Qısa cavab:
Quran ayələrində bu məsələyə belə işarə olunur: “Siz həmin halda baxırsınız və əlinizdən heç nə gəlmir.”
Daha sonra əlavə edir: “Biz (və onun canını almaq üçün hazır olan mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.”
Ətraflı cavab:
Bu suala cavab vermək üçün “Vaqiə” surəsinin 83-87-ci ayələrinə müraciət etmək kifayətdir:
فَلَوْلا اِذا بَلَغَتِ الْحُلْقُومَ
"Belə isə nə üçün canınız boğaza çatan zaman onu qaytarmağa qadir deyilsiniz?"
وَ اَنْتُمْ حَینَئِذ تَنْظُرُونَ
"Siz həmin halda baxırsınız və əlinizdən heç nə gəlmir."
Daha sonra əlavə edir:
وَ نَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْکُمْ وَلکِنْ لاتُبْصِرُونَ
"Biz (və onun canını almaq üçün hazır olan mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz."
Sonra daha artıq təkid və məsələyə daha çox aydınlıq gətirmək üçün buyurur:
فَلَوْلا اِنْ کُنْتُمْ غَیْرَ مَدینینَ
"Əgər siz heç vaxt əməllərinizə görə cəzalandırılmayacaqsınızsa..."
تَرْجِعُونَها اِنْ کُنْتُمْ صادِقینَ
"Əgər doğru deyirsinizsə, həmin canı (öz bədəninizə) qaytarın!"
Bu ayələrin həqiqi məqsədi Allah-taalanın ölüm və həyat məsələsindəki qüdrətini açıqlamaq və bu yolla məad məsələsinə toxunmaqdır. Ayələrdə insanın can verən və ölüm anlarının seçilməsi insanın bu anlarda tamamilə aciz və zəif olmasına görədir.
Halbuki, insan özünü çox güclü sayır.
Bu ayələrin mənalarının tam şəkildə aydın olması üçün xəlifə Məmun Abbasinin ölüm saatlarına bir nəzər salsaq pis olmaz.
Məsudi “Murucuz-zəhəb” kitabında xəlifə Məmun və onun romalılarla müharibəsindən yazarkən bir hadisədən söz açır. Biz onun xülasəsini diqqətinizə çatdırırıq:
Abbasi xəlifəsi Məmun müharibədən qayıdarkən, Quşeyrə məntəqəsində “Buridun” adlı bir bulağa çatır və istirahət üçün orada mənzil salır. Bulaq suyunun şəffaflığı, sərinliyi və parlaqlığı, habelə o yerlərin yaşıllığı, füsunkar gözəlliyi onu valeh edir. Məmin əmr edir ki, oranın ağaclarından kəsib bulağın üzərində körpü kimi düzəltsinlər. Ağacların çubuqlarından və yarpaqlarından onun üzərini örtsünlər. O, orada dincəlir. Su onun ayaqları altından axırdı. Su o qədər şəffaf idi ki, Məmunun suya atdığı pul sikkəsinin yazısını onun dərinliyində yenə də oxumaq olurdu. O qədər soyuq idi ki, heç kəs əlini suya sala bilmirdi. Elə bu an uzunluğu bir arşın olan iri bir balıq göründü. Balıq sanki gümüşdən tökülmüşdü. Məmin dedi: “Hər kəs onu tutsa, ona bir qılınc bağışlayacam!”
Nökərlər, xidmətçilər bir-biri ilə rəqabətə girib balığı tutdular. Onu Məmunun yanına gətirəndə balıq möhkəm silkələndi, xidmətçinin əlindən çıxıb bir daş kimi suya düşdü. Su Məmunun sinəsinə, boğazına və çiyinlərinə sıçradı. Paltarı islandı. Xidmətçi təzədən aşağı düşüb balığı tutdu. Məmunun qarşısında onu dəsmalın içinə qoydu. Balıq çırpınırdı. Məmun balığı qızardıb hazırlamağı tələb etdi. Amma qəfildən onun canını titrəmək tutdu. Hərəkət edə bilmədi. Onun üstünü çoxlu yorğanla örtdülər.
Amma yenə də titrəyir və “Soyuq! Soyuq!” deyə bağırırdı. Onun üçün tonqal qaladılar. Amma o yenə də soyuqdan fəryad edirdi. Qızardılmış balığı onun üçün gətirdilər. O, hətta balıqdan dada da bilmirdi. Halı daha da ağırlaşandan sonra (saray təbiblərindən olan) Buxtyəşu və İbn Masəveyhdən kömək istədi. Ölüm ayağında idi. Buxtyəşu onun bir əlini İbn Masəveyh isə o biri əlini tutdu. Onun nəbzinin tamamilə adi haldan çıxdığını gördülər. Bu, fəna və həyatının sonundan xəbər verirdi. Bu halda onun bədənin xüsusi tər çıxırdı. Bu tər yağ kimi yapışqan idi. Bu iki təbib başlarını itirib etiraf etdilər ki, tibbi kitablarda belə bir şey görməyiblər. Lakin baş verənlər onun ölümünün yaxında olduğunu göstərir. Məmunun halı daha ağırlaşdı. O :
− Məni orduma tamaşa edə biləcəyim uca bir yerə çıxarın. Onların vəziyyətini öyrənmək istəyirəm. Amma gecə yaxınlaşırdı. O həmin yerdən öz ordusunun çadırlarına, onların qaladıqları ucsuz-bucaqsız tonqallara baxıb dedi:
یا مَنْ لایَزُولُ مُلْکُهُ اِرْحَمْ مَنْ قَدْ زالَ مُلْکُهُ
− Ey hakimiyyəti heç zaman sona çatmayan Allah! Hakimiyyəti bitmək üzrə olan birisinə mərhəmət et!
Daha sonra onu yatağına gətirdilər. Kəlmeyi-şəhadəti deməsi üçün başı üzərində bir nəfəri əyləşdirdilər. Qulaqları yaxşı eşitmirdi deyə həmin kişi səsini ucaltdı. İbn Masəveyh dedi: “Bağırma! And olsun Allaha, o, bu an Allahla Mani (1) arasında heç bir fərq qoymur.
Məmun gözlərini açdı. Gözləri indiyədək görünməyən bir şəkildə hədəqəsindən çıxmış, qızarmışdı. Əli ilə İbn Masəveyhi vurmaq istədi, amma bacarmadı. Sərt danışmaq istədi. Amma gücü çatmadı. Elə o an canını tapşırdı.
Bəlkə də onun bu xəstəliyi qabaqlar da olmuşdu. Bəlkə də bəzi tarixçilərin dediklərinə görə hər kəs o sudan içsəydi xəstələnirdi. Bəlkə də balıq özündən zəhərli maddə ifraz edirmiş. Nə olursa olsun fərqi olmadan o nəhənglikdə hakimiyyət və güc-qüdrətin sütunları bir neçə anda sökülüb dağıldı. Böyük müharibələrin qəhrəmanı ölüm qarşısında diz çökdü.
Heç bir kəs həmin an onun üçün heç nə edə bilməz, ən azından onu öz evinə çatdıra bilməzdi. Tarixin belə ibrətamiz hekayətləri saysız-hesabsızdır. (2)
Şərh qeydə alınmayıb