Qısa cavab:
Orucun mühüm faydaları insan ruhunu lətafətləndirmək, insan iradəsini qüvvətləndirmək və onun cinsi istəklərini tənzimləyərək ətalətdə saxlamaqdan ibarətdir. Həmçinin orucun ictimai təsirləri heç kəsə gizli deyil. Oruc cəmiyyətdə bərabərlik yaradır. Bu vacibatı yerinə yetirməklə imkanlı şəxslər imkansız və yoxsulların aclıq və susuzluqlarını birbaşa olaraq hiss edirlər. Eləcədə tibb elmi orucun müxtəlif xəstəliklərin müalicəsində inkarolunmaz rolu olmasını təsdiq edir. Bilirik ki, əlavə yemək ya həzm olunmayıb zərərli yağlar kimi bədənin müxtəlif nöqtələrində, ya da şəkər kimi qanda yığılıb qalır. Bu əlavə maddələr əzələlər arasında yerləşib pis qoxulu bataqlıq kimi mikrob və müxtəlif maddələrin inkişafına şərait yaradır. Buna görə də, belə hallarda bu xəstəliklərlə mübarizə və bataqlığı məhv eləmək üçün ən yaxşı yol oruc tutmaqdır.
Ətraflı cavab:
Oruc müxtəlif xüsusiyyətlərə malikdir. Oruc insan vücudunda maddi və mənəvi baxımdan bir çox təsirlər qoyur və onların ən mühümü əxlaqi xüsusiyyət və tərbiyə fəlsəfəsi istiqamətindədir. Orucun mühüm faydaları insan ruhunu lətafətləndirmək, insan iradəsini qüvvətləndirmək və onun cinsi istəklərini tənzimləyərək ətalətdə saxlamaqdan ibarətdir.
Oruc tutan şəxs oruc zamanı aclıq və susuzluqla yanaşı yemək, içmək, həmçinin, cinsi ləzzətlərə göz yummalı, eyni zamanda, tövləyə bağlanan və ot yeyən heyvan kimi olmadığını və istədiyi zaman nəfs və şəhvətini özünə tabe edə bildiyini sübut etməlidir.
Həqiqətdə, orucun ən böyük hikməti onun ruhani və mənəvi təsirindədir. Müxtəlif növ yemək və içkilər ixtiyarında olan və ac-susuz olduqda, istədiyi zaman onlardan istifadə edə bilən insan bol sulu çayların kənarındakı bağın divarları arxasında yerləşən ağaclara bənzəyir. Belə ağacların davamlılığı az olur və onlara su yetişmədikdə, asanlıqla məhv olur. Amma qayalar, dağlar və səhralar üzərində bitən ağaclar və onların budaqları elə körpəlikdən tufanlara, yandırıcı istiyə və qışın soyuğuna və müxtəlif çətinliklərə sinə gərərək möhkəm və davamlı olur. Oruc da insanın ruh və canına belə təsir qoyur. Müvəqqəti çətinlik və məhdudiyyətlərlə ona mübarizə üçün qüdrət və iradə bəxş edilir.
Deməli, oruc insanı heyvanlar aləmindən (maddi aləmdən) xaric edərək mələklər aləminə yüksəldir. "Bəqərə" surəsinin 183-cü ayəsindəki “Bəlkə, təqvalı olasınız.” – cümləsi orucun vacibliyinin hikmətini əks etdirir. Həmçinin, məşhur hədisdə deyildiyi kimi, “Oruc cəhənnəm atəşi müqabilində qalxandır” ifadəsi də bu mövzuya aiddir. (1)
Həzrət Əlidən (ə) nəql edilən hədisdə oxuyuruq ki, Peyğəmbərdən (s) soruşdular: “Nə edək ki, şeytan bizdən uzaq olsun?"
Buyurdu: "Oruc şeytanın üzünü qara edir. Allah yolunda infaq etmək onun belini sındırır. Allaha xatir sevmək və saleh əməl etmək onun ardınca gələnlərin kökünü kəsir və bağışlanma diləmək onun qəlb damarlarını qırır."" (2)
"Nəhcül-bəlağə"də həzrət Əli (ə) ibadətin hikmətini bəyan etdikdə, oruc məsələsinə çatdığı zaman belə buyurur:
والصیام ابتلاء لاخلاص الخلق
"Allah-taala orucu insanlarda ixlas ruhunu inkişaf etdirmək üçün vacib etdi." (3)
Həmçinin, Peyğəmbərdən (s) belə bir hədis nəql edilib:
ان للجنه باباً یدعى الریان لایدخل فیها الا الصائمون
“Cənnətin "Riyan" – sirab olmuş – adlı qapısı vardır ki, yalnız oruc tutanlar o qapıdan daxil olarlar.”
Şeyx Səduq “Məanil-əxbar” kitabında bu hədisin izahı barəsində yazır: “Bu adın cənnətin qapısına qoyulması ona görədir ki, oruc tutanın ən böyük zəhməti susuzluqdandır. Oruc tutanlar bu qapıdan daxil olduqları zaman, elə sirab olarlar ki, ondan sonra heç zaman susuzlamazlar.” (4)
Orucun ictimai təsirləri heç kəsə gizli deyil. Oruc cəmiyyətdə bərabərlik yaradır. Bu vacibatı yerinə yetirməklə imkanlı şəxslər imkansız və yoxsulların aclıq və susuzluqlarını birbaşa olaraq hiss edirlər. Bununla da onlara kömək edə bilirlər. Əlbəttə, acların və yoxsulların halını izah etməklə də onlara çatdırmaq mümkündür. Amma onun hissi və əyani şəkildə anlaşılması fərqli təsirə malikdir. Oruc cəmiyyətə hissiyyat ruhiyyəsi bəxş edir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə Hişam ibn Həkəm orucun vacib olmasının səbəbini soruşduqda, İmam (ə) belə cavab verir:
“Oruc ona görə vacib edilmişdir ki, fəqir və varlı arasında bərabərlik yaransın, varlı aclıq hissini dadsın və fəqirin haqqını versin. Varlılar istədikləri şeyləri asanlıqla əldə edə bilirlər. Allah bəndələri arasında bərabərliyin olmasını və varlılara aclıq və çətinliyi daddırmaqla zəiflər və aclara rəhm edilməsini istəmişdir.” (5)
Doğrudan da, görəsən dünyanın varlı dövlətlərinin əhalisi ilin cəmi bir neçə gününü oruc tutub aclığı dadsalar, yenə də dünyada bu qədər ac olacaqmı?
Həm müasir, həm də qədim tibb orucun müxtəlif xəstəliklərin müalicəsində inkarolunmaz rolu olmasını təsdiq edir. Bilirik ki, əksər xəstəliklərin səbəbi müxtəlif yeməkləri yeməkdə ifrata varmaqdır. Belə ki, əlavə yemək ya həzm olunmayıb zərərli yağlar kimi bədənin müxtəlif nöqtələrində, ya da şəkər kimi qanda yığılıb qalır. Bu əlavə maddələr əzələlər arasında yerləşib pis qoxulu bataqlıq kimi mikrob və müxtəlif maddələrin inkişafına şərait yaradır. Buna görə də, belə hallarda bu xəstəliklərlə mübarizə və bataqlığı məhv eləmək üçün ən yaxşı yol oruc tutmaqdır. Oruc bədənin artıq, lazımsız, həzm olunmamış maddələrini yandırır, daha dəqiq desək, oruc evi dibindən təmizləmək kimidir. Bundan başqa, oruc həzm sistemi üçün bir növ istirahətdir. Həzm sistemi bədəndəki sistemlərin ən həssası olduğu və bütün il boyu işlədiyi üçün belə bir istirahət ona zəruridir.
Şübhəsiz, oruc tutan şəxs İslamın göstərişinə əsasən sübh yeməyi zamanı və iftar vaxtı yemək yeyərkən ifrata varmamalıdır ki, orucun faydalarından bəhrələnə bilsin. Əks təqdirdə, bu, mənfi nəticələr verə bilər.
Rus alimi Aleksey Soforin öz kitabında belə yazır: “Oruc vasitəsilə müalicə qan azlığı, bağırsaqların zəifliyi, sadə və xroniki iltihab, daxili və xarici çibanlar, tuberkulyoz, esklyoz, podaqra, revmatizm, hid r o pos, oturaq siniri xəstəliyi, xəras (dərinin soyulması), göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. xəstəliklərində çox təsirli və effektlidir. Oruc vasitəsilə müalicə yalnız bu xəstəliklərin müalicəsində deyil, bədən hüceyrələrinə sirayət edən xərçəng, siflis, taun, vərəm xəstəliklərinin müalicəsində də böyük əhəmiyyət kəsb edir.” (6)
Peyğəmbərdən (s) bizə gəlib çatmış məşhur hədisdə buyurulur:
«صوموا تصحوا»
"Oruc tutun ki, sağlam olasınız." (7)
Peyğəmbərdən (s) nəql edilən digər bir hədisdə də buyurulur:
«المعده بیت کل داء و الحمیه راس کل دواء»
Şərh qeydə alınmayıb