Qısa cavab:
Bu sözün mənası sərxoşluğa bənzər bir hal deməkdir. Bu hal hadisənin ağırlığından irəli gəlir və insanı şiddətli iztiraba salır, amma sərxoşluq deyil. Bu, bir keçid halıdır ki, mömin insan üçün də asan deyil. Çünki uzun illər bu bədənə öyrənmiş və ona bağlanmışdır.
Lakin şübhəsiz ki, bu dünyaya xüsusi məhəbbət bəsləyən insanların o dünyaya keçməsi ondan qat-qat çətin və sevdiklərindən əl üzmək daha çətindir.
Ətraflı cavab:
“Səkərat” sözü “səkrə” sözünün cəm formasıdır. Bu sözün mənası sərxoşluğa bənzər bir hal deməkdir. Bu hal hadisənin ağırlığından irəli gəlir və insanı şiddətli iztiraba salır, amma sərxoşluq deyil.
Söz yox ki, ölüm möminlər üçün daha geniş, ilahi nemətlərlə dolu bir dünyaya keçidin başlanğıcıdır, lakin bütün bunlarla belə, söylənilən keçid halı heç bir insan üçün asan deyil. Çünki uzun illər bu bədənə öyrənmiş və ona bağlanmışdır.
İmam Sadiqdən (əleyhis-salam) soruşdular:
− Nə üçün ruh bədəndən çıxarkən insan narahatçılıq hiss edir.
İmam (ə) buyurdu:
− Çünki bədən onunla birlikdə inkişaf etmişdir.
Bu, eynilə çürümüş dişi ağızdan çıxarmağa bənzəyir. Ayrılıq anı çətin olsa da, sonradan ağrısı kəsilir.
Bəzi hədislərdə oxuyuruq:
Üç gün insan üçün dəhşətlidir: Doğulduğu və tanımadığı bu dünyanı gördüyü gün, öldüyü və ölümdən sonrakı həyatı müşahidə etdiyi gün, məhşərə daxil olub bu dünyada olmayan hökmləri gördüyü gün. Allah-taala Yəhya ibn Zəkəriyyə haqqında buyurur:
وَ سلامٌ عَلَیْهِ یَوْمَ وُلِدَ وَ یَوْمَ یَمُوتُ وَ یَوْمَ یُبْعَثُ حَیّاً
"Salam və əmin-amanlıq olsun ona, o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, dirildilərək qaldırılacaq."
İsa ibn Məryəmin (əleyhis-salam) dilindən də buna bənzər sözlər nəql olunur. Bu üç gündə Allahın lütfü, inayəti bu iki peyğəmbərə şamil olur.
Lakin şübhəsiz ki, bu dünyaya xüsusi məhəbbət bəsləyən insanların o dünyaya keçməsi ondan qat-qat çətin və sevdiklərindən əl üzmək daha çətindir. Həmçinin günahları çox olan insanların ölüm vaxtı çətinlikləri daha ağır və daha şiddətlidir. (1)
Şərh qeydə alınmayıb