Qısa cavab:
Quran ayələri və hədislərin toplumundan başa düşmək olur ki, insanın əməllərinin hamısı bütün xırdalıqları ilə həmin dəftərdə qeyd olunur. Şübhəsiz ki, bu dəftər adi kitab-dəftər və məktub növündən deyil. Ona görə də, bəzi təfsir alimləri demişlər ki, bu əməl dəftəri insanın ruhundan başqa bir şey deyil. Onun əməllərinin hamısının təsirini onda görmək olar. Biz hər əməli yerinə yetirərkən istər-istəməz bizim ruh və canımızda təsir qoyur.
Ətraflı cavab:
Çoxsaylı Quran ayələri və hədislərdə insanların əməl dəftərlərindən bəhs edilmişdir. Bu ayə və hədislərin toplumundan başa düşmək olur ki, insanın əməllərinin hamısı bütün xırdalıqları ilə həmin dəftərdə qeyd olunur. Qiyamət günü insanın xeyirxah və yaxşı işlər sahibi olduğu təqdirdə, əməl dəftəri onun sağ əlinə, pis işlər sahibi olduğu təqdirdə isə əməl dəftəri onun sol əlinə veriləcəkdir.
“Haqqə” surəsində oxuyuruq:
فَاَمّا مَنْ اُوتِیَ کِتابَهُ بِیَمِینِهِ فَیَقُولُ هاوُمُ اقْرَوُا کِتابِیَهْ
"Əməl dəftəri sağ əlinə verilən şəxs, sevinclə deyər: “Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun!” (1)
وَ اَمّا مَنْ اُوتِیَ کِتابَهُ بِشِمالِهِ فَیَقُولُ یا لَیْتَنِی لَمْ اُوتَ کِتابِیَهْ
"Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: “Kaş (əməl) dəftərim mənə verilməyəydi!” (2)
“Kəhf” surəsinin 49-cu ayəsində deyilir:
وَ وُضِعَ الْکِتابُ فَتَرَى الُْمجْرِمِینَ مُشْفِقِینَ مِمّا فِیهِ وَ یَقُولُونَ یا وَیْلَتَنا ما لِهذَا الْکِتابِ لایُغادِرُ صَغِیرَهً وَ لا کَبِیرَهً اِلاّ اَحْصاها وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً وَ لایَظْلِمُ رَبُّکَ اَحَداً
"Və bütün bəşəriyyətin əməllərinin böyük kitabı açılar. O vaxt günahkarları kitabda olanlardan qorxan görərsən. Və onlar deyərlər: “Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü yerdə qoymadan, istisnasız hamısını saymışdır!” Onlar (dünyada) etdiklərini hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir."
Sözügedən ayə haqqında olan hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
یَذْکُرُ الْعَبْدُ جَمِیْعَ ما عَمِلَ، وَ ما کُتِبَ عَلَیْهِ، حَتّى کَاَنَّهُ فَعَلَهُ تِلْکَ السّاعَهِ، فَلِذلِکَ قالُوا یا وَیْلَتَنا ما لِهذَا الْکِتابِ لا یُغاِدُر صَغِیْرَهً وَ لا کَبِیْرَهً اِلاّ اَحْصاها
"Həmin gün insanın bütün etdikləri onun əməl dəftərində qeyd edilmişdir. Hər şeyi xatırlayır, sanki o saatda onu etmişdir. Ona görə də günahkarların fəryadları göyə ucalır: “Vay olsun bizə! Bu necə dəftərdir ki, heç bir kiçik və böyük əməli nəzərdən qaçırmamışdır.”
Burada belə bir sual meydana gəlir: Bu dəftər nədir? O hansı şəkildədir?
Şübhəsiz ki, adi kitab-dəftər və məktub növündən deyil. Ona görə də, bəzi təfsir alimləri demişlər ki, bu əməl dəftəri insanın ruhundan başqa bir şey deyil. Onun əməllərinin hamısının təsirini onda görmək olar. Biz hər əməli yerinə yetirərkən istər-istəməz bizim ruh və canımızda təsir qoyur.
Yaxud da bu əməl dəftəri bizim bədən üzvlərimiz, hətta bədənimizin dərisidir. Ondan da yuxarı, əməlimizi üzərində yerinə yetirdiyimiz yer, hava və atmosferdir. Çünki bizim əməllərimiz bədənimizdə və orqanizmimizin bütün zərrələrində təsir qoyduğu kimi hava və yerdə də əks olunur.
Biz bu təsirləri bu dünyada hiss və dərk edə bilməsək də şübhəsiz, onlar var və bir gün fərqli görmə qabiliyyəti əldə edəndən sonra onların hamısını görüb oxuyacağıq. (3)
Şərh qeydə alınmayıb