Qısa cavab:
Yoxluq mənasında olan ölümün çöhrəsi insan üçün heç bir zaman xoşagələn olmamışdır. İnsan bütün vücudu ilə ondan qaçıb və qaçmaqdadır. Ölülərin cəsədini mumiyalamaqla saxlamaq üçün göstərilən səylər, Misir ehramları kimi “əbədi” məqbərələr inşa etmək, dirilik suyu, cavanlıq iksiri və ömrü uzadan hər şeyin arxasınca qaçmaq, insanın yaşamağa atəşli məhəbbətinə əyani sübutdur.
Ətraflı cavab:
Əgər insan fəna (yoxluq) üçün yaradılsaydı, fəna eşqi ilə yaşamalı, ölümdən – vaxtında və ömrün sonunda olsa da zövq almalı idi. Halbuki, yoxluq mənasında olan ölümün çöhrəsi insan üçün heç bir zaman xoşagələn olmamışdır. İnsan bütün vücudu ilə ondan qaçıb və qaçmaqdadır. Ölülərin cəsədini mumiyalamaqla saxlamaq üçün göstərilən səylər, Misir ehramları kimi “əbədi” məqbərələr inşa etmək, dirilik suyu, cavanlıq iksiri və ömrü uzadan hər şeyin arxasınca qaçmaq, insanın yaşamağa atəşli məhəbbətinə əyani sübutdur.
Biz ölüb yox olmaq üçün yaradılsaydıq ölməzliyə olan sevgiyə nə ad vermək olar? Ziddiyyətli, ən azından mənasız və puç bir sevgi...
Biz məad bəhsini Həkim və Alim Allahın vücudunu qəbul edəndən sonra davam edirik. Etiqadımıza görə, o, bizim vücudumuzda nə yaratmışdırsa, hesab-kitab üzündəndir. Bu səbəbdən ölməzliyə olan sevginin də müəyyən mənası var. Bu sevgi bu dünyadan sonrakı yaranış və aləmlə uyğunluqdur.
Başqa sözlə desək, yaranış qanunu bizim vücudumuzda susuzluq yaradırsa bu, kənarda suyun olmasında xəbər verir. Həmçinin, insanın vücudunda olan cinsi istəklər və müxalif cinsə olan sevgi xaricdə müxalif cinsin olmasına bir əlamətdir. Əks təqdirdə, bir kəsi məftun etmədən cazibədar olmağın bu təbiətin qanunları ilə heç bir uyğunluğu yoxdur.
Digər tərəfdən, bəşər tarixini ən uzaq dövrlərdən və ən qədim zamanlardan bu yana araşdırsaq, insan övladının ölümdən sonrakı həyata güclü etiqadı haqqında saysız-hesabsız faktlara rast gələrik. Qədim dövrlərdə, hətta bizim eradan öncə yaşamış insanlardan bu gün bizə gəlib çatmış tarixi abidələr və əsərlər, xüsusilə ölülərin dəfn olunma tərzinə, qəbir düzəltmə formasına, hətta əşyaların ölülərlə birlikdə dəfn olunmasına dair faktlar onların agah olmayan vicdanları daxilində ölümdən sonrakı həyata inancın yatdığına canlı şahiddir.
Bütün bunlar göstərir ki, bu xalqlar ölümdən sonrakı həyatı qəbul etsələr də, onu yanlış izah edir və inanırdılar ki, o həyat eynilə bu həyata bənzəyir.
Hər bir halda, bu qədim köklü etiqadı sadə təsəvvür etmək, yaxud hər hansı bir təlqin və ya ənənənin təsiri saymaq olmaz.
Üçüncü tərəfdən də, insanda vicdan adlı daxili məhkəmənin olması axirət məsələsinin fitri olmasına dair bir sübutdur. Hər insan xeyirxah işləri ilə əlaqədar vicdanının daxilində rahatlıq hiss edir. Bu rahatlıq və sakitliyi heç bir sözlə, qələmlə vəsf etmək mümkün deyil.
Əksinə, günahlarla, xüsusilə də böyük cinayətlərlə əlaqədar insan narahatçılıq hissi keçirir. Çox vaxtlar belə bir şəxs hətta intihara cəhd edə, yaxud özünü cəzaya və dar ağacına təslim edə bilər. O, bunun səbəbini “vicdan əzabından qurtarmaq” kimi izah edir.
Belə yerdə insan özündən soruşa bilər: Mənim vücudum kimi kiçik bir aləmdə belə bir məhkəmə necə ola bilər? Halbuki, böyük aləm belə bir vicdan və məhkəmədən xalidir?
Bunları nəzərə almaqla məad – ölümdən sonrakı həyat məsələsi müxtəlif yollarla bizə aydın olur:
–İnsanların ölməzliyə olan ümumi sevgiləri yolu ilə.
–Bu inancın bəşər tarixi boyu olmasından.
–Həmçinin, onun kiçik nümünisinin insanın daxilində olmasından. (1)
Şərh qeydə alınmayıb