Qısa cavab:
Quran ayələrində qeyd olunur ki, günahkarlara əməl dəftəri arxa tərəfindən sol əlinə verilər. Bu ayəni belə təfsir etmək olar ki, zülmkar günahkarların əməl dəftərləri onların sol əllərinə verilərkən onlar xəcalət və zillətdən əllərini arxalarına tutacaqlar ki, günah və rüsvayçılıq sənədləri gözlərə daha az görünsün, lakin faydası yoxdur, orada heç nəyi gizlətmək mümkün deyil.
Ətraflı cavab:
Qurani-kərimin müxtəlif ayələrində bu suala cavab tapmaq olar. Allah-taala “İnşiqaq” surəsinin 10-cu ayəsində buyurur:
وَ اَمّا مَنْ اُوتِیَ کِتابَهُ وَراءَ ظَهْرِهِ
"Əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilən şəxs,"
Əməl dəftərinin onların başlarının arxasından necə verilməsi haqqında müxtəlif təfsirlər mövcuddur. Həmçinin, əməl dəftərlərinin onların sol əllərinə veriləcəyindən bəhs edən digər ayələrlə bu ayənin bir yerə necə toplanması haqqında təfsir alimlərinin müxtəlif izahları vardır.
Bir qrup alimə görə, onların sağ əllərini zəncirlə boyunlarına bağlayacaqlar. Əməl dəftərlərini sol əllərinə başlarının arxasından verəcəklər. Bu iş onların xar və başıaşağı olmalarını, üzüqaralığını göstərmək üçündür.
Bəzi təfsirçilər də belə hesab edirlər ki, onların hər iki əlini əsirlər kimi arxadan bağlayacaq və əməl dəftərlərini sol əllərinə verəcəklər.
Bəzilərinə görə isə “Nisa” surəsinin 47-ci ayəsinə əsasən bu dəstə günahkarların üzləri arxaya dönəcəkdir. Onlar mütləq öz əməl dəftərlərini özləri oxumalıdırlar. Ona görə də dəftəri arxadan onların sol əllərinə verəcəklər.
Sözügedən ayədə deyilir:
مِنْ قَبْلِ اَنْ نَطْمِسَ وُجُوهاً فَنَرُدَّها عَلى اَدْبارِها
"Bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən öncə..."
Lakin belə desək daha münasib olar: "Əshabul-yəmin" başıuca, fəxr və qürurla əməl dəftərlərini sağ əllərində tutub səslənəcəklər:
هاوُمُ اقْرَوُا کِتابِیَهْ
"Ey Məhşər əhli! Gəlin, bizim kitabımızı alın və oxuyun!" (1)
Amma zülmkar günahkarların əməl dəftərləri onların sol əllərinə verilərkən onlar xəcalət və zillətdən əllərini arxalarına tutacaqlar ki, günah və rüsvayçılıq sənədləri gözlərə daha az görünsün, lakin faydası yoxdur, orada heç nəyi gizlətmək mümkün deyil. (2)
Şərh qeydə alınmayıb