Qısa cavab:
Qurani-Kərimdə müxtəlif ayələr onların bu istəklərini əks etdirir. Misal üçün “Görəsən bizə bir möhlət veriləcəkmi?" ya da “Kaş ki, qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik!” və yaxud “Kaş ki, dünyada Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq” və yaxud da “Ey Rəbbim, məni (dünyaya) qaytar, yaxşı bir iş görüm” cümlələrini buna misal çəkmək olar.
Ətraflı cavab:
Ölüm anından başlayaraq günahkar insanların həsrət və peşmançılığı başlayır. Qayıtmaq arzusu onların ruhlarında şölələnir. Ah və fəryadları faydasız, xahişləri qəbul edilməzdir.
Quran ayələrində bu haqda çox sayda nümunələr diqqəti cəlb edir ki, onların ən sadəsinə “Şüəra” surəsinin 203-cü ayəsində rast gəlmək olar. Ayədə deyilir:
هَلْ نَحْنُ مُنْظَرُونَ
"Görəsən bizə bir möhlət veriləcəkmi?"
“Ənam” surəsinin 27-ci ayəsində oxuyuruq:
یا لَیْتَنا نُرَدُّ وَ لاْ نُکَذِّبُ بِآیاتِ رَبِّنا
"Kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik!"
“Əhzab” surəsinin 66-cı ayəsində buyurur:
یا لَیْتَنا اَطَعْنَا اللّهَ وَ اَطَعْنَا الرَّسُولاَ
"Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq!"
Həmçinin “Muminun” surəsinin 99 və 100-cü ayəsində buyurur:
حَتّى اِذا جاءَ اَحَدَهُمُ الْمَوْتُ قالَ رَبِّ ارْجِعُونِ * لَعَلِّی اَعْمَلُ صالِحاً فِیما تَرَکْتُ
"(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan birinin ölümü çatan zaman deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey barəsində yaxşı bir iş görüm (qaranlıq keçmişimin əvəzini çıxım).
Bu vəziyyət beləcə davam edir. Hətta günahkarlar cəhənnəm odunun kənarına gətirilərkən yenidən bu sözü təkrar edirlər. Belə ki, “Ənam” surəsinin 27-ci ayəsində deyilir:
وَ لَوْ تَرى اِذْ وُقِفُوا عَلَى النّارِ فَقالُوا یا لَیْتَنا نُرَدُّ وَ لا نُکَذِّبَ بِآیاتِ رَبِّنا وَ نَکُونَ مِنَ الْمُوْمِنِینَ
"Əgər onları odun üzərində saxlanıldıqları zaman görsən (Onlar həmin vaxt) “kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!” deyərlər."
Lakin aydındır ki, bu qayıdış ilahi qanunlara əsasən mümkün deyil. Ağacdan qopub düşən kal meyvə ağaca qayıdarsa, dünyaya nöqsanlı gəlmiş uşaq ana bətninə qayıdarsa, belə bir qayıdış da mümkün ola bilər.
Bu səbəbdən bu peşmançılıqların qarşısını almaq üçün yeganə ağlabatan yol saleh işlər görmək, fürsət var ikən günahlardan tövbə etməkdir. Bundan başqa yolların hamısı bihudədir. (1)
Şərh qeydə alınmayıb