaət edərək onlara kömək edə bilirlər. Həmçinin oruc bədənin artıq, lazımsız, həzm olunmamış maddələrini yandırır, daha dəqiq desək, oruc evi dibindən təmizləmək kimidir.
Ətraflı cavab:
Oruc insan həyatının üç sahəsinə böyük təsir göstərir:
1. Tərbiyəvi təsirləri:
Orucun istər maddi, istərsə də, mənəvi cəhətdən insana xeyri vardır. Bundan da əhəmiyyətlisi orucun əxlaqa olan təsiridir. Orucun faydalarından ən mühümü insan ruhunu lətafətləndirib iradəsini gücləndirmək və onun cinsi ehtiyaclarını tənzimləməkdir.
Oruc tutan şəxsin yemək yeməyib susuz halda qalması, cinsi ləzzətlərdən əl çəkməsilə əməli olaraq sübut edir ki, o, heyvan kimi tövləyə və ota bağlı deyil və üsyankar nəfsini cilovlayıb şəhvət və nəfsinə sahib çıxa bilər.
Əslində orucun ən böyük hikməti onun mənəvi təsiridir. Susayanda və acanda müxtəlif çeşiddə yemək və içkilərdən istifadə eləmək qabiliyyətinə malik olan insan çay kənarında yerləşən bağda boy atan ağaca bənzəyir. Bu cür ağaclara xüsusi qayğı göstərildiyindən, onların müqaviməti zəifdir. Su bir neçə gün onlara çatmasa, quruyub aradan gedərlər. Amma qayalar içində, dağ və səhrada bitən ağaclar elə fidan vaxtlarından tufana, günəşin istisinə, qışın soyuğuna sinə gərdiyindən, möhkəm və davamlı olur.
Oruc da insanın ruhuna bu cür təsir edir. Onun iradəsini müvəqqəti məhdudiyyətlərlə möhkəmlədir, çətin hadisələrlə qarşılaşmağa hazırlayır. Oruc insanın cinsi tələbatını kontrol edib onun qəlbini nurlandırır. Qısa sözlə demək istəsək, oruc insanı maddi aləmdən xaric edərək mələklər aləminə yüksəldir. «لَعَلَّکُمْ تَتَّقُون» “Bəlkə, təqvalı olasınız.” cümləsi də bu həqiqətə işarədir.
Həmçinin, məşhur hədisdə belə buyurulur:
«الصَّوْمُ جُنَّهٌ مِنَ النّار»
“Oruc cəhənnəm atəşi müqabilində sipərdir.” (1)
Həzrət Əlidən (ə) nəql edilən digər bir hədisdə buyurulur: "Peyğəmbərdən (s) soruşdular: Nə edək ki, şeytan bizdən uzaq olsun?"
Peyğəmbər (s) buyurdu:
الصَّوْمُ یُسَوِّدُ وَجْهَهُ، وَ الصَّدَقَهُ تَکْسِرُ ظَهْرَهُ، وَ الْحُبُّ فِی اللّهِ وَ الْمُواظَبَهُ عَلَى الْعَمَلِ الصّالِحِ یَقْطَعُ دابِرَهُ، وَ الاِسْتِغْفارُ یَقْطَعُ وَتِینَهُ
“Oruc şeytanın üzünü qaraldır, Allah yolunda sədəqə vermək onun kürəyini yerə vurur, Allaha xatir sevmək və saleh əməli axıra kimi qoruyub saxlamaq onu məhv edir, istiğfar etmək onun qəlbinin damarını qırır.”" (2)
Həzrət Əli (ə) "Nəhcül-bəlağə"də ibadətin hikmətini bəyan edərkən oruca çatdıqda, belə buyurur:
«...وَ الصِّیامَ ابْتِلاءً لاِخْلاصِ الْخَلْق»
“Allah insanlarda ixlas ruhunu inkişaf etdirmək üçün orucu vacib edib.” (3)
Peyğəmbərdən (s) nəql edilən bir hədisdə buyurulur:
«اِنَّ لِلْجَنَّهِ باباً یُدْعَى الرَّیّانُ لایَدْخُلُ فِیْها اِلاَّ الصّائِمُون»
“Cənnətin Riyan adlı bir qapısı vardır ki, yalnız oruc tutanlar ordan daxil ola bilərlər.” (4)
Mərhum Şeyx Səduq “Məanil-əxbar” kitabında bu hədisin şərhi ilə bağlı belə yazır: "Cənnətin məhz o qapısı üçün bu adın seçilməsinin səbəbi odur ki, oruc tutanlar ən çox susuzluqdan əziyyət çəkir. Oruc tutanlar bu qapıdan daxil olan kimi susuzluqları elə yatır ki, ondan sonra heç vaxt susamırlar." (5)
2. Orucun ictimai təsirləri:
Orucun ictimai təsirləri hamıya məlumdur. Oruc cəmiyyətdə insanlar arasında bərabərlik yaradır. Bu dini əmri yerinə yetirməklə varlılar bir tərəfdən, acların vəziyyətini hiss edir, digər tərəfdən, gündəlik yeməklərinə qənaət edərək onlara kömək edə bilirlər.
Əlbəttə, acların vəziyyətini təsvir etməklə də toxları onların vəziyyətindən agah etmək mümkündür. Amma toxlar özləri oruc tutub aclığın özünü əyani surətdə hiss etsələr, daha yaxşıdır. Oruc tutmaq bu mühüm ictimai məsələyə yüksək əhval-ruhiyyə qatır.
Belə ki, imam Sadiqdən (ə) nəql edilən məşhur hədisədə belə buyurulur: "Hişam ibn Həkəm orucun vacib edilməsi səbəbini soruşdu. İmam (ə) da belə buyurdu:
«اِنَّما فَرَضَ اللّهُ الصِّیامَ لِیَسْتَوِیَ بِهِ الْغَنِیُّ وَ الْفَقِیرُ وَ ذلِکَ اَنَّ الْغَنِیَّ لَمْ یَکُنْ لِیَجِدَ مَسَّ الْجُوعِ فَیَرْحَمَ الْفَقِیرَ لاِ َنَّ الْغَنِیَّ کُلَّما اَرادَ شَیْئاً قَدَرَ عَلَیْهِ فَاَرَادَ اللّهُ تَعالى اَنْ یُسَوِّیَ بَیْنَ خَلْقِهِ وَ اَنْ یُذِیقَ الْغَنِیَّ مَسَّ الْجُوعِ وَ الاَلَمِ لِیَرِقَّ عَلَى الضَّعِیفِ وَ یَرْحَمَ الْجائِع»
“Oruc fəqir və varlı arasında bərabərlik yaransın deyə vacib edilib. Bu, ona görədir ki, varlı aclığı dadsın və fəqirin haqqını ödəsin. Adətən varlılar istədikləri şeyi istədikləri vaxt əldə etdiklərindən, Allah bəndələri arasında bərabərlik yaradaraq onların da aclığı, əziyyəti dadmasını, zəiflər və fəqirlərə rəhm etməsini istəyir.” (6)
Doğrudan da, varlı dövlətlər əgər ilin cəmi bir neçə gününü oruc tutsa, aclıq hissini keçirsə, yenə də dünyada bu qədər ac insanlar tapılarmı?
3. Orucun müalicəvi (tibbi) təsirləri:
Həm hazırkı, həm də qədim tibb orucun müxtəlif xəstəliklərin müalicəsində inkarolunmaz rolu olmasını təsdiq edir. Bilirik ki, əksər xəstəliklərin səbəbi müxtəlif qidaları yeməkdə ifrata varmaqdır. Belə ki, əlavə yemək ya həzm olunmayıb zərərli yağlar kimi bədənin müxtəlif nöqtələrində, ya da şəkər kimi qanda yığılıb qalır. Bu əlavə maddələr əzələlər arasında yerləşib pis qoxulu bataqlıq kimi mikrobların və müxtəlif maddələrin inkişafına şərait yaradır. Buna görə də, belə hallarda bu xəstəliklərlə mübarizə və bataqlığı məhv etmək üçün ən yaxşı yol oruc tutmaqdır.
Oruc bədənin artıq, lazımsız, həzm olunmamış maddələrini yandırır, daha dəqiq desək, oruc evi dibindən təmizləmək kimidir.
Bundan başqa, oruc tutmaq həzm sistemi üçün bir növ istirahətdir. Həzm sistemi bədəndəki sistemlərin ən həssası olduğu və bütün il boyu işlədiyindən, belə istirahət onun üçün zəruridir. Şübhəsiz, oruc tutan şəxs İslamın göstərişinə əsasən sübh yeməyi zamanı və iftar vaxtı yemək yeyərkən ifrata varmamalıdır ki, orucun faydalarından bəhrələnə bilsin. Əks təqdirdə, bu, mənfi nəticə verə bilər.
Rus alimi Aleksey Soforin öz kitabında belə yazır: “Oruc vasitəsilə müalicə, qan azlığı, bağırsaqların zəifliyi, sadə və xroniki iltihab, daxili və xarici çibanlar, tuberkulyoz, esklyoz, podaqra, revmatizm, hid r o pos, oturaq siniri xəstəliyi, xəras ( dərinin soyulması), göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. xəstəlikləri üçün çox təsirlidir.
Oruc vasitəsilə müalicə yalnız bu xəstəliklərin müalicəsində deyil, bədən hüceyrələrinə sirayət edən xərçəng, siflis, taun, vərəm xəstəliklərinin müalicəsində də böyük əhəmiyyətə malikdir. (7)
Peyğəmbərdən (s) bizə gəlib çatmış tanınmış bir hədisdə buyurulur:
صُومُوا تَصِحُّو
“Oruc tutun ki, sağlam olasınız.” (8)
Peyğəmbərdən (s) nəql edilən digər hədisdə də buyurulur:
المِعْدَهُ بَیْتُ کُلِّ داء وَ الْحِمْیَهُ رَاْس کُلِّ دَواء
Şərh qeydə alınmayıb