Qısa cavab:
Ayələrə görə Allah əhdləşmələrini pozan şəxslərlə Qiyamət günü danışmayacaq, onlar lütf nəzəri ilə baxmayacaq, onları günahdan paklamayacaqdır. Çünki digər ayələrdən məlum olur ki, o biri dünyada ən böyük ilahi nemətlərdən biri də Allahın inanclı insanlarla lütfkarlıqla söhbət etməsidir.
Ətraflı cavab:
Allah-Taala “Bəqərə” surəsinin 174-cü ayəsində günahkarların ən əsas mənəvi, fiziki və ağrılı günahlarından birinə toxunaraq buyurur:
وَ لایُکَلِّمُهُمُ اللّهُ یَوْمَ الْقِیامَهِ وَ لا یُزَکِّیهِمْ وَ لَهُمْ عَذابٌ اَلیمٌ
“Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.”
“Ali İmran” surəsinin 77-ci ayəsində də ilahi əhdi və öz andlarını dəyərsiz mənafelərinə görə tapdalayan insanlara həmin formada acı əzablar veriləcəyindən söz açaraq buyurur:
اِنَّ الَّذینَ یَشْتَرُونَ بِعَهْدِ اللّهِ وَ اَیْمانِهِمْ ثَمَناً قَلیلاً اُولئِکَ لا خَلاقَ لَهُمْ فِی الآْخِرَهِ وَ لا یُکَلِّمُهُمُ اللّهُ وَ لا یَنْظُرُ اِلَیْهِمْ یَوْمَ الْقِیامَهِ وَ لا یُزَکِّیهِمْ وَ لَهُمْ عَذابٌ اَلیمٌ
“Həqiqətən, öz əhd-peymanları və andlarını ucuz bir qazanc müqabilində satan kəslərin axirətdə bir payları yoxdur. Və Allah onlarla danışmayacaq, Qiyamət günü onlara nəzər salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.”
Ayəyə görə Allah əhdləşmələrini pozan şəxslərlə Qiyamət günü danışmayacaq, onlar lütf nəzəri ilə baxmayacaq, onları günahdan paklamayacaqdır. Onlar üçün ağır bir əzab olacaqdır.
Bu və öncəki ayədən məlum olur ki, o biri dünyada ən böyük ilahi nemətlərdən biri də Allahın inanclı insanlarla lütfkarlıqla söhbət etməsidir. Yəni, ilahi peyğəmbərlərin bu dünyada sahib olduqları məqama və Yaradanla söhbətdən aldıqları zövq və həzzi o dünyada möminlər də yaşayacaqlar. Bundan üstün həzz ola bilərmi?
Əlavə olaraq, Allah-Taala onlara iltifat edir, əvf və mərhəmət suyu ilə onları yuyur, paklaşdırır. Bundan üstün nemət ola bilərmi?
Aydındır ki, Allahın bəndələri ilə danışması Onun dilli və maddi olmasına dəlalət etmir. O, tükənməz qüdrəti ilə fəzada səs dalğaları yaratmaqla danışır. İnsan o, dalğaları eşidib dərk edə bilir. Buna aşkar misal, Tur vadisində Allahın Musa ilə (ə) danışığıdır. Həmçinin Allah-Taala ilham və qəlb dili vasitəsilə xüsusi bəndələri ilə söhbət edir.
Hər bir halda Yaradanın bu əzəmətli iltifatı və misilsiz mənəvi zövqü, haqq danışan, insanlara haqqı tanıtdıran, öz əhdləşmələrində möhkəm duran, haqqı tələbi heç bir vəchlə öz maddi mənafelərinə qurban verməyən pak qəlbli bəndələr üçündür.
Burada belə bir sual ortaya çıxır: Quranın bir sıra ayələrindən Qiyamət günü Allah-Taalanın bəzi günahkar və cinayətkarlarla da söhbət edəcəyi anlaşılır. Məsələn:
قالَ اخْسَوُا فیها وَ لاتُکَلِّمُونِ
“(Allah) buyurar: “Orada zəlil vəziyyətdə durub qalın və Mənimlə əsla danışmayın!” (1)
Allah günahkarlara müraciət edərək bunu deyir. Onlar cəhənnəmdən xilas olmaqlarını istəyir və deyirlər: “Ey Rəbbimiz, bizi buradan çıxar, əgər (bir daha) qayıtsaq, deməli onda mütləq zalımıq.”
“Casiyə” surəsinin 30 və 31-ci ayələrində də Allahla günahkarlar arasında bənzər söhbətin şahidi oluruq.
Suala cavab olaraq qeyd edirik:
Yuxarıdakı ayələrdə danışmaq dedikdə xüsusi iltifat, ehtiram və məhəbbət üzündən danışmaq nəzərdə tutulur. Bu danışıqlar təhqir, rədd, cəza və mərhəmətsizliklə yanaşı olan danışıqlar deyil. Onun özü ən ağır əzablardan sayılır.
Aydın məsələdir ki, “Ucuz bir dəyər qarşısında satan” cümləsi həqiqəti böyük maddi mənafeyə görə gizlətməyin icazəliliyini isbat etmir. Məqsəd, haqqı gizlətmək müqabilində alınan hər bir dəyərli şey, hətta bütün dünya olsa belə çox cüzi və dəyərsizdir. (2)
Şərh qeydə alınmayıb