Qısa cavab:
Təfsirlərdən aydın olur ki, onlar tövhid carçılarına mənfi cavab verməklə, səadət yolunu öz üzlərinə bağlayıb əbədi əzab qapılarını öz üzlərinə açmaqla həqiqətdə özləri ilə düşmənçilik etmişlər və buna görə özlərinə nifrət bəsləyirlər.
Ətraflı cavab:
Quran “Qafir” surəsinin 10-ci ayəsində buyurur:
اِنَّ الَّذِینَ کَفَرُوا یُنادَوْنَ لَمَقْتُ اللّهِ اَکْبَرُ مِنْ مَقْتِکُمْ اَنْفُسَکُمْ اِذْ تُدْعَوْنَ اِلَى الْاِیمانِ فَتَکْفُرُونَ
"Həqiqətən küfr etmiş kəslərə Qiyamət günü nida edilər ki:
“Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və küfr edirdiniz.”
Bu ayənin iki təfsiri vardır. Əvvəla, onlara qarşı dünyada ən böyük düşmənçiliyi özləri etmişlər, çünki tövhid carçılarına mənfi cavab vermişlər. Bu işlə yalnız ilahi hidayətin çıraqlarına göz yummadılar, üstəlik onları sındırıb darmadağın etdilər. İnsan nəfsani həvəslərinə tabe olmaq, bu neçə günlük dünya malından bəhrələnmək üçün əbədi səadət yolunu öz üzünə bağlayıb əbədi əzab qapılarını öz üzünə açırsa, özü ilə bundan artıq düşmənçilik edə bilərmi? Bu təfsirə əsasən “siz imana tərəf çağırılır və küfr edirdiniz” cümləsi həqiqətdə onları özlərinə qarşı qəzəb və ədavətin necəliyini bəyan edir.
İkinci təfsir isə belədir: Cümlədə onların Qiyamət günü özləri ilə düşmənçiliyi nəzərdə tutulur. Orada işlərinin nəticəsini müşahidə edərkən çox peşman olur və sarsılırlar. Nalə və fəryadları göyə qalxır. Əsəblərindən barmaqlarını çeynəyərlər:
وَ یَومَ یَعَضُّ الظّالِمُ عَلى یَدَیْهِ
"Və o gün ki, zalım öz əllərini çeynəyərək deyəcək..." (1)
Torpaq olmalarını arzulayarlar:
وَ یَقُولُ الْکافِرُ یا لَیْتَنِى کُنْتُ تُراباً
"Kafir deyər: “Kaş ki, torpaq olaydım!” (2)
Narahatlığının çoxluğundan qıvrılır, “bu gün gözün iti görür” (3) ayəsinin dediyi kimi gözləri açıldığına görə, bütün həqiqətlər və daxili sirlər “gizlin sirlərin aşkar olacaqı gün” (4) ayəsində deyildiyi kimi onun üçün aşkar olduğuna görə, əməl dəftərləri “əməl dəftərləri açılacağı zaman” (5) ayəsində deyilən kimi açıldığına görə və “Öz kitabını oxu, bu gün sən özün özünün hesabını çəkmək üçün kifayətsən” (6) ayəsinin söylədiyi kimi özünü özündən hesab çəkmək üçün çağırdıqlarına görə özünü günahkar sayır, bütün vücudu ilə özünə nifrət edir və qaçır.
Məhz burada ona nida olunur: "Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki haqqa çağıranlar və Allah elçiləri sizi imana tərəf çağırırlar və siz küfr yolu ilə gedir və onu davam edirdiniz.”
Bu təfsirə uyğun olaraq “çünki siz imana tərəf çağırılır və küfr edirdiniz” ayəsi Allahın onlara qarşı qəzəbinin çoxluğunun dəlilini bəyan edir. Hər iki təfsir məqbuldur. Amma birinci təfsir daha münasib görünür. (7)
Şərh qeydə alınmayıb