Qısa cavab:
Bəzi təfsir alimlərinin nəzərinə əsasən, zəqqum Təhamə ərazisində bitən xırda yarpaqlı, acı və pis qoxulu bir bitkinin adıdır və müşriklər bu bitkini tanıyırdılar. Quran ayəsində deyilir ki, “O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar.”
Ətraflı cavab:
“Zəqqum” sözü leksik baxımdan acı, pis qoxulu, pis dadlı bir bitki adıdır. Bəzi təfsir alimlərinin nəzərinə əsasən, zəqqum Təhamə ərazisində bitən xırda yarpaqlı, acı və pis qoxulu bir bitkinin adıdır və müşriklər bu bitkini tanıyırdılar.
Bəzi təfsir kitablarında qeyd olunur ki, bu bitkinin şirəsi insanın bədəni ilə təmas etdikdə onda yara əmələ gətirir. Rağib İsfəhani “Müfrədat” kitabında yazır: “Zəqqum cəhənnət əhlinin hər növ nifrət doğuran (iyrənc) yeməyidir.” “Lisanül-Ərəb” kitabının müəllifi yazır: “Zəqqum ayəsi nazil olanda Əbu Cəhl dedi: “Bizim torpaqlarda belə bir bitki bitmir. Sizdən kimsə zəqqum sözünün mənasını bilirmi?
Orada olan afrikalı bir kişi:
−Zəqqum afrikalıların dilində kərə və xurmaya deyilir, − deyə cavab verdi.
Əbu Cəhl istehza ilə səsləndi:
−Kəniz, bir az kərə və xurma gətir zəqqum edək.
Onlar yeyir, məsxərə edir və deyirdilər:
−Məhəmməd bizi axirətdə bunlarla qorxudur.
Quran ayəsi nazil oldu və onlara kəskin cavab verdi:
انَّها شَجَرَهٌ تَخْرُجُ فى اَصْلِ الْجَحیم
“O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar.” (1)
طَلْعُها کَاَنَّهُ رُوُسُ الشَّیاطین
“Tumurcuqları sanki şeytanların başlarıdır.” (2)
Burada bir sual meydana gəlir: İnsanlar şeytan başlarını görmüşdülərmi? Quran zəqqumun tumurcuqlarını nə üçün ona bənzədir?
Təfsirçilər bu haqda müxtəlif versiyalar səsləndirmişlər:
Bəzilərinə görə “şeytan” sözünün mənalarından biri pis görünüşlü ilandır. Zəqqum tumurcuğu məhz ilana bənzədilmişdir.
Bəziləri isə hesab edirlər ki, o xoşagəlməz görünüşü olan bir bitkidir.
Amma daha dolğun və düzgün nəzərə çarpan versiya, bənzətmənin onun son dərəcə iyrənc, mənfur və çirkinliyinə xatir olmasıdır. Çünki insan nifrət etdiyi şeyi zehnində daima çirkin və qorxulu şəkildə təsəvvür edir. Sevdiyi şeylərə isə zehnində gözəl və xoşagələn bir don geydirir.
Məhz bu üzdən mələk təsvir olunan rəsm əsərlərində insanlar ən gözəl simalara üstünlük verirlər. Əksinə, şeytanlar, divlər üçün ən pis obraz və surətləri seçirlər. Bir halda ki, rəssamlar nə bir mələk, nə də şeytan görüblər.
Gündəlik danışığımızda “filankəs ifritəyə oxşayır” və yaxud “div görkəmi var” kimi ifadələrə çox rast gəlirik. Bütün bunlar insan zehninin müxtəlif məxluq və anlayışları əks etdirən incə və mənalı bənzətmələrdir. (3)
Şərh qeydə alınmayıb