Qısa cavab:
Qurani-Kərimdə deyilir ki, pis əməl sahiblərinin əməl dəftərləri Siccindədir. Bəzi təfsirçilərə görə “Siccin” geniş və əhatəli bir kitabdır ki, Allah-taala insanlardan və cinlərdən olan kafir və fasiqlərin əməllərini o kitabda yazmışdır. Ayələrdən başa düşmək olur ki, bütün pis əməl sahiblərinin əməlləri bu kitabda toplanmışdır. Digər təfsir alimlərinə görə isə “Siccin” sözü pis adamlar üçün nəhəng bir zindan olan Cəhənnəm mənasındadır. “Günahkarların kitabı” dedikdə məqsəd onlar üçün nəzərdə tutulmuş son qərardır.
Ətraflı cavab:
Allah-taala “Mutəffifin” surəsinin 7-10-cu ayələrində pis əməl sahibləri və günahkarların Qiyamət günü talelərinin bir guşəsinə toxunaraq buyurur:
کَلاّ اِنَّ کِتابَ الفُجّارِ لَفِی سِجِّین
"Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin əməl dəftərləri "Siccin"dədir."
وَ ما اَدْراکَ ما سِجِّینٌ
"Və sən nə bilirsən ki, «Siccin» nədir?"
کِتابٌ مَرْقُومٌ
"(O,) rəqəmlənmiş (yazılmış) bir kitabdır."
Bu ayələrin izahında iki əsas nəzəriyyə mövcuddur:
1. Kitab insanların əməl dəftərləri deməkdir. İrili-xırdalı bütün işlər, kiçik və böyük günahların hamısı orada qeyd olunmuşdur. Heç nə artırılıb azaldılmamışdır.
“Siccin” dedikdə məqsəd geniş və əhatəli bir kitabdır. Bütün insanların əməl dəftərləri məcmu şəklində bu kitabın içində vardır. Daha sadə desək, bu kitab bütün borcluların və borc sahiblərinin hesab-kitabları əlahiddə bir səhifədə qeyd olunmuş ümumi bir dəftər kimidir. Lakin bu və sonrakı ayələrdən başa düşmək olur ki, bütün pis əməl sahiblərinin əməlləri “Siccin” adlı bir kitabda, eləcə də bütün xeyirxah insanların əməlləri digər “İlliyyin” adlı bir kitabda toplanmışdır.
“Siccin” sözü həbs və zindan mənasında olan “sicn” sözündən götürülmüşdür. Bu sözün müxtəlif mənaları var. Məsələn, möhkəm zindan, möhkəm və sərt bir cisim, cəhənnəmin dərinliyində müdhiş bir vadi, pis insanların əməlləri yazılan yer və cəhənnəm odu.
Tureyhi öz qələmə aldığı “Məcməul-bəyan” kitabının “sicn” kökü haqqında yazır:
“Təfsirdə deyilir ki, “Siccin” geniş və əhatəli bir kitabdır ki, Allah-taala insanlardan və cinlərdən olan kafir və fasiqlərin əməllərini o kitabda yazmışdır. (Tureyhi bu təfsirin məsum insandan və ya qeyrisindən olduğuna aydınlıq gətirmir.)
Bu təfsiri təsdiq edən dəlillər aşağıdakılardır:
1) Qurani-kərimdə “kitab” sözü belə hallarda adətən əməl dəftəri mənasında işlənir.
2) Sonuncu ayədə “siccin” sözünə təfsir kimi deyilir ki, o, rəqəmlənmiş (yazılmış) bir kitabdır. Bəzi alimlər bu ayəni “siccin” sözünün izahı hesab etməmişlər. Sözsüz ki, bu fikir ayənin zahiri mənasına ziddir.
3) Bəzi alimlərə görə isə “siccin” və “siccil” sözlərinin mənası eynidir. Bildiyimiz kimi, “siccil” sözü “böyük kitab” deməkdir.
Qısası, bu təfsirə əsasən “siccin” bir külliyyatdır və bütün pis insanların əməl dəftərləri orada bir yerə toplanmışdır. Bu kitaba “siccin” adı bəlkə də ona görə verilmişdir ki, bu külliyyatın içindəlikər onların cəhənnəmdə həbs olunmasına gətirib çıxarır. Yaxud da onun yeri cəhənnəmin dərinliyindədir. Yaxşı və xeyirxah insanların kitabları isə onun tam əksinə olaraq Cənnətin ən yüksək yerindədir.
2. İkinci təfsir isə belədir: “Siccin” sözü öz məşhur və tanınmış mənasında, yəni bütün pis adamlar üçün nəhəng bir zindan olan Cəhənnəm mənasındadır. Yaxud da Cəhənnəmin ən sərt hissəsinə deyilir. “Günahkarların kitabı” dedikdə məqsəd onlar üçün nəzərdə tutulmuş son qərardır.
Bu səbəbdən ayənin tərcüməsi belə olacaq: “Pis insanların müəyyən olunmuş (qərara alınmış) sonluğu cəhənnəmdədir.”
“Kitab” sözü Qurani-kərimdə bu mənada az işlənməmişdir. O cümlədən, “Nisa” surəsinin 24-cü ayəsində “ərli qadınlar sizə haramdır” buyurduqdan sonra əlavə edir:
کِتابَ اللّهِ عَلَیْکُم
"Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı və qərara aldıqlarıdır."
“Ənfal” surəsinin 75-ci ayəsində oxuyuruq:
وَ اُولُوا الاَرْحامِ بَعْضُهُمْ اَوْلى بِبَعْض فِى کِتابِ اللّهِ
"Allahın kitabında yazılmış qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar."
Bu təfsiri təsdiq edən məsələlərdən biri də, “siccin” sözünün islami hədislərdə öz məşhur mənasında, yəni, “cəhənnəm” mənasında işlənməsidir.
Əli ibn İbrahimin təfsir kitabında deyilir:
اِنَّ کِتابَ الفُجّارِ لَفِی سِجِّین
"Onlar üçün qərara alınmış (yazılmış) əzab siccindədir (cəhənnəmdədir)."
İmam Baqirdən (əleyhis-salam) nəql olunmuş hədisdə də oxuyuruq:
اَلسِّجِّیْنُ الاَرْضُ السّابِعَهُ وَ عِلِیُّونَ السَّماءُ السّابِعَهُ
"Siccin yeddinci yer və yeddinci göyün qülləsidir. (Burada ən alçaq və ən yüksək nöqtələrə işarə olunur.)"
Çoxsaylı hədislərdən də başa düşmək olur ki, Allaha yaxınlaşmağa layiq olmayan əməllər süqut edib aşağı düşür və "Siccin"də qərarlaşırlar. Necə ki, Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan bir hədisdə deyilir:
اِنَّ الْمَلَکَ لَیَصْعَدُ بِعَمَلِ الْعَبْدِ مُبْتَهِجاً فَاِذا صَعِدَ بِحَسَناتِهِ یَقُولُ اللّهُ عَزَّوَجَلَّ اجْعَلُوها فِی سِجِّین اِنَّهُ لَیْسَ اِیّایَ اَرادَ فِیها!
"Bəzən mələk bir bəndənin əməlini sevincək səmanın yuxarılarına aparır. Onun xeyirxah işlərinin qaldırarkən Allah-taala buyurar: “Onu Siccinə endirin. Onun niyyəti mənim razılığımı qazanmaq olmamışdır."
Bu hədislərin məcmusundan görünür ki, “Siccin” Cəhənnəmin çox alçaq nöqtəsidir. Pis insanların əməllərini və ya əməl dəftərlərini orada saxlayırlar. Yaxud da həmin zindanda qalmaq onlar üçün yazılmışdır.
Bu iki təfsir arasında ortaq bir nəticəyə çatmaq da mümkündür. Beləliklə, “Siccin” sözü birinci təfsirdə pis insanların bütün əməllərinin külliyyatına deyilir. İkinci təfsirdə isə cəhənnəm və ya yerin ən aşağı qatı mənasında işlənmişdir. Aydındır ki, bunlar bir-birinin səbəb və nəticəsidirlər. Yəni, insanın əməl dəftəri pis insanların əməllərinin ümumi divanında yerləşdirilməyi səbəb olur ki, onun cəhənnəmin əl alçaq nöqtəsinə sürükləsin. (1)
Şərh qeydə alınmayıb