Qısa cavab:
Təfsir alimlərinin əksəriyyəti də bu məsələni qəbul etmişlər ki, bütün canlı növlərini axirət, mükafat və ya cəza gözləyir. Şübhəsiz ki, hesab və cəzanın ilkin şərti ağıl və şüur məsələsi, onun ardınca isə vəzifə və məsuliyyətdir. Təfsirçilər də bu qənaətdədir ki, heyvanlar da özlərinə uyğun formada dərk və şüura malikdirlər. Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nizam-intizama malikdir, onların ali səviyyədə dərk və şüurlarını nümayiş etdirir. Məsələn, qarışqalar, bal arıları və onların valehedici qanunları haqqında, eləcə də yuva və pətəklərinin heyranedici nəzmi haqqında eşitməyən və onların təqdirəlayiq dərk və şüurlarına “afərin” deməyən bir insan yoxdur. Bu üzdən onların da axirətdə məşhur olması tamamilə mümkün sayılmışdır.
Ətraflı cavab:
Bu sualın cavabını “Ənam” surəsinin 38-ci ayəsində tapmaq olar. Ayədə belə deyilir:
ثُمَّ اِلى رَبِّهِمْ یُحْشَرُونَ
"Sonra onlar (Qiyamət günü) hamılıqla öz Rəblərinə tərəf toplanılacaqlar."
Ayənin zahiri mənasından belə məlum olur ki, “hum” əvəzliyi bu cümlədə müxtəlif varlıqlara və heyvan növlərinə şamil olur. Bu yolla Quran onların da Qiyamət günü toplanacaqlarından xəbər verir.
Təfsir alimlərinin əksəriyyəti də bu məsələni qəbul etmişlər ki, bütün canlı növlərini axirət, mükafat və ya cəza gözləyir. Yalnız az sayda alim onu rədd edərək bu və ya digər bənzər ayələri digər formada təfsir etmişlər. Məsələn demişlər: “Həşrun iləllah” ifadəsində həyatın sonuna və ölümə qayıdış nəzərdə tutulur.”
Şübhəsiz ki, hesab və cəzanın ilkin şərti ağıl və şüur məsələsi, onun ardınca isə vəzifə və məsuliyyətdir. Bu əqidənin tərəfdarları deyir: Əlimizdə olan sübutlardan aydın olur ki, heyvanlar da özlərinə uyğun formada dərk və şüura malikdirlər. O cümlədən:
Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nizam-intizama malikdir, onların ali səviyyədə dərk və şüurlarını nümayiş etdirir. Doğrudan da qarışqalar, bal arıları və onların valehedici qanunları haqqında, eləcə də yuva və pətəklərinin heyranedici nəzmi haqqında eşitməyən və onların təqdirəlayiq dərk və şüurlarına “afərin” deməyən bir insan varmı?
Bəzi alimlər isə bütün bunların bir növ instinkt və ya qərizə ilhamları adlandırmağa meyillidirlər. Amma onların bu işləri şüursuz (instinkt formasında) yerinə yetirdiklərinə dair heç bir dəlil yoxdur. Onların bu işlərinin (zahirlərindən bəlli olduğu kimi) ağıl və idrakdan doğmasının nə eybi ola bilər?
Heyvanlar keçmiş təcrübəyə malik olmadan gözlənilməz hadisələr qarşısında görünməmiş addımlar atdıqlarına həyatda çox rast gəlmək olur. Məsələn, ömründə canavar görməmiş qoyun ilk dəfə onun görərkən asanlıqla düşmənin təhlükəli olduğunu başa düşməsi mümkün olan bütün vasitələrdən özünü müdafiə etmək və xilas olmaq üçün istifadə edir. Heyvanların çoxunda öz sahiblərinə tədricən yaranan sevgiləri bu məsələyə əyani sübutdur. Yırtıcı və təhlükəli itlərin çoxu öz sahiblərinin və hətta onların azyaşlı uşaqlarının qarşısında özlərini mehriban bir xidmətçi kimi aparırlar. Kitablarda və xalq arasında heyvanların vəfası və insanların yaxşılıqlarının əvəzini neçə çıxmaları haqqında yayılmış saysız-hesabsız hekayətlərin hamısını əfsanə saymaq olmaz. Sözsüz ki, onların instinktdən doğmasının asanlıqla demək olmaz, çünki instinkt adətən mütəmadi və yeknəsəq fəaliyyətlərin sərçeşməsidir. Əvvəlcədən gözlənilməyən xas şəraitlərdə reaksiya olaraq atılan addımlar instinktdən çox ağıl və şüura bənzəyir.
Günümüzdə çoxları heyvanları müxtəlif məqsədlərlə əhilləşdirir və onlara təlim keçirlər. Polis itləri cinayətkarları tutmaq, göyərçinlər məktubu çatdırmaq üçün, bəzi heyvanlar mağazalardan mal almaq üçün, şikarçı heyvanlar ov ovlamaq üçün təlim görürlər. Onlar öz ağır vəzifələrini heyrətamiz diqqətlə yerinə yetirirlər. (Bu gün hətta bəzi heyvanlar üçün rəsmən məktəblər də açılmışdır.)
Bütün bunlardan əlavə, Quranın ayələrində bəzi heyvanların dərk və şüura malik olduqlarını sübut edən müxtəlif hekayətlər diqqət çəkir ki, bu yöndə nəzərə çarpacaq dəlillər sayıla bilər.
Qarışqaların Süleyman peyğəmbərin (əleyhis-salam) qoşununun qarşısından qaçması, eləcə də Hüd-hüd (şanapipik) quşunun Səba və Yəmən məntəqəsinə gəlib Süleyman peyğəmbər üçün həyəcanlı xəbərlər gətirməsi bu müddəaya aydın sübutdur.
İslami hədislərdə də heyvanların Qiyamət günü hazır olacaqlarına dair müxtəlif hədislərə rast gəlmək olar. Məsələn: Əbuzərdən nəql edir: “Biz Peyğəmbərin (səllallahu əleyhi və alih) hüzurunda idik. Qarşımızda keçilər bir-birinə buynuz atırdılar. Peyğəmbər (s) soruşdu:
−Bilirsiniz onlar niyə buynuzlaşırlar?
Orada olanlar: "Xeyr, − deyə cavab verdilər."
Peyğəmbər (səllallahu əleyhi və alih) buyurdu:
−Amma Allah bilir nə üçün. Tezliklə onların arasında hakimlik edəcək.”
Əhli-sünnə qaynaqlarında nəql olunan bir hədisdə Peyğəmbər (s) buyurur:
اِنَّ اللّهَ یَحْشُرُ هذِهِ الاُمَمَ یَوْمَ الْقِیامَهِ وَ یَقْتَصُّ مِنْ بَعْضِها لِبَعْض حَتّى یَقْتَصَّ لِلْجَمّاءِ مِنَ الْقَرْناءِ:
“Allah-taala bütün bu canlıları Qiyamət günü hazır edəcək, bəzilərinin qisasını bəzilərindən alacaq. Hətta buynuzu olmayan heyvanın qisasını yersiz ona buynuz vuran heyvandan alacaq.”
“Təkvir” surəsinin 5-ci ayəsində oxuyuruq:
وَ اِذَا الْوُحُوشُ حُشِرَت
"Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı zaman."
Əgər ayənin mənasını (bu dünyanın sonunda toplaşmaq yox) Qiyamət günü yığılmaq götürsək yuxarıdakı bəhsimiz üçün sübutlardan biri olacaqdır. (1)
Şərh qeydə alınmayıb