Qısa cavab:
“Qariə” surəsinin ayələrinə görə əməlləri ağır və dəyərli gələn kəslərin axirətdəki yeri ilə əməlləri yüngül gələn adamların yeri tam fərqlidir. Əməlləri ağır gələnlər üçün işlənmiş “Razı qalacağı bir həyat” ifadəsi Qiyamət günü onların nemət dolu, başdan-başa asudəlik içində olan həyatlarını əks etdirən çox maraqlı və dolğun seçimdir. Bu həyat insanın o qədər ürəyincədir ki, sanki özü razıdır.
Əməlləri yüngül gələnlərin aqibəti isə “ummuhu haviyə” cümləsində öz əksini tapır. Təfsirə görə əməllərinin çəkisi yüngül gələn günahkarlar pənah aparmaq üçün cəhənnəmdən başqa bir yer tapmazlar.
Ətraflı cavab:
Allah-taala “Qariə” surəsinin 6-11-ci ayələrində ölülərin dirilib qiyamət səhnəsində hazır olması və iki qismə bölünməsi haqda söhbət edir:
فَاَمّا مَنْ ثَقُلَتْ مَوازینُهُ
"Amma əməlləri ağır və dəyərli gələn kəs"
فَهُوَ فی عیشَه راضِیَه
"Razı qalacağı (xoş) bir həyat içində olacaqdır."
وَ اَمّا مَنْ خَفَّتْ مَوازینُهُ
"Amma əməlləri yüngül və dəyərsiz gələn kəsin isə"
فَاُمُّهُ هاوِیَهٌ
"Məskəni və pənah yeri Haviyə olacaqdır."
وَ ما اَدْراکَ ما هِیَهْ
"Sən nə bilirsən ki, Haviyə nədir?"
نارٌ حامِیَهٌ
"Olduqca qaynar və yandırıcı bir oddur."
“Razı qalacağı bir həyat” ifadəsi Qiyamət günü cənnət əhlinin nemətlər dolu, başdan-başa sakitlik içində olan həyatlarını əks etdirən çox maraqlı və dolğun seçimdir. Bu həyat insanın o qədər ürəyincədir ki, sanki özü razıdır. Belə ki, “mərziyyə” ifadəsindən istifadə etmək əvəzinə yəni, daha çox təkid üçün ismi-məful yerinə ismi-fail işlənmişdir.
Bu böyük imtiyaz axirət dünyasına məxsusdur. Çünki dünya həyatı nə qədər rifah və nemət içində olsa, nə qədər əmin-amanlıq və insanın ürəyincə keçsə, yenə də insanı narahat edən amillərdən xali deyil. Yalnız axirət dünyasıdır ki, başdan-başa razılıq, sevinc, sakitlik, əmin-amanlıq və arxayınlıq içində keçəcək.
“Umm” sözü isə “ummuhu haviyə” cümləsində ona görədir ki, “umm” ana deməkdir. Bilirik ki, ana çətin anlarda uşaqların pənah apardıqları və qaldıqları sığınacaqdır. Burada işarə olunur ki, əməllərinin çəkisi yüngül gələn günahkarlar pənah aparmaq üçün cəhənnəmdən başqa bir yer tapmazlar. Pənahgahı cəhənnəm olan insanların vay halına!
Bəzi alimlərin rəyinə görə burada “umm” sözü beyin mənasında işlənmişdir. Çünki ərəb xalqı beyinə “başın anası” deyirlər. Belə olduqda ayəni bu şəkildə tərcümə etmək olar: “Onları başları üstə cəhənnəmə atarlar.” Lakin bu ehtimal çox zəifdir. Çünki belə olduqda sonrakı ayə (Sən nə bilirsən ki, o nədir?) doğru məna verməyəcək.
"Haviyə" sözü mənası düşmək və yıxılmaq olan “həva” sözündən götürülmüşdür. O, cəhənnəmin adlarından biridir. Çünki günahkarlar yuxarıdan ora düşərlər. Həmçinin bu söz cəhənnəm atəşinin dərinliyinə də toxunur.
Əgər “umm” sözünü burada beyin kimi tərcümə etsək, “haviyə” sözü süqut edən (yıxılan) mənasında olacaqdır. Lakin birinci təfsir daha düzgün və daha münasibdir. (1)
Şərh qeydə alınmayıb