Qısa cavab:
“Məvazin” sözü “mizan” sözünün cəm formasıdır və dilimizdə ona tərəzi deyilir. Mizanın xüsusi çəki gözləri olan zahiri tərəzi mənasında olması vacib deyil, əksinə, hər bir çəki vasitəsinə mizan deyilə bilər. Burada cəm formasında olan “Məvazin” sözü haqq övliyasının və ilahi qanunların hər birinin ölçü vasitələrindən biri olmasını çatdırır.
Ətraflı cavab:
“Məvazin” sözü “mizan” sözünün cəm formasıdır. “Mizan” ölçü vasitəsidir və dilimizdə ona tərəzi deyilir. Bu söz ilk öncə maddi çəkilər üçün işlənirmiş, sonradan isə mənəvi tərəzi, ölçü və miqyaslar haqqında da istifadə olunmağa başladı.
Bir qrup alimə görə, insanın əməlləri həmin gün cismani varlıq formasına düşəcək və çəkiyə malik olacaqlar. Onların doğru olub-olmadığını əməlləri ölçən tərəzilər təyin edəcəklər. Bu ehtimalı da vermək olar ki, əməl dəftərinin özünü tərəzidə çəkəcəklər. Onun içində saleh əməl yazılmışdırsa ağır, əks təqdirdə isə yüngül və ya çəkisiz gələcəkdir.
Lakin zahiri baxımdan belə izahlara ehtiyac yoxdur. Mizanın xüsusi çəki gözləri olan zahiri tərəzi mənasında olması vacib deyil, əksinə, hər bir çəki vasitəsinə mizan deyilə bilər. Necə ki, hədisdə oxuyuruq:
اِنَّ اَمِیْرَ الْمُوْمِنِیْنَ وَ الاَئِمَّهَ مِنْ ذُرِّیَّتِهِ(علیهم السلام) هُمُ الْمَوازِیْنُ
"Əmirəl-möminin (ə) və onun nəslindən olan imamlar (ə) mizandırlar."
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: "Həzrətdən Mizanın mənası haqqında soruşulduqda, o belə cavab verdi:
اَلْمِیْزانُ الْعَدْلُ!
“Ölçü tərəziləri ədalətdir.”
Sözün qısası, Övliyalar və ilahi ədalət qanunları, insanlar və onların əməllərinin ölçüldüyü meyarlardır və ölçülərinin onlara uyğun olub-olmaması ilə çəkiləri təyin edilir.
Aydındır ki, mizanın yüngül və ya ağır olmasında məqsəd, tərəzinin özünün ağır gəlməsi deyil, əksinə onunla çəkilən şeylərin ağırlığıdır.
Bunu da əlavə etmək lazımdır ki, burada cəm formasında olan “Məvazin” sözü haqq övliyasının və ilahi qanunların hər birinin ölçü vasitələrindən biri olmasını çatdırır.
Bundan da əlavə, insanın sifət və əməllərinin müxtəlifliyi tələb edir ki, hər birini bir mizanla ölçsünlər, eyni zamanda tərəzilər və örnəklər də müxtəlif olsun.
Rağib İsfahani öz “Müfrədat” kitabında yazır:
“Qurani-kərimdə “mizan” sözü bəzən tək formasında, bəzən də cəm formasında işlənir. Birinci şəkildə işlənərkən hesab çəkən şəxsə, yəni, vahid Allaha işarə olunur. İkinci formada isə, söhbət hesab çəkilənlərdən gedir.”
Bəzi təfsir alimlərinə görə isə “Məvazin” sözü “mövzun” sözünün cəm formasıdır və çəkisi tərəzidə ölçülən əməl nəzərdə tutulur. Bu üzdən məvazinin yüngül və yaxud ağır olması, tərəzinin deyil, əməlin özünün yüngül və ya ağır olması deməkdir.
Söz yox ki, müxtəlif yollarla olsa da hər ikisinin nəticəsi eynidir. (1)
Şərh qeydə alınmayıb