Qısa cavab:
“Vaqiə” surəsinin ayələrində ən azından yeddi belə nemət sayılır: Onlar bir sıraya düzülmüş və bir-birinə yapışmış taxtlar üzərindədirlər. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya (əyləşmişlər). Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan yeniyetmələr dolanacaq və onlara xidmət edəcəklər. Pak şərabla dolu qədəhlər, piyalələr və camları Cənnətin axar çaylarından doldurub onları sirab edərlər. Nə başları ağrıyar, nə də ağıllarını itirərlər. Və seçdikləri meyvələrlə…və meyilləri çəkən quş ətini… və hurilərdən olan gözəl həyat yoldaşları… Sədəfdə gizlənmiş inci kimi. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər. Orada eşidilən yeganə söz salam, salamdır.
Ətraflı cavab:
Bu suala cavabı “Vaqiə” surəsinin 15-26-cı ayələrindədir. Allah-taala bu ayələrdə ən azından yeddi nemət sayır.
Əvvəlcə buyurur:
عَلى سُرُر مَوْضُونَه
"Onlar bir sıraya düzülmüş və bir-birinə yapışmış taxtlar üzərindədirlər."
مُتَّکِئِینَ عَلَیْها مُتَقابِلِینَ
"Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya (əyləşmişlər)."
“Surur” sözü “sərir” sözünün cəm formasıdır. “Sərir” nemət sahiblərinin şənlik məclislərində əyləşdikləri taxtlara deyilir.
“Mövzun” sözü isə “vəzn” kəlməsindən götürülmüşdür. Əslində bu sözün mənası zireh toxumaq deməkdir. Sonradan ipləri möhkəm olan hər toxunmaya deyilir. Burada tam bir-birinin kənarına düzülmüş, bir-birinə yapışmış taxtlar nəzərdə tutulur. Yaxud da bəzi təfsir alimlərinin qeyd etdiyi kimi bu taxtların ləl-cəvahiratdan, yaqutdan və s. xüsusi toxunuşu var.
Bütün hallarda bu taxtların quruluşu və onların düzülüşü, eyni zamanda onların üzərində qurulan üns məclisləri və təşkil olunan şadyanalıqlar heç bir bəyanla vəsf oluna bilməz.
Qurani-kərim dəfələrlə Cənnətin taxtlarından və Cənnət əhlinin birlikdə təşkil etdikləri məclislərdən maraq doğuran təsvirləri göstərir ki, onların zövq aldıqları ən əhəmiyyətli nemətlərdən biri də sözügedən yığıncaqlar və dostluq məclisləridir. Görəsən, onlar şadlıq məclislərində nədən danışırlar? Heç kəs bunu dəqiq bilmir. Görəsən, onlar yaranışın sirlərindən danışır, yoxsa Allahın heyrətamiz yaratdıqlarından? Ola bilsin, Allahın gözəl sifət və adlarından, eləcə də onu tanımağın əsaslarından danışırlar? Yaxud da bu dünyada baş verən hadisələrdən ya da əlindən rahatlığa çıxdıqları dünya müşküllərindən? Bəlkə də bu dünyada bizim dərk edə bilmədiyimiz başqa məsələlərdən? Heç kəs bilmir.
Daha sonra onlara bəxş olunan ikinci böyük nemətdən bəhs açılır. Ayədə deyilir:
یَطُوفُ عَلَیْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ
"Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan yeniyetmələr dolanacaq və onlara xidmət edəcəklər."
“Yətufu” sözü də “təvaf” sözündən götürülmüş və onların mütəmadi xidmətlərinə işarə edir. “Muxəllədun” (əbədi) sözü, bütün Cənnət əhlinin orada daimi qalacağına baxmayaraq onların cavanlıqlarının, gözəllik və təravətlərinin əbədiliyini əks etdirir.
Bu yeniyetmələrin kim olduğu haqda müxtəlif təfsirlər var:
Bəzi təfsir alimlərinə görə, onlar dünya insanlarının həddi-buluğa çatmazdan öncə dünyadan gedən övladlarıdır. Onların heç bir pis və yaxşı işləri olmadığına görə, Allahın lütfü ilə belə bir məqama layiq görülmüşlər. Baxmayaraq ki, onlar öz işlərindən – Allah dərgahına yaxın olan insanlara xidmət etməkdən hamıdan çox zövq alırlar. Bu təfsir həzrət Əlidən (əleyhis-salam) nəql olunan bir hədis də öz əksini tapmışdır.
Digər təfsirə görə isə bu yeniyetmələr müşriklərin uşaqlarıdır ki, günahsızlıqlarına görə belə bir mərtəbədə qərar verilmişlər. Çünki möminlərin övladları öz ata və analarına qovuşacaqlar.
Üçüncü təfsirdə isə onların Cənnət xidmətçiləri olduqları deyilir. Allah-taala onları bu məqsədlə yaratmışdır.
Bu gözəl üzlü yeniyetmələr, pak şərabla dolu qədəhlər, piyalələr və camları Cənnətin axar çaylarından doldurub onları sirab edərlər.
بِاَکْواب وَ اَبارِیقَ وَ کَاْس مِنْ مَعِین
Amma bu şərablar ağıla pis təsir etmir, məstlik gətirmir. Cənnət əhli onu içəndə:
لایُصَدَّعُونَ عَنْها وَ لایُنْزِفُونَ
"Nə başları ağrıyar, nə də ağıllarını itirərlər."
Onlar yalnız vəsf olunmaz ruhani bir nəşə alarlar ki, bütün vücudlarını misilsiz ləzzət bürüyər.
Daha sonra Allah dərgahına yaxın olan adamların Cənnətdə maddi nemətlərinin dördüncü və beşinci qisimlərinə işarə edərək deyilir:
وَ فاکِهَه مِمّا یَتَخَیَّرُونَ
"Və seçdikləri meyvələrlə."
(Cənnət yeniyetmələri) onların istədikləri hər meyvəni onlara təklif edərlər.
وَ لَحْمِ طَیْر مِمّا یَشْتَهُونَ
"Və meyilləri çəkən quş ətini."
Meyvələrin ətdən öncə vurğulanmasıı qida kimi daha yaxşı olmasına görədir. Bundan əlavə, meyvə yeməkdən öncə xüsusi zövq verir.
Söz yox ki, Quranın digər ayələrindən də belə başa düşmək olur ki, Cənnət ağaclarının budaqları tamamilə Cənnət sakinlərinin əli çatan yerdədir. Belə ki, onlar meyilləri çəkən bütün meyvələrdən asanlıqla əldə edib yeyə bilərlər. Bu sözü digər Cənnət yeməkləri haqqında da demək olar. Lakin şübhəsiz, sözügedən xidmətçilərin belə bir nemətləri öz əlləri ilə təqdim etməsinin bir başqa lütfü və mənəvi ləzzəti var.
Başqa sözlə desək, bu, Cənnət əhli üçün bir növ daha artıq ehtiram və xidmət, onların yığışdıqları məclis üçün daha artıq canlanma və dəbdəbədir. Hətta bu dünyanın adi məclislərində də bəzən qonaqların qarşısında meyvə və yemək ola-ola ev sahibi öz əlləri ilə onlara şəxsən yemək təklif edir. Bu bir növ ehtiram və nəzakət sayılır. Ətlər içində quşların əti daha üstün sayılır. Həmin səbəbə görə, bu ətlərin üzərində təkid olunmuşdur.
Bir məsələyə diqqət etmək lazımdır ki, meyvə haqqında “yətəxəyyərun” (seçdikləri) sözü, ətlə əlaqədar isə “yəştəhun” (meyilləri çəkən) sözü işlənmişdir. Bəzi təfsir alimləri bu iki bəyan tərzi arasında fərq qoymaq istəsələr də nəzərə çarpır ki, onların hər ikisi başqa-başqa sözlərlə eyni məna daşıyır. Yəni, Cənnət əhli hansı qidanı bəyənsələr xidmətçilər tərəfindən ixtiyarlarına verilər.
Daha sonra altıncı nemətə − pak və gözəl zövcələrə işarə edərək buyurur:
وَ حُورٌ عِینٌ
"Və hurilərdən olan gözəl həyat yoldaşları (vardır)."
کَاَمْثالِ اللُّوْلُوِ الْمَکْنُونِ
"Sədəfdə gizlənmiş inci kimi."
“Hur” öncə qeyd etdiyimiz kimi “hura” və “əhvər” sözlərinin cəm formasıdır. Bu söz gözlərinin qarası tam şəkildə qara və ağ hissəsi ilə tamamilə şəffaf olan insana deyilir.
“Eyn” sözü isə “eyna” və “əyən” sözlərinin cəm formasıdır, “irigözlü” mənasında işlənir. İnsanın gözəlliyinin çoxu onun gözlərində olduğuna görə, bu məsələyə daha artıq təkid olunmuşdur.
Bəzilərinin dediyinə görə isə “Hur” sözü “heyrət” sözündən götürülmüşdür. Yəni, gözlər onları görəndə heyran olar.
“Məknun” sözü isə “gizlənmiş” və “örtülü” deməkdir. Burada sədəf içincə örtülməsi nəzərdə tutulur. Mirvari nə qədər ki, sədəfin içindədir və ona əl dəyməmişdir, həmişəkindən daha şəffaf və daha gözəldir. Həmçinin, sözügedən ifadəni belə izah etmək olar ki, onlar başqalarının gözündən tamamilə məxfidir, nə bir onlara dəymişdir, nə də bir göz onları görmüşdür.
Bu altı cismani (maddi) neməti qeyd etdikdən sonra əlavə edir:
جَزاءً بِما کانُوا یَعْمَلُونَ
"Bunların hamısı (dünyada) etdikləri (saleh əməllərin) mükafatıdır."
Bir məsələyə təkid olunur ki, bu saysız-hesabsız Cənnət nemətlərinin hesab-kitabsız insanlara verildiyi təsəvvür olunmasın. Həmçinin, təsəvvür olunmamalıdır ki, iman və saleh əməllər haqqında quru iddia bu nemətlərə nail olmaq üçün kifayətdir. Xeyr, bu lütflərə tuş gəlmək üçün davamlı və xalis əməl lazımdır. (Diqqət olunmalıdır ki, “yəməlun” sözü əməllərin davamlı olmasına işarədir.)
Onlara bəxş edilən yeddinci və sonuncu nemət mənəvi xarakter daşıyır:
لایَسْمَعُونَ فِیها لَغْواً وَ لاتَاْثِیماً
"Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər."
Orada nə yalan, böhtan və iftira var, nə də istehza və qeybət. Nə dil ilə sancmaq, nə ürək ağrıdan atmacalar, nə yersiz, əsassız və bihudə sözlər. Olanlar lütf, nəzakət, gözəllik, mətanət, ədəb və paklıqdan ibarətdir. Çirkin sözlər olmayan mühit nə qədər də gözəldir. Düzgün fikirləşsək, bizim bu dünyada olan narahatçılıqlarımızın çoxu da həmin puç və günah sözlər, dil yarası və atmacalardan irəli gəlir.
Ayənin sonunda əlavə edir:
اِلاّ قِیلاً سَلاماً سَلاماً
"Orada eşidilən yeganə söz salam, salamdır."
Bu salam Allahın tərəfindəndir, yoxa mələklərin? Bəlkə Cənnətin sakinləri bir-birlərinə salam verirlər? Bəlkə də onların hamısı? Bu təfsirlərin içində ən uyğun və münasibi sonuncudur. Belə ki, Quranın digər ayələrində də Allahın, mələklərin və Cənnət əhlinin bir-birinə olan salamlarına işarə olunmuşdur.
Bəli, onlar salamdan başqa bir şey eşitməzlər. Həmin dostluq və məhəbbətlə dolu təntənəli məclislərində Allahın və onun müqərrəb mələklərinin salamı, eləcə də özlərinin bir-birinə salam və alqışlarını eşidərlər.
Onların mühiti salam və salavatla doludur. Bu məsələ onların bütün vücudlarına hakimdir. Dillərindən nə çıxsa, ona aiddir. Onların bütün söhbətləri və bəhsləri salam, sülh və səmimiyyətlə sona çatır.
Ümumiyyətlə, Cənnət “Darus-səlam”, yəni salamatlıq, əmin-amanlıq evidir. Necə ki, “Ənam” surəsinin 127-ci ayəsində oxuyuruq:
لَهُمْ دارُ السَّلامِ عِنْدَ رَبِّهِمْ
Şərh qeydə alınmayıb